Yüksək Texnologiyalar Parkında ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd edilib +FOTO=3

Yüksək Texnologiyalar Parkında ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd edilib +FOTO=3

AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98 illiyi qeyd edilib.
Öncə ulu öndər Heydər Əliyevin YT Parkdakı büstü önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi texnoparkın kollektivi tərəfindən ehtiramla yad edilib.

Tədbirdə çıxış edən YT Parkın baş direktoru Vasif Abbasov ümummilli lider Heydər Əliyevin Azərbaycanın bir çox digər sahələri ilə yanaşı, iqtisadiyyatı və sənayesinin dirçəlməsi istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətdən bəhs edib. Bildirib ki, dahi liderin xidmətləri sayəsində Azərbaycanda sənaye sektoru yeni inkişaf yoluna qədəm qoymuş, nəhəng sənaye müəssisələrinin yaradılması davamlı xarakter almışdır. Baş direktorun sözlərinə görə, bu sahəyə xarici investisiyaların cəlb edilməsi, inkişafa mane olan problemlərin həlli istiqamətində əhəmiyyətli addımlar atılmış, sənaye sektoru iqtisadiyyatın prioritet sahəsi kimi üstün mövqe qazanmışdır.

Vasif Abbasov qeyd edib ki, bu gün ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə yaradılan texnoparklar, o cümlədən YT Park yeni istehsal sahələrinin meydana gəlməsinə və regionların tarazlı sosial-iqtisadi inkişafına mühüm töhfələr verməkdədir. Əlavə edib ki, rəhbərlik etdiyi müəssisə AMEA-da əldə olunan müasir elmi nailiyyətlərə əsaslanan məhsulların istehsalına, rəqəmsal texnologiyalara əsaslanan biznesin inkişafına, həmçinin ölkədə sahibkarlıq fəaliyyətinin artırılmasına böyük dəstək göstərir.

Daha sonra YT Parkın icraçı direktoru Zaur Nəhmətov və texnoparkın rezidenti olan Təcrübə-Sənaye Parkının icraçı direktoru, kimya üzrə fəlsəfə doktoru Səxavət Rüstəmov çıxış edərək Azərbaycan gənