Kamal Salayev: Ermənilərin Gürcüstandakı növbəti təxribatı

Kamal Salayev: Ermənilərin Gürcüstandakı növbəti təxribatı

Ermənilər “Böyük Ermənistan” xülyasını reallaşdırmaqdan ötrü dünyanın müxtəlif yerlərində təxribat xarakterli aksiyalarına davam edirlər. Tarixə nəzər saldıqda açıq-aşkar aydın olur ki, ermənilər əslində heç Cənubi Qafqazın avtoxton əhalisi olmamışlar. Qeyd etmək lazımdır ki, ermənilər tarix boyu üç dəfə - b.e.ə. II əsrdə, IX-X əsrlərdə və 1918-ci ildə Gürcüstan dövlətinin cənub sərhədlərini ələ keçirməyə [1] cəhd göstərmişlər. Hal-hazırda erməni tarixşünaslığında baş verənləri XIX əsrdən başlayaraq, XX əsrin II yarısında daha da güclənən ekspansiya adlandırmaq olar. XXI əsrdə ermənilər Gürcüstanın ərazisini ələ keçirməkdən ötrü hiyləyə əl atdılar. Buna sübut olaraq, S.Karapetyanın 590 səhifədən ibarət “Cavaxk” adlı kitabını göstərmək olar. Belə ki, “Cavaxk” adlı kitabın yazılmasında əsas məqsəd, gürcü tarixini saxtalaşdırmaq, yerli əhalini Samtsxe-Cavaxeti regionunun guya ermənilərin ərazisi olduğuna inandırmaq olmuşdur.

Gürcü xalqının etnik kimlik məsələsinə isə müasir erməni tarixşünaslığında təhrif olunmuş şəkildə yanaşılmışdır. Belə ki, ermənilər qeyd edirlər ki, guya “Kartveli” (gürcü) anlayışı [1] yalnız etnik baxımdan gürcü deyil, bəzən də qeyri-gürcü mənşəli “pravoslav” mənasını da verə bilər. Bununla yanaşı, ermənilər həmçinin, “somexi” (erməni) anlayışının guya etnik ermənidən başqa həm də qeyri-erməni mənasında işləndiyini də qeyd edirlər. Bu məsələdə isə onların saxtakar professorları - Arutyunyova-Fidanyan və Muradyan xüsusilə canfəşanlıq göstərirlər. Onlar gürcü etnoniminin olduğu hər yeri [1] “pravoslav” kimi şərh edərək öz təbliğatlarını yeritməyə çalışırlar. Təbii ki bu cür absurt yanaşma, ermənilərin Gürcüstanda özlərinə rahat yer edə bilməsi və bu əraziləri ələ keçirmək istəyi ilə bağlıdır.

Ermənilərin yanaşmasına görə guya əlifbanı da gürcülər üçün onlar yaratmışlar. Bu baxımdan onlar arsızcasına [1] Mesrop Maştotsun erməni əlifbası ilə yanaşı, gürcü əlifbasını da “yaratdığı”nı qeyd edirlər. Ermənilər həyasızcasına [1] Gürcüstanın dövlətinə, mədəniyyətinə, memarlığına və elminə “verdikləri töhfələr”dən danışırlar. Əslində isə ermənilərin nə dövləti, nə elmi, nə memarlığı, nə də ki özlərinəməxsus bir mədəniyyəti olmamışdır. Çünki ermənilər hər zaman qonşularının hesabına özlərinə gün ağlamışlar.

Ermənilər bu gün hər yerdə uydurma “erməni soyqırımı” ssenarisi ilə özlərinə bəraət qazandırmağa çalışırlar. Lakin tarixi faktlar əslində ermənilərin haqsız olduğunu göstərir. Buna sübut olaraq, amerikalı professor C.Makkartinin yazısını [2] göstərmək olar. Həmin yazıda Makkarti, Kiçik Asiyada müsəlmanların ermənilərdən daha çox olduğunu və orada təxminən 2,5 milyon müsəlmanın həlak olduğunu etiraf edir ki, belə bir vəziyyətdə də hər hansı bir “erməni soyqırımı”ndan söhbət gedə bilməz. Çünki bu məqamdan artıq məhz müsəlmanların ermənilər tərəfindən qətlə yetirildiyi aydın şəkildə görünür.

Məşhur avstriyalı tarixçi [2] Erik Fayql öz “Erməni mifomaniyası” əsərində ermənilərin yalanlarına dair fikrini bu cür ifadə edir: “...erməni terrorizminin kökləri tarixə səhv baxışdan irəli gəlir. Müasir erməni terrorçularının özünəməxsusluğu ondan ibarətdir ki, tarix (daha doğrusu tarixə öz baxışları) onlar üçün yeganə bəhanədir. Və buna görə də tarixi, qeyri-insani hərəkətlərə bəhanə olaraq yenidən yazmaq terrorizmin özünəməxsus xüsusiyyətidir”.

