Heydər Əliyev ideyaları və Naxçıvan Muxtar Respublikası: İqtisadi islahatların beşiyindən modernləşmənin mərkəzinə qədər keçilən inkişaf yolu

Heydər Əliyev ideyaları və Naxçıvan Muxtar Respublikası: İqtisadi islahatların beşiyindən modernləşmənin mərkəzinə qədər keçilən inkişaf yolu

HEYDƏR ƏLİYEV İDEYALARI VƏ NAXÇIVAN MUXTAR RESPUBLİKASI: İQTİSADİ İSLAHATLARIN BEŞİYİNDƏN MODERNLƏŞMƏNİN MƏRKƏZİNƏ QƏDƏR KEÇİLƏN İNKİŞAF YOLU 

Xalqımızın ümummilli lideri böyük Heydər Əliyev Azərbaycan Respublikasının yarım əsrdən artıq inkişaf tarixinin banisidir. Müdrik rəhbərin keçmiş İttifaq dövründən əsaslarını müəyyən etdiyi davamlı və mütərəqqi inkişaf müasir müstəqillik illərinin etibarlı bazası olmaqla, hazırkı iqtisadi şərait üçün strateji təsisatlar yaratdı.

Bununla da, ölkəmizin:
- yeni iqtisadi şəraitə xas olan islahatların davamlılığında və bunun üçün zəruri mühitin yaradılmasında;
- sosial rifah göstəricilərinin artan dinamikasının təşəkkülündə;
- milli iqtisadiyyatının inkişafında və onun çoxşaxəliliyinin təmin olunmasında;
- makroiqtisadi yüksəlişin güclü əsaslarının yaradılmasında;
- innovasiyaya və texnologiyaya dayanan modernləşməyə malik olan təşkilatlanma fonunda milli iqtisadi quruculuq proseslərinin daha mütərəqqi əsaslarının yaradılmasında zəruri addımlar atılmış oldu.

İstər hüquqi, istərsə də iqtisadi sahələr üzrə davamlı tənzimləmələr uğurla həyata keçirildi və bu, bütövlükdə, ölkə miqyasında yeni hədəflərin müəyyən olunması sahəsində daha da əlverişli zəminlər açmış oldu. İqtisadiyyatın uzunmüddətli perspektivlərinin müəyyən olunması onun ənənəvi sahələri ilə yanaşı, yeni prioritetlərinin də yaradılmasına zəmin olmuşdur ki, bunun da nəticəsində ölkənin sosial dayanıqlılığının və iqtisadi inkişafının sarsılmaz dayaqları təşəkkül tapmışdır. Əhalinin məşğulluğunun təmin olunması, sağlamlığının, təhsil səviyyəsinin, dünyagörüşünün və mədəni keyfiyyətlərinin inkişafı, eyni zamanda, bu sahədə aktuallığını artıran yeni istehsal sahələrinin, müəssisələrinin və iş yerlərinin yaradılması, nəticə etibarı ilə sosiallaşan iqtisadiyyatın güclü əsaslarının təşəkkülü məhz ulu öndər Heydər Əliyev siyasətinin və həmişəyaşar ideyalarının nəticəsində mümkün olmuşdur.

Məhz həmin ali dəyərlər əsasında ölkənin hazırkı şərait üçün daha da aktuallaşan hədəfləri əlçatan oldu. Dövlət başçısı tərəfindən 2004-cü ildən ölkəmizdə regional inkişaf üzrə Dövlət proqramları təsdiq olundu. Hazırda dördüncü mərhələsi uğurla icra olunan Dövlət proqramları, sonrakı mərhələlərdə sosial və iqtisadi sahələr üzrə islahatların davamlılığına da təminat verdi. 29 dekabr 2012-ci il tarixli Fərmanla “Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf Konsepsiyası, 6 dekabr 2016-cı il tarixli Fərmanla Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri, 2 fevral 2021-ci il tarixli Sərəncamla Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər və digər hüquqi aktlar təsdiq olunmuşdur.

