BDU-da Erməni yalanları: Tarixdən günümüzə mövzusunda dəyirmi masa keçirilib - FOTO

BDU-da “Erməni yalanları: Tarixdən günümüzə” mövzusunda dəyirmi masa keçirilib - FOTO

Bu gün Bakı Dövlət Universitetində (BDU) “Erməni yalanları: Tarixdən günümüzə” mövzusunda onlayn dəyirmi masa keçirilib. Dəyirmi masanı giriş sözü ilə açan BDU-nun rektoru Elçin Babayev hər il aprelin 24-də ermənilərin bütün dünyada heç bir tarixi fakta söykənməyən qondarma ”erməni soyqırımını” “qeyd etdiyini” xatırladaraq, əksinə, tarixi mənbələrin 1915-ci ildə baş verən hadisələr zamanı məhz ermənilərin silahsız, əliyalın türklərə qarşı divan tutduğunu bildirib. Ümumiyyətlə, hər il aprelin 24-ü öncəsi bu mövzu ətrafında bir ajiotaj müşahidə olunur. Erməni lobbisi təmsil olunduğu ölkələrdə fəaliyyətə keçir, bu saxta tarix ətrafında siyasi “şou” təşkil edir. Dünyanın bir sıra hegemon dövlətləri maraqlarında olduğu üçün, güclü Türkiyə Cümhuriyyətinə qarşı erməni məsələsini, erməni yalanlarını siyasi alət kimi ortaya atırlar. ABŞ Prezidentinin bu ilin aprelin 24-də səsləndirdiyi bəyanatında 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətləri təhrif etməsi də bir daha dünyanın ikili siyasətini, beynəlxalq hüququ özlərinin maraqlarına qurban verdiklərini təsdiqləyir.
 

Rektor vurğulayıb ki, hər zaman bir-birinin yanında olan iki qardaş ölkə – Azərbaycan və Türkiyə “erməni soyqırımı”nın uydurma mif olduğunu bütün dünyaya, xüsusilə erməni yalanlarını təzyiq vasitəsinə çevirən dövlətlərə sübut edəcəklər. Biz hər zaman Türkiyənin mövqeyini dəstəkləyirik və onunla birlikdəyik. 44 günlük Vətən müharibəsində birlikdə olduq, bundan sonra da Azərbaycan və Türkiyə bir-birinin yanında olacaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müxtəlif görüşlərdə dəfələrlə vurğuladığı kimi, əgər Ermənistan yenidən təxribatlar törətməyə çalışsa, bunun qarşısı qətiyyətlə alınacaqdır.
 

Dəyirmi masada daha sonra Milli Məclisin komitə sədri, BDU-nun kafedra müdiri Ziyafət Əsgərov, Milli Məclisin komitə sədri, BDU-nun kafedra müdiri Hicran Hüseynova, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, BDU-nun professoru Şahlar Əsgərov, Milli Məclisin üzvü, BDU-nun professoru Musa Qasımlı, BDU-nun kafedra müdiri Rüstəm Məmmədov, BDU-nun professoru, əməkdar jurnalist Qulu Məhərrəmli, Hüquq fakültəsinin dekanı Əmir Əliyev, BDU tələbələri adından Tarix fakültəsinin tələbəsi Əli Babazadə çıxış ediblər. Çıxışlarda qondarma erməni soyqırımı məsələsinə tarixin öz qiymətini verdiyini, erməni iddialarının, əslində, heç bir fakta əsaslanmadığı bildirilib. ABŞ prezidentinin fikirlərinin heç bir siyasi və hüquqi məna kəsb etmədiyi, qardaş Türkiyəyə siyasi təzyiq vasitəsi olduğu, ancaq bunun heç bir nəticə verməyəcəyi qeyd olunub.
 

Vurğulanıb ki, həmin vaxt milli və dini mənsubiyyətinə görə minlərlə türk-müsəlman kəndləri yandırılıb, on minlərlə dinc sakin qətlə yetirilib. Diqqət yetirsək, görərik ki, bütün bu qırğınların hamısı 1915-ci ilin aprelinə qədər olub, ermənilər tərəfindən türklərə və müsəlmanlara qarşı törədilib. Erməni silahlıları dinc türkləri, müsəlmanları qırıblar, o yerlərdə yaşayan ermənilər hökumət orqanlarına hücum edib, ölkəyə, rəsmi hakimiyyətə qarşı qiyam qaldırıblar. ABŞ Prezidenti tərəfindən 1915-ci il hadisələri ilə bağlı aprelin 24-də həqiqətləri əks etdirməyən açıqlamanın verilməsinin təəccüb və təəssüf doğurduğu və qərəzli mövqe sərgilədiyi qeyd edilib.
 

Tədbirdə qondarma erməni soyqırımı ilə bağlı bəyanatın hazırlanması və müxtəlif dillərə tərcümə olunaraq dünaynın aparıcı təhsil müəssisələrinə, beynəlxalq təşkilatlara ünvanlanması, eləcə də erməni yalanlarına akademik səviyyədə qiymətin verilməsi, qondarma soyqırımın elmi əsaslarla ifşa edilməsi, erməni təcavüzləri haqqında sistemli iş aparılması üçün BDU-da İşçi Qrup yaradılması haqqında qərar qəbul edilib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]