Eluca Atalı: Əks-sədanın ilk mənbəyi - FOTO

Eluca Atalı: Əks-sədanın ilk mənbəyi - FOTO

Səadət Kərimi: Əks-səda: Qarabağ, Təbriz və İrəvan şahidlərin hekayətlərində. - İsveç, Diktonius Text, 2020.; 213s.)


(Saadat Karimi: Efterdyningar: Ögonvittnen berättar om Karabach, Tabriz och Jerevan. - Sverige, Diktonius Text, 2020.; 213s.)
 

Umeo universitetinin riyaziyyat üzrə elmlər doktoru Səadət Kəriminin müəllifi olduğu bu kitab, sözün həqiqi mənasında dərdlərimizin tərcümanı sayıla bilər. Kitabın məğzini və mahiyyətini açıqlamazdan əvvəl demək istəyirəm ki, müəllifin bu çap məhsulunda tək özünün yazdığı tarixi elmi araşdırma və esselərindən savayı, həm də tərcümə əsərləri toplanmışdır. Yəni, yazar xanım kitabda  məhsuldar əməyini iki formada ortaya qoymuşdur - müəlliflik və tərcümə işini. Lakin mahiyyət baxımından kitabın içindəki mövzuları bir xətt birləşdirir: Azərbaycan nədir? - sualına cavab axtaranlara bir antologiyanı oxumaları ilə yardımçı ola bilsin. Mütərrəqi təşəbbüsdür, elə deyilmi?
 

İkinci bir tərəfdən, kitab, haqqında bəhs edilən yurdumuzun ruhani xəritəsi ilə bağlı tək tarixi yox, eyni zamanda ictimai-siyasi, etnoqrafik baxımdan da müşküllərimizə ayna tutmuş olur. Kitabın adı və üz qabığında olan foto oxucunu - istər türk oxucusu olub üz qabığındakı olaydan xəbərdar olanları, istərsə də tarixi Xocalı soyqırımından xəbərsiz olan yaddilli oxucunu, bir qayda olaraq kitabın içində onu surpiriz gözləmədiyini vəd edərək, onu mövzu üzrə psixoloji olaraq kökləyir. Yuxarıda qeyd etdiyim kimi, bu gün işğal altında olan İrəvan, Təbriz və bir hissəsi işğalçı ermənilərdən geri alınmış Qarabağla bağlı informasiyaları ilk növbədə kitabın üz qabığından almaq mümkündür. Nədən müəllif kitabı işğalda olan yurd yerlərimizin adı ilə adlandırmışdır? Bu yerdə mənlə razılaşmasanız belə, deməliyəm ki, bu suala ən çox Azərbaycandan kənarda yaşayan oxucular doğru-dürüst cavab verə bilərlər. Çünki Azərbaycanla bağlı informasiya savaşında ən çox dara düşdüyümüz hal, yurdumuzla bağlı tarixi faktlar əsasında elmi, publisistik, tarixi-bədii romanların əlimizdə lazımı qədər olmamasıdır. İngilis dilini çıxmaq şərti ilə digər dillərdə haqqında bəhs etdiyim tipdə informasiya mənbəyi, əsasən də kitab yetərincə deyil. Əslində ingilis dilində belə qədərincə bu növ əsərlər yoxdur. "Türk tarix yaradıb, amma yazmayıb!" deyimi, nə heyif ki, burda yerini tapmış olur. Bir məsələni də etiraf etməliyəm ki, müəllifin münaqişəli yurdumuzla bağlı kitabı ortaya qoyması, onun hünər sahibi olmasından xəbər verir. Uzun müddətdir İsveçdə yaşayan, ictimaiyyətçi bir xanım bilməmiş deyil ki, türk millətinin bu mövzuda sanballı çap məhsulunu üzə çıxarması onun çapdan sonrakı karyerası üçün maneələr törədə bilər. Müəllifi yaxından tanıdığım üçün bilirəm ki, o əsl ziyalı kimi hərəkət edərək həqiqətin yanında olmağı hər şeydən üstün tutub.
 

Kitabla bağlı səyahətimizi dərinləşdirərək, üz qabığı və müəllif haqda düşüncə və qənaitimizi sizlərlə bölüşdükdən sonra, kitabın içinə baş vuraq. Amma bu yerdə yenə bir haşiyə çıxmaq istərdim. Səadət xanımın bu ağır əməyinin məhsulunu müəlliflik baxımından təhlil edərkən, mən istər-istəməz onu orta əsr dəqiq elm sahəsinin alimləri ilə müqayisə etməyə bilmədim. İxtisasca riyaziyyatçı olan alimimizin tarixi, ictimai-siyasi olayları dərindən araşdırması, ədəbiyyatı, toponimləri öyrənməsi, etnoqrafiyanı, coğrafiyanı, türkoloji məsələləri bilib, kitabda ustaca bəhrələnməsi adamda heyrət yaradır. Elmi təsnifatın 200-dən artıq növü var, qəribədir ki, elmi təsnifləşdirənlərin əksəriyyəti dəqiq elmin mütəxəssisləri olub və qədim dövr elmi təsnifatların yarandığı ilkin başlanğıcda riyaziyyatı musiqi ilə bir yerdə və ya ədəbiyyatı riyaziyyatla eyni sırada qoyanlar çox olmuşdur. Mənim qənaətimə görə, bu ən çox elmi təsnifatçıların öz bilik hazırlıqlarından xəbər verirdi. Qəribədir ki, mən bu kitabı oxuyarkən Səadət xanımı tək riyazi savada malik olan birtərəfli şəxs kimi görmədim, onun humanitar elmə dəqiq elmlər qədər diqqət ayırdığını hiss etdim.
 

Az qala milli taleyüklü məsələmizə çevrilmiş "Sarı gəlin" xalq mahnımızımüəllif öz araşdırmalarından olan "Sarı gəlin" (Bruden i gult) essesi vasitəsi ilə erməni əlindən geri alıb orta əsr mədəniyyət tariximizə qaytarır. Mahnının yaranma kökünü Şah İsmayıl Xətai dövrünə aparan müəllif, essedə tək mahnı ilə bağlı məlumat verib durmur, o eyni zamanda ilk abzaslardan Bütöv Azərbaycan haqqında tarixi-coğrafi bilgini oxucuya çatdırmaqla, bu mahnının niyə böyük bir ərazini gəzdiyini ustacasına şərh edir. Həm də mahnının geniş mətnini kitabda yerləşdirmişdir. Bəlkə də, bütün bunlar bizim bildiyimizdir, deyəcəksiniz. Amma nəzərə alın ki, "Sarı gəlin" haqqında xarici oxuculara külli miqdarda yalnış məlumat və faktlar vermiş ermənilərin informasiyasını darmadağın etməkdən ötrü müəllifinhər bir kəlməsinə diqqət edərək yazdığı bu əsəri biz beyni yanlış informasiyadan qatma-qarışıq anbara çevrilmiş İsveç ictimaiyyətinə tərəddüdsüz təqdim edə bilərik.
 

"Ermənilər və Qarabağ" məqaləsinin ilk cümləsini haqqında bəhs etdiyi mövzuda dünyanın obyektiv baxışı olmadığından təəssüflənən müəllif, böyük ustalıq nümayiş etdirərək dünya tarix elmində ermənilərə olan dəqiq baxışları misal çəkərək öz fikirlərini şərh etmişdir. Müəllifdən fərqli olaraq, mən bu yerdə qeyd etmək istərdim ki, əslində dünyanın ədalət ölçüsü yoxdur.  Bizim görmək istədiyimiz məhz budur. O ölçü həqiqəti dərk etməklə yaranır. Amma bizə qarşı həqiqətə uyğun hərəkət etməyən dünya ədalət hissini itirmişdir. Qəribədir ki, müəllif ermənilərin "qədim tarixinin varlığını" arxeoloji tapıntılarla, faktlarla yalan olduğunu ortaya qoyduqdan sonra, amerikan alimlərinin obyektiv rəyləri ilə razılaşmayan ermənilərin onları bu günkü Ermənistana buraxmadıqlarını vurğulayır.
 

"Vandalizmin açıq muzeyi" (Utomhusmuseum av vandalism) məqaləsi İrəvanın mənimsənilməsinin böyük bir plan üzrə baş tutduğunu dəqiq faktlar və hadisələrlə şərh edir. Qərbi Azərbaycanın coğrafi relyefini, tarixini, şəhərsalma mədəniyyətini yazmaqla İrəvanın bizim üçün nə qədər önəmli bir yurd yeri olduğunu önə çəkmək müəllifin nəzərdə tutduğu əsas məsələdirsə, bundan əlavə yurdumuzun işğalına ermənilərin təkbaşına nail olmadığını, "rusun tarixində ağ ləkə" adlı məqaləboyu verdiyi bir xətlə əsəri zənginləşdirir. Rus tarixindəki ağ ləkələri sıralayaraq sayan qələm ustası iki Azərbaycanın yaranmasının İrəvanın işğalında həlledici rolunu gösrətir. Əsərboyu verilmiş rəngli şəkillər bir qayda olaraq vandalizmin faşist caynaqlarında can vermiş şəhəri memarlıq dili ilə desək, ruhlar şəhərinə çevrilmişdir. Sərdar sarayı, İrəvan hamamı, qədim şərq memarlığının dəyərli nümunələri olan məscidlərin fotoları, məşhur rus rəssamı Frans Roubaudin "İrəvan qalasının fəthi" kimi sənət əsərində məscid günbəzlərinin təsviri ilə İrəvanın əsl simasını çatdırmağa çalışmışdır. Digər bir tərəfdən əsl, bizə məxsus İrəvanın yer üzündən silinməsinə xidmət edən digər bir amili də müəllif diqqətə çatdırır: deportasiyalar! Sovet rejiminin hakimiyyəti dövründəki sovet Ermənistanı imperiya daxilində olan digər respublikalar kimi  Kremldən idarə olunmayıb, birbaşa özü öz hakimi olduğundan toponimlərimizin erməniləşməsi və buna türklərin1947-48-ci illərdə Qərbi Azərbaycandan deportasiyasının güclü şəkildə rəvac verdiyini bildirir.


   1.Salah türk adı 1991-ci ildən dəyişdirilib Akavnavan adı verilərək erməniləşib.

   2. Qətran 1948-ci ildən Gedaliç

   3.Aşağı Qaranlıq 1936-cı ildən Martuni

   4.Doqquz 1945-ci ildən Kanaçut adlanır.

   5.Zəngi çayının adı dəyişdirilərək Razdan olmuşdur.

   6.Cəlaloğlu  mahalı 1924-cü ildən Stepanavan

   7.Göyçə gölü - Sevan olmuş
 

Həmçinin burda Ağrı dağı kimi ağrılı mövzuya da yer verilmişdir. Bu dağın Türkiyə ərazisində yerləşməsinə baxmayaraq, ermənilər hər yerdə dağı öz əraziləri kimi mənimsəyib dururlar. Yerigəlmişkən, qeyd edim ki, bizim yaşadığımız İsveçdə Ararat firmasının yemək məhsulları geniş şəkildə satılır. Ararat isə Ağrı dağının erməniləşmiş variantıdır.
 

Səadət xanımın tərcüməçi müəllif olduğu əsərləri iki yerə bölünür: İsveçdə yaşayan müəlliflər və öz ruhu ilə səsləşən əsərlər. Eluca Atalı, Vahid Qazi və Şəlalə Əbildən etdiyi tərcümələr kitabın ümumi xəttinə xidmət edir. E.Atalının "Ay ana, yel vurub sındırdı sünbülümüzü" və "Atillanın açıq pəncərəsi" kimi Güney Azərbaycanın ictimai-siyasi və güneylilərin mühacir həyatından bəhs edən əsərləri, əslən Şuşalı olan V.Qazinin "Üsyan nəğməsi", "Mən göz şahidiyəm", "Həyatda qalan ayaq izləri", "Milli kimlik harayında" kimi əsərləri Qarabağın keçmişi və birinci Qarabağ savaşının acı nəticələri haqda isveçdilli oxucuya lazımı məlumatı verir.
 

Tərçüməçinin ruhuna doğma bildiyi poeziya nümunələri isə Nigar Rəfibəyli, Ramiz Rövşən, Aydın Əfəndi, Rafiq Zəka Xəndan, Zivər Ağayeva, Adil Rəsuldan etdiyi seçmələrlə kitab səhifələrini zənginləşdirir.
 

"Əks-səda: Qarabağ, Təbriz və İrəvan şahidlərin hekayətlərində" kitabı yaddilli oxuculara Azərbaycanın taleyüklü problemlərindən qədərincə məlumat verdiyi üçün bu kitabın daha böyük nüsxə ilə yayılmasını və eyni zamanda digər xarici dillərə çevrilib təbliğ edilməsini arzu edirəm.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]