Qardaş Ölkələr foto-sərgisi(+FOTO=20)

“Qardaş Ölkələr” foto-sərgisi(+FOTO=20)

Aprelin 27-də “Azərkitab” Kitab Təbliğatı Mərkəzində Kuzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) Bakı nümayəndəliyinin mədəniyyət və təhsil attaşesi, tanınmış fotoqraf Tevfik Ulualın “Qardaş ölkələr” adlı fotosərgisi keçirildi.
AZpress.AZ xəbər verir ki, Tevfik Ulualın “Qardaş ölkələr” adlı ilk fərdi yaradıcılıq sərgisi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümə həsr olunub. Sərginin təşkilatçısı Aygün İsgəndərova, layihə rəhbəri isə Elnurə İsgəndərovadır. Sərgi Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bakı təmsilçiliyi, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi və “Azərkitab” Kitab Təbligatı Mərkəzinin dəstəyi ilə baş tutdu. Sərgidə nümayiş etdirilən əsərlərin sayı 44 günlük Qarabağ Zəfər Qələbəmizə uyğun olaraq 44 ədəddir.Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsiylə başladı. Layihə rəhbəri Elnurə İsgəndərova tədbiri giriş sözü ilə açaraq sərgi-tədbir haqqında qonaqlara geniş məlumat verdi.
Daha sonra çıxış üçün sözü Türkiyə Cümhuriyyətinin ölkəmizdəki səfiri Cahit Bağcıya verdi. Cahit bəy Türkiyə-Azərbaycan qardaşlığından, Qarabağ zəfərindən geniş söhbət açaraq 44 günlük Qarabağ Zəfər Qələbəsinə həsr edilən 44 ədəd əsərdən ibarət sərginin açılmasını da yüksək qiymətləndirdi. “Bu qələbə Azərbaycanda olduğu qədər Türkiyədə də çox yüksək coşqu ilə qarşılandı. İnsanlar bu sevinci göz yaşı ilə göstərdilər. Bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edirəm. Bu torpaqların geri qaytarılması bizi çox sevindirdi. Düşünürəm ki, bu sərgi iki qardaş ölkə arasında isti münasibətləri bir az da yaxşılaşdıracaq”, – deyə səfir bildirdi.Daha sonra Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Azərbaycan üzrə təmsilçisi Növber Ferid Veçhi xanım bu sərginin Azərbaycanın ümumilli lideri Heydər Əliyevin ömür-gün yoldaşı Zərifə xanımın doğum gününə həsr edildiyini bildirərək, onu yüksək qiymətləndirirdi.“Pandemiya səbəbindən ara verdiyimiz tədbirləri ilk olaraq bu sərgi ilə davam etdik”, – deyə Növber xanım Kuzey Kıbrısla Türkiyənin və Azərbaycanın ayrılmaz bir can olduqlarını dilə gətirdi.Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da öz növbəsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətlərindən xalqımız üçün əvəzolunmaz xidmətlərindən geniş söz açaraq tədbir iştirakçılarına ətraflı məlumat verdi. Tevfik bəyi təbirk edərək sərgini yüksək qiymətlərdirdi.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli öz çıxışında Qarabağ zəfərindən, qardaş ölkənin bizə olan dəstəyindən, ölkələrimiz arasında belə tədbirlərin əhəmiyyətindən, vacibliyindən söz açdı və Tevfik bəyi bu uğuru səbəbi ilə təbrik edib uğurlar arzuladı.
“Azərkitab” Kitab Təbliğatı Mərkəzinin layihə rəhbəri Sabir Həsənov öz çıxışında belə gözəl, önəmli tədbirə ev sahibliyi etməkdən məmnunluq hissi duyduğunu bildirdi və eyni zamanda Tevfik bəyi təbrik etdi.
Tevfik Ulual çıxışında bildirdi ki, 2008-ci ildən fotoqraflıqla məşğul olur. 2019-cu ildən etibarən isə Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bakı təmsilçiliyində mədəniyyət və təhsil attaşesi olaraq fəaliyyətə başlayıb. “Bu müddətdə Bakıdakı gözəl yerlərin fotolarını çəkdim. Daha sonra Kıbrısdakı və Bakıdakı fotoçəkilişlərimi birləşdirərək “Qardaş ölkələr” adlı sərgi təşkil etməyi planlaşdırdıq. Bu sərgi vasitəsilə hər iki ölkəni bir-birinə – həm Azərbaycana Kıbrısı, həm də Kıbrısa Azərbaycanı tanıtmaq baxımından maraqlı bir iş olacağını fikirləşirəm. Belə mədəni sənət işlərinin ölkələrimiz arasında qardaşlıq bağlantısının inkişafı baxımından gözəl bir ilmək atacağını düşünürəm”, – deyə bildirdi.
Sonda Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bakı təmsilçiliyi və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən Tevfik Ulual və Elnurə və Aygün İsgəndərovalar Teşekkür Belgesi və Fəxri Fərmanla təltif olundular. 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]