Konkret tarixi faktlara əsaslanan ciddi araşdırmalar, erməni təbliğatının hiyləgər mahiyyətini bir daha təsdiq edir. Məsələn, amerikalı şərqşünaslar [2] Castin və Karolin Makkarti “Türklər və ermənilər” adlı əsərlərində belə qeyd edirlər: “Həqiqətən soyqırım olmuşdur? Bəs onda niyə İstanbulda və İzmirdə yaşayan ermənilər soyqırıma məruz qalmamışlar?” Bu məqamdan da göründüyü kimi, ermənilər soyqırıma məruz qalmamışlar. Buna baxmayaraq, ermənilər hələ də “yazıq” obrazını canlandıraraq, özlərini saxta “erməni soyqırımı”nın “qurban”ı kimi qələmə verir, məqsədyönlü şəkildə türklərə və azərbaycanlılara şər atırlar. Onlar bu məqsədlərini həyata keçirməkdən ötrü isə səfirliklərin qarşısında toplaşaraq təxribat xarakterli aksiyalar keçirirlər. Bu baxımdan [3] ermənilərin 2021-ci ilin aprelin 24-də Gürcüstandakı Türkiyə səfirliyinin qarşısında saxta erməni soyqırımına həsr olunmuş təxribat xarakterli aksiyasını sübut olaraq göstərmək olar. Aksiyada iştirak edən ermənilər Türkiyənin əleyhinə şüarlar səsləndirmişlər. Türkiyə səfirliyi isə ermənilərin təxribatına cavab olaraq, türklərin marşlarını və musiqilərini səs gücləndiricilər vasitəsilə səsləndirmiş və beləliklə də, ermənilərin saxta “erməni soyqırımı”na dair əsassız iddialarını haqlı olaraq qəbul etmədiklərini bildirmişlər. Türkiyə səfirliyinin cavabına həmçinin, Gürcüstanda yaşayan bir qrup həmyerlilərimiz də qoşularaq, əllərində Azərbaycan və Türkiyənin bayraqları ilə türklərə dəstək olmuşlar.

Ermənilər məqsədlərindən ötrü günahsız insanların evlərinə hücum etməkdən belə çəkinmirlər. Buna sübut olaraq, Fransada 40 nəfər erməninin türk ailəsinə hücum etməsini göstərmək olar. Belə ki, aprelin 24-də [4] bir erməni qəsdən türk ailəsinin üzlərindən birinin üzərinə maşın sürmüş, bunun nəticəsində isə münaqişə yaranmışdır. Daha sonra tərəflər arasında münaqişəyə dair razılığın əldə olunmasına baxmayaraq, 40 nəfərə qədər erməni əllərində beysbol dəyənəyi, bıçaq və dəmir parçaları ilə həmin ailənin evinə hücum etmiş, silahla havaya atəş açmışlar. Hadisə nəticəsində türk ailəsinin 4 üzvü yaralanmış, onlardan 3-ü xəstəxanaya yerləşdirilmiş, biri isə əməliyyat olunmuşdur. Tədqiqat zamanı həmin hadisəni törədənlərin 44 günlük müharibə vaxtı Qarabağa gedən ermənilərin olduğu müəyyənləşdirilmişdir. Bu məqamdan da göründüyü kimi, ermənilər yaşadıqları hər yerdə türklərə və azərbaycanlılara qarşı müxtəlif yollarla təzyiqlər edərək günahsız əhalini qətlə yetirir və bu yolla 44 günlük müharibənin qisasını almağa çalışırlar.

Qeyd etmək lazımdır ki, məhz ermənilər 1915-1918-ci illərdə qardaş Türkiyənin və Azərbaycanın günahsız əhalisini qətlə yetirdikləri halda, türk dünyasına qarşı törətdikləri soyqırımı, “erməni soyqırımı” kimi dünyaya qələmə verməyə çalışırlar. Həmin qanlı hadisələrdən sonra da Ermənistan öz terror siyasətini davam etdirmiş, Dağlıq Qarabağı işğal altında saxlamışdır. Ona görə də İkinci Qarabağ müharibəsi zamanı Ali Baş Komandanımız İlham Əliyevin sayəsində müzəffər Azərbaycan Ordusu bizim ərazi bütövlüyümüzü, tarixi ədaləti bərpa edərək düşməni məhv etmişdir.

Ədəbiyyat siyahısı:

1. Некоторые вопросы истории Грузии в армянской историографии. Тбилиси. 2009. / http:logos.org.ge/files/files/MTLIANI%20CIGNI.pdf

2. Камран Иманов. “Армянский геноцид или армянский террор?” Баку. 2016. / http:anl.az/el_ru/kniqi/2016/1-768156.pdf

3. Türkiyənin Gürcüstandakı səfirliyi erməniləri məyus etdi /25.04.2021/

https:teleqraf.com/news/dunya/286034.html

4. Fransada ermənilər türk ailəyə hücum etdi, 4 nəfər yaralandı /26.04.2021/

https:az.trend.az/azerbaijan/gundem/3414730.html

 

Kamal Salayev
AMEA–nın Qafqazşünaslıq İnstitutunun
Gürcüstanşünaslıq şöbəsinin mütəxəssisi

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]