Təbii ki, ulu öndərin siyasi fəaliyyətin Naxçıvan Muxtar Respublikası mərhələsində əsasları müdrikliklə müəyyən olunan müasir sosial-iqtisadi inkişaf yeni Azərbaycan gerçəkliyində şaxələndirilmiş və diversifikasiya olunmuş iqtisadiyyat olaraq təşəkkül tapdı. Bununla da, ölkədə təsdiq və qəbul olunan Qanunlar, Dövlət Proqramları, Strategiyalar, Konsepsiyalar, qərarlar və digər strateji tənzimləmə vasitələrinin muxtar respublikada icrasını təmin etmək məqsədilə zəruri tədbirlər reallaşdı. Təkcə regional inkişaf Dövlət proqramları üzrə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq olunan:

- 9 iyun 2005 -ci il tarixdə “Naxçıvan Muxtar Respublikasının Regional İnkişaf Proqramı (2005-2008-ci illər)”;

- 28 may 2009-cu il tarixdə “Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”;

- 1 sentyabr 2014-cü il tarixdə “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və;

- 31 yanvar 2014-cü il tarixdə “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafına dair Proqramı” da özünün mühüm əhəmiyyətliliyə malik olması ilə hər zaman öz strateji mahiyyəti ilə seçilməkdədir.

Ölkəmizdə olduğu kimi, ona bağlı olan muxtar respublikamızda da bütün bu hüquqi tənzimləmələr bir tərəfdən geridə qalan illərin güclü sosial-iqtisadi bazasını təşkil edirdisə, digər bir tərəfdən də, qarşıdakı dövrlər üzrə davamlı perspektivlər vəd etməkdədir. Burada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 29 mart 2019-cu il tarixdə “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq olunmasını da qeyd edə bilərik.

Qeyd olunan inkişaf proseslərinin fonunda muxtar respublikada makroiqtisadi inkişafın güclü dayaqları formalaşmış və bu, iqtisadiyyatın sahə strukturunun müqavimətliliyini daha da artırmışdır. Bunu muxtar respublikada istehsal olunan Ümum Daxil Məhsulun (ÜDM) həcmi və digər makroiqtisadi göstəricilər haqqında məlumatlar da göstərir.

Müxtəlif illərin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında istehsal olunan ÜDM-nin həcmi haqqında məlumat (min manat)

Şəkil 1

Şəklin məlumatları da göstərir ki, muxtar respublika iqtisadiyyatında hələ birinci rübdə belə makroiqtisadi artım öz artım dinamikasına sadiq qalmışdır. Nəticədə, 2021-ci ilin yanvar-mart ayları ərzində istehsal olunan ÜDM-nin həcmi 2015-ci ilin eyni dövrünün göstəricisindən 1,3 dəfəyə yaxın artmışdır. Geridə qalan dövrlər üzrə formalaşan makroiqtisadi potensial hazırkı şəraitdə pandemiya ilə mübarizə mərhələsində də dayanıqlı iqtisadiyyatı təmin etmişdir.

İqtisadiyyatın yeni keyfiyyət mərhələsinə qədəm qoyması, yerli istehsalın əhatəsinin genişlnməsi və həcminin yüksəlməsi, aparıcı sahələrin makroiqtisadi proseslərin inkişafındakı rolunun artmasına səbəb olmuşdur. Bu sahədə aparıcı sahə olaraq sənayenin perspektivləri daha böyük əhatədə formalaşmaqdadır. Qeyd edək ki, ulu öndərin həmişəyaşar ideyaları milli iqtisadiyyatın bütün sahələrinin inkişafına güclü dayaqlar formalaşdırdı ki, bu da onun müasir dövr üçün etibarlılığını artırmış oldu. Artıq müvafiq dövrlər üzrə muxtar respublikada sənaye məhsulunun həcmi də qeyd etdiklərimizi ifadə etməkdədir.

Müxtəlif illərin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında istehsal olunan sənaye məhsulunun həcmi haqqında məlumat (min manat)

Şəkil 2

Çox əlamətdar haldır ki, ulu öndər Heydər Əliyev ideyaları əsasında müəyyən olunan yeni hədəflər sənayeləşmə siyasətinin səmərəli təşkilinə və idarə olunmasına da səbəb olmaqdadır. Təbii ki, bu isə milli iqtisadiyyatın sahə strukturunun sənaye göstəricilərinin artan diamikası ilə daha da inkişaf etməsinə zəmin yaratmaqdadır.

