Agentliyin yaradılması QHT sektorunda yeni mərhələnin başlanğıcı olacaq

Agentliyin yaradılması QHT sektorunda yeni mərhələnin başlanğıcı olacaq

  instaqram AZpress.AZ

  facebook 

“Dövlət tərəfindən vətəndaş cəmiyyəti təşkilatlarına daha çox diqqət ayrılacaq, QHT-lərin maliyyə imkanlarının  və resurslarının artırılması gözlənilir”.

 
Bu fikirləri “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılmasına münasibət bildirərkən deyib.

 
Ekspert qeyd edib ki, son zamanlar aparılan islahatların məqsədindən biri də  ictimai nəzarətin inkişaf etdirilməsi və bu sahədə yeni çağırışlara adekvat cavab verməkdir.

 
“Qeyd olunan islahatların həyata keçirilməsində əsas  aktorlardan  biri də vətəndaş cəmiyyəti təşkilatlarıdır.
 

Prezident İlham Əliyev hər zaman qeyri-hökumət təşkilatların fəaliyyətinə xüsusi önəm vermiş və görüşlərində dəfələrlə ictimai nəzarətin vacibliyini, eyni zamanda müxtəlif tədbirlər planına QHT-lərin cəlb olunmasının vacibliyini qeyd etmişdir”.

 
Hüseynzadənin fikrincə, ölkədə aparılan islahatlar və yeni çağırışlar nəticəsində bütün sahələrdə olduğu kimi, QHT sektorunda da yeni idarəetmə mexanizmlərinin yaradılması günün vacib tələblərindən biridir:
 

“Bununla bağlı Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb.
 

Fərmanla Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bazasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi yaradılır.

 
Fərmanın giriş hissəsində qeyd edilib ki, “Ötən dövr ərzində qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyətinin inkişafında fəal rol oynamış, ölkənin milli maraqlarının qorunmasında, müxtəlif sahələr üzrə dövlət proqramlarının icrasında, həmçinin cəmiyyət həyatının bir sıra sahələrində yaranan problemlərin həllində yaxından iştirak etmişlər”.

 
Ötən dövrün təcrübəsi və əldə olunan nəticələrin təhlili bu sahədə fəaliyyətin daha təkmil əsaslar üzərində qurulmasını tələb edir.
 

Sirr deyil ki, QHT-lər tərəfindən müxtəlif fəaliyyətlərlə bağlı dəfələrlə məsələlər qaldırılıb və QHT sektorun inkişafı üçün bəzi addımların atılmasının vacibliyi qeyd edilib.

 
Hesab edirəm ki, yeni agentlik vətəndaş  cəmiyyətinin dayanıqlı inkişafına töhfə verəcək.  QHT Şurasından fərqli olaraq, Agentliyin xeyli üstün hüquqları var. Öncə onu qeyd etmək lazımdır ki, Şuranın hüquqi statusunda qeyri-müəyyənlik var idi. Yeni yaradılan Agentliyin hüquqi statusu daha üstündür.  Belə ki, Agentlik  vətəndaş cəmiyyətinin inkişafı üçün əlavə hüquq və vəzifələr həyata keçirlməsinə səlahiyyətli olacaq.
 

Cənab Prezidentə təşəkkür edirik ki, QHT-lərin fəaliyyətinə əsas dəstək verəcək Agentliyin 1 ay müddətində inzibatı bina ilə təmin olunmasını da müvafiq quruma tapşırıb”.

 
C.Hüseynzadənin fikrincə, yeni Agentlikdə idarəetmə ilə bağlı dəyişikliklər Müşahidə Şurası üzvlərinin hüquqlarını artırmaqla yanaşı, həmin üzvlərin məsuliyyət məsələsini də əhatə edir.
 

“Cənab Prezident Müşahidə Şurasının 8 üzvünü QHT nümayəndələrindən təyin etməklə, idarəetmədə  vətəndaş cəmiyyətinə üstünlük vermişdir.
 

Yeni yaradılan Agentliyin Nizamnaməsinə diqqət etsək görürük ki, bu agentliyə yeni və vacib səlahiyyətlər verilib. Bunlardan biri də qeyri-hökumət təşkilatlarının ictimai nəzarət sahəsində fəaliyyətini təşviq etməkdir. Son zamanlar  ictimai nəzarətin daha yaxşı təmin olunması ilə bağlı narahatçılıqların meydana gəldiyi məqamda bu məsələnin önə çəkilməsi çox vacibdir”.

 
İctimai birliyin sədri  qeyd edib ki, Agentliyin yeni səlahiyyətləri sırasında müvafiq sahədə peşəkar mütəxəssislər hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsini təmin etmək diqqət çəkən məqamlardan biridir.
 

“Uzun müddətdir bu sahədə peşəkarlıqla bağlı narahatçılıqlar səslənirdi.  Ümid edirik ki, yeni yaradılan Agentlik xarici təcrübəni tətbiq etməklə bu problemin də aradan qaldırılmasına  töhfə verəcək”.

 
“Şuradan fərqli olaraq, yeni QHT-lərə Dövlət Dəstəyi Agentliyinin əlavə maliyyə mənbələrinin formalaşdırlması hüquqi da olacaq. Bu məqsədlə  qrantlar, kreditlər və s. cəlb olunması mümkündür” deyən ekspertin sözlərinə görə, Agentliyin bir vacib funksiyası da  dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair layihələrin həyata keçirilməsində özəl sektorun iştirakını təşviq etmək olacaq.
 

“Bu problemlər bağlı QHT-lər dəfələrlə müvafiq qurumlar qarşında vəsatətlər qaldırsalar da, təəssüf ki, nəticəyə nail olunmayıb.
 

Agentliyin nizamnaməsi eyni zamanda,  qurumun idarə, filial və nümayəndəliklərinin yaradılmasına imkan verir”.
 

QHT sədrinin sözlərinə görə, bu reallaşarsa region QHT-lərin inkişafı üçün mühüm töhfə ola bilər.

 
“Agentliyin vacib vəzifələrindən biri də onun fəaliyyətinə dair illik hesabatı Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi olacaq. QHT sektoru ilə bağlı vəziyyət haqqında təqdim ediləcək hesabat həm Agentliyin, həm də tərəfdaş QHT-lərin məsuliyyətini xeyli artırmaqla, ölkədə vətəndaş cəmiyyətinin daha da güclənməsini şərtləndirəcək”, - Cəsarət Hüseynzadə qeyd edib.

 
Yeni yaradılan qurumdan gözəntilər də böyükdür. Ekspert Agentliyin QHT-lər ilə birlikdə vətəndaş cəmiyyətinin fəaliyyəti üçün yeni və daha münbit şəraitin yaradılmasına öz dəstəyini göstərəcəyinə ümid etdiyini bildirib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]