MÜHARİBƏDƏN SONRA (3-cü Hissə): AZƏRBAYCAN PERSPEKTİVİ (Proqnoz-təhlil)

MÜHARİBƏDƏN SONRA (3-cü Hissə): AZƏRBAYCAN PERSPEKTİVİ (Proqnoz-təhlil)

3-cü Hissə

Nəticə etibarilə, ilin əvvəlindən bəri, qiymət artımları kimi yüksək hərarətli gündəmin yaratdığı ciddi risk arealı müqabilində; “kompromat savaşı”, “məmur həbsləri”, “Tərtər işi” kimi gündəm başlıqlarının yaratdığı xaotiklik, ilk baxışda, hakimiyyət üçün narahatedici trayektoriyadan və əsas problemlərdən qurtuluş effekti yaratmış görünsə də, əslində bu, aldadıcı bir effektdir və zaman qazanmaqdan başqa bir faydası yoxdur.

“Gündəm bulanması”, elə bir şeydir ki, eyni vaxtda baş verən fərqli xarakterli olaylar, ictimai şüurda, dolaşdırıcı və yayındırıcı effekt yaratsa da, bu bulanmanın təsiri keçəndən sonra, şüur, daha aqressiv və daha sərt reaksiya verə bilir.

Xüsusən də artıq ön plana keçən “Tərtər işi” fonunda; “Qarabağ” məsələsində, uzun müddət cəmiyyətin başını aldatmaq və “Problem həll olub, qalır oranı bərpa etmək” aldatmaçılığını sürdürmək mümkün deyil. Getdikcə daha da qabarıqlaşan əks-hadisələr- Rusiyanın imperial iddialarının davam etməsi və Türkiyədən başqa, Azərbaycanı birbaşa müdafiə edən heç bir gücün meydanda olmaması, üstəgəl- terrorçuların yuxarı Qarabağda at oynatması, iqtidar üçün zatən mürəkkəb olan daxili gündəmi, daha da riskli hala gətirir.

Müharibə əlillərinə və qazilərə hökümətin göstərdiyi biganə və məsuliyyətsiz münasibət və bununla bağlı az qala hər gün şikayət olaylarının ortaya çıxması da iqtidarın əleyhinə işləyən ayrıca bir amilə çevrilmişdir.

Ümumiyyətlə, pandemiya, müharibə, korrupsiya və bahalaşma ilə daha da yoxsullaşan əhalinin yığılan stressi və artan narazılıq potensialının qarşısında, balanslaşdırıcı real bir amil də mövcud deyil.
Bu faktorların üstünə, sos-mediada, əhalinin daha çox təmərküzləşməsi və total reaksiyaların daha da yayğınlaşmasını gələndə; söyləmək mümkündür ki, hakimiyyəti, qarşıda çox böyük “tufan” gözləyir və bunun qarşısını almaq üçün indiyəqədər, iqtidarın əlində, təkcə “Qarabağ kartı” var idisə, indi nəinki bu “kart” da əldən çıxıb, üstəlik də “əks-karta” çevrilməkdədir.
Bir sözlə, iqtisadi-maliyyə olaraq talan edilib dağıdılmış resursların müqabilində, neftdən və qazdan asılı bir büdcəyə paralel; artıq yalanların və bəhanələrin də limitləri də tükənməkdədir. Bir neçə ay sonra, hakimiyyət, əgər Qarabağ cəbhəsində ciddi dönüş yaratmasa və kəskin əks-addımlar atmasa, xüsusən də anti-terror əməliyyatı həyata keçirməsə, yaxud da Laçın dəhlizində, müştərək kontrola sahib olmasa, artıq İlham Əliyevin yeganə “titulu” olan “müzəffər statusu” da əldən getmiş olacaqdır və danışacağı bir mövzu da qalmayacaqdır.
Zatən 13 apreldə, İlham Əliyevin, 5 aydan sonra nəhayət Qarabağ probleminin həll olunmamasını etiraf edən sözləri də, iqtidarın, mövcud dramatik və kritik situasiyanın fərqində olduğunu göstərir.
Bu isə o deməkdir ki, hakimiyyət, artıq yeganə “boş sahə” olan Qarabağ platformasında, çətinliklə də olsa müharibə ilə əldə etdiyi avantajı geri qaytarmaq üçün böyük ehtimalla nələrsə etməyə çalışacaqdır və ən birinci ağla gələn addım da məhz anti-terror əməliyyatıdır. Bunu şərtləndirən həm də- sözügedən sahənin, sürətlə əks-sahəyə çevrilməsi və bununla paralel-çox riskli “Tərtər olaylarının”, getdikcə vektorunu artırmasıdır.
Çünki, gündəmi kontrol etmək və əhalinin “ipini nəzarətdə saxlamaq” üçün əlində, “Qarabağ qələbəsi”ndən savayı, qalan yeganə vasitə olan karantin kartı da artıq əldən çıxmaqdadır. Belə ki, açıq havada maska məcburiyyətinə qarşı kültəvi etiraz şəklində sosmediada özünü göstərən-qapanma şərtlərinin gətirdiyi psixoloji, iqtisadi və siyasi məhdudiyyətlərə qarşı, toplumun, son aylardakı açıq təpkisi, artıq geridönülməz xarakter almışdır. Zatən qeyri-rəsmi olaraq, maska və toy qadağasının aradan qaldırılması-maskasızlığa qarşı hüquqi tədbirlərin xeyli azalması və polisə rüşvət verməklə toyun keçirilməsi, mövzu bəhsidir.
Beləliklə, ilin əvvəlindəki ciddi qiymət artımları və iqtisadi sıxıntılara rəğmən, əsasən müharibədəki uğurun və qismən də “gündəm bulanmasının” təsiriylə, iqtidar üçün nisbətən təhlükəsiz ictimai-siyasi zəminin formalaşdığı görüntüsü yaransa da, əslində, son həftələrdəki “Tərtər olayları alovu” və anti-karantin çıxışları da göstərdi ki, bu zəmin, tamamiylə sürüşkəndir və asanlıqla əks istiqamətə çevrilə bilər.

2020-ci ildə, hakimiyyətin əlində;pandemiyanın gətirdiyi qismən təbii resurs olan qapanma var idisə və ilin sonunda, bunu, savaşdakı nisbi uğurla çulğalaşdırıb, “gündəmin yüyənini” ələ keçirməyə müvəffəq oldusa da, artıq, indi, xeyli fərqli bir vəziyyət yaranmışdır.

Kovidin bir reallıq olduğunu açıqca göstərən ciddi yoluxma faktlarına və koronavirus təhlükəsinə baxmayaraq, əhali, bu virusu ciddiya almamaqda və “məmur virusunu”, daha təhlükəli hesab etməkdədir. Artıq, yoluxma və pandemiya, bundan sonra nə qədər yayılsa da və bütün dünyada nə qədər ciddi qapanmalar olsa da, bizim cəmiyyətə bunu qəbul etdirmək, asan olmayacaqdır və ciddi reaksiya ilə qarşılanacaqdır.

Nəticə etibarilə, sərt karantin, tarixə qovuşmaqdadır və bundan sonra, uzaqbaşı, yarı-sərt karantin mümkün ola bilər. Əgər kəskin karantin olacaqsa da, bu, pandemiya yox, tamam başqa səbəb və ya bəhanə ilə olacaqdır və zatən onun adı da, eynilə müharibə dövründəki kimi, “kommendant rejimi” və ya “fövqaladə hal” olacaqdır.

Bəli, iqtidar, demək olar ki, müharibə nəticəsində əldə etdiyi bütün avantajları və geri dönüşləri, artıq 2021-ci ilin ilk rübünün sonu etibarilə itirmiş durumdadır, odur ki, sosial-siyasi olaraq, hər şey, əslində 2020-ci ildən-pandemiyadan öncəki duruma müvafiqdir.

Əgər yaxın həftələr ərzində, bu ciddi əks-gündəm şərtlərinə qarşı hakim iradənin, önləyici tədbirləri və radikal qərarları olmasa, “ip”, tamamiylə əldən çıxa bilər və bunun baş verməsi üçün ən xırda bir hadisə də qığılcım rolunu oynaya bilər.

Əhalinin fikir və qərar meydanı plaftormasına çevrilmiş, və faktiki olaraq küçələri əvəz edən sosial şəbəkələrdə; iqtidarın bütün “trol sənayesinə” baxmayaraq, təşəbbüs və gündəm, çox asanlıqla itməyə yatqındır. Burda, ən kiçik bir olay da ciddi əks gündəm yarada bilmək və bütün cəmiyyəti “vahid yumruq” halına gətirmək potensialına sahibdir. Hansısa xəstəlikdən əziyyət çəkən minlərcə körpədən birinə, təsadüfən yönələn diqqət, ona gətirib çıxara bilir ki, yüz minlərcə insan, eyni məsələ ətrafında düşünüb, qayğılana bilir və bu, məhz sosial medianın effektidir.


Elmi Proqnozlaşdırma Mərkəzi”nin direktoru Yunis Dürüst

 

Mərkəzin fəaliyyətini hələki fb səhifəsindən izləmək olar: https://www.facebook.com/ElmiProqnozlashdirmaMerkezi/about/?ref=page_internal

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]