Hesablamalar göstərir ki, 2015-2021-ci illərin yanvar-mart ayları ərazində muxtar respublikada istehsal olunan sənaye məhsulunun həcmi məhz bu dinamikaya sadiq qalmışdır. Belə ki, 2021-ci ilin birinci rübündə istehsal olunan sənaye məhsulunun göstəricisi 2015-ci ilin eyni göstəricisindən 1,2 dəfə artmışdır. Bu, bir daha ölkənin milli iqtisadi quruculuq proseslərində sənayeləşmə siyasəti sahəsində reallaşan tədbirlərin səmərəliliyini, məqsədyönlülüyünü və düzgün hədəfləndiyini göstərir. Elə bunun nəticəsidir ki, muxtar respublikada əsas makroiqtisadi göstərici olan ÜDM-nin strukturunda sənaye ilk yerdə təşəkkül tapmışdır.

Belə bir göstərici Naxçıvan Muxtar Respublikası iqtisadiyyatında şaxələndirmə proseslərinin də səmərəliliyini göstərir və iqtisadiyyatın digər aparıcı sahəsi olan kənd təsərrüfatının inkişafının da məntiqi nəticəsi olaraq çıxış etməkdədir.

Müxtəlif illərin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında istehsal olunan kənd təsərrüfatı məhsullarınn həcmi (min manat)

Şəkil 3

2015 və 2021-ci illərin birinci rübləri üzrə müvafiq göstəricilər arasında 1,3 dəfədən çox artımın olduğu kənd təsərrüfatı dayanıqlı iqtisadi inkişafın strateji mahiyyətini özündə əks etdirməkdədir. Əhalisinin 70 faizdən artığının kənd yerlərində yaşayan, yəni kənd həyatına, torpağa, aqrar sektora bağlı olan insanların mühüm fəaliyyət və məşğulluq sahəsi olaraq təşəkkül tapan bu sahə günümüzdə də artan aktuallığı ilə seçilməkdədir. Bu gün aqrar sahədə məşğulluğun, təsərrüfatçılığın, məhsuldarlığın, hədəflərin və artan dinamikanın təşəkkül tapması ölkənin milli iqtisadi quruculuq proseslərinin strateji nəticələri olaraq çıxış edir və öz əsaslarını müasir iqtisadi islahatların Naxçıvan Muxtar Respublikası mərhələsindən götürür və ulu öndərin böyük Adı ilə bağlıdır. Torpaq islahatlarının reallaşması, kəndli–torpaq münasibətlərinin yaranması, formalaşması və inkişafı məhz həmin uğurların sosial, iqtisadi və məntiqi nəticəsi olaraq çox zəruridir.

Güclü infrastruktur quruculuğuna, komunal təminata, resurs əlçatanlığına və bu kimi zəruri üstünlüklərə malik muxtar respublika iqtisadiyyatı iqtisadi (aqrar) islahatların beşiyindən müasirləşmənin və modernləşmənin mərkəzinə qədər böyük inkişaf yolu keçmişdir.

Hazırda milli iqtisadiyyatın uzunmüddətli hədəflərinin reallaşması, sosiallaşma proseslərinin sürətlənməsi, qeyri-neft sektorunun perspektivləri bütün tərəfləri ilə birlikdə regional inkişafın etibarlılığını daha da artırmışdır. Təbii ki, bu isə, qarşıya qoyulan məqsədlərin reallaşmasını təmin etməkdədir. Hesablamalar apardıqda aydın olur ki, 2015-2021-ci illərin yanvar-mart ayları üzrə bütün makroiqtisadi göstəricilərin artan dinamikada təşəkkülü mümkün olmuşdur. Belə ki, göstərilən dövrlər üzrə Naxçıvan Muxtar Respublikasında:
- nəqliyyat sektorunda yükdaşınmasında 1,1 dəfə;
- informasiya və rabitə xidmətlərinin həcmində 1,3 dəfə;
- pərakəndə əmtəə dövriyyəsinin həcmində 1,5 dəfə;
- əhaliyə göstərilmiş ödənişli xidmətlərin həcmində 1,3 dəfə;
- orta aylıq əmək haqqının məbləğində 1,4 dəfə artım olmuşdur.

Beləliklə, ölkəmizin və onun ayrılmaz tərkib hissəsi olaraq muxtar respublikamızın bu günkü iqtisadi inkişafı və sosial etibarlılığı üçün çox qürurluyuq. Çünki, artıq ərazi bütövlüyümüzün təmin olunması ilə daha böyük uğurlar qazanılmaqdadır. Təbii ki, bütün bunların hamısı regional və milli iqtisadi inkişaf zəminində xalqımızın ümummilli lideri böyük Heydər Əliyevin həmişəyaşar ideyaları ilə reallaşmaqdadır.

Cavadxan Qasımov
Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru


 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]