Leninoqorskdakı Azərbaycan diasporu veteranları evlərində ziyarət ediblər - FOTO

Leninoqorskdakı Azərbaycan diasporu veteranları evlərində ziyarət ediblər - FOTO

Faşizm üzərində qələbənin 76-ci ildönümü münasibətilə veteranları təbrik edən azərbaycanlı uşaqlar və gənclər onlara gül dəstələri və ərzaq bağlamaları hədiyyə ediblər

 

 

Rusiyanın Tatarıstan Respublikasının Leninoqorsk şəhərində fəaliyyət göstərən Azərbaycan diasporu 9 May- faşizm üzərində qələbə bayramına hər zaman xüsusi hazırlaşır. Ən gənc nümayəndələr şeir öyrənir, böyüklər Böyük Vətən veteranları və arxa cəbhə zəhmətkeşlərinə hədiyyə dəstləri hazırlayırlar. Bu il də eyni ənənə davam etdirilib. Leninoqorsk şəhərində fəaliyyət göstərən “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Ramiz Məmmədov bildirib ki, öncə şəhərdə yaşayan 52 müharibə veteranının siyahısı müəyyənləşdirilib. Sonra isə təşkilatın gənclər qanadının nümayəndələri kiçik yaşlı uşaqlarla birlikdə veteranları evlərində ziyarət ediblər.

 

 

II Dünya müharibəsi zamanı faşizm üzərində qələbənin 76-ci ildönümü münasibətilə veteranları təbrik edən uşaqlar və gənclər onlara gül dəstələri və ərzaq bağlamaları hədiyyə ediblər. Eyni zamanda veteranlara qələbə münasibətilə hazırlanan açıqca və “Azərbaycan Böyük Vətən müharibəsi illərində” kitabı təqdim edilib. Görüşlər zamanı qələbəyə görə veteranlara təşəkkürlərini bildirən hərbi geyimli uşaqlar-Firdovsili Surə və Əsmənur bacıları müharibə qəhrəmanlarının şərəfinə hazırladıqları şeirləri də səsləndiriblər.

 

 

“Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyətinin Gənclər şöbəsinin rəhbəri Əziz Firdovsili veteranlarla görüşdən böyük sevinc hissi keçirdiklərini deyib: “Azərbaycan müharibə zamanı neft paytaxtı idi, təyyarələr və digər texnika üçün yanacağın böyük hissəsi məhz Azərbaycanda hasil edilirdi. Bu, Azərbaycan xalqının Böyük Vətən müharibəsinin qələbəsinə böyük töhfəsidir. Veteranlara təqdim etdiyimiz “Azərbaycan Böyük Vətən müharibəsi illərində” kitabında bu haqda geniş yazılıb”.

 

“Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyətinin üzvü Zeynəb Mustafazadə deyib ki, babası Mustafa Yusif oğlu Məmmədov müharibənin başlanğıcından sonuna qədər iştirak edib: “Müharibədə babam üç dəfə yaralanıb, ağır əməliyyat keçirib, lakin sağaldıqdan sonra yenə də cəbhəyə gedib və yenidən 77-ci Azərbaycan diviziyasının bir hissəsi olaraq qərbə doğru zəfər yürüşünü davam etdirib. İkinci və üçüncü dərəcə Şöhrət ordenləri, “Qafqazın müdafiəsinə görə” medalı ilə təltif edilib. Biz onu yad edirik, o, həmişə bizim xatirimizdədir. Babam bizim ailəmizin fəxridir”.

 

Bundan başqa, şəhərın mərkəzi küçələrində üzərində qələbə bayramı münasibətilə Azərbaycan diasporunun yerli sakinlərə, arxa cəbhə zəhmətkeşlərinə və veteranlara ünvanladığı təbrikin əks olunduğu bilbordlar yerləşdirilib. Tədbirlər koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin qaydalarına uyğun şəkildə həyata keçirilib.

 

Vetenqehremanlari.az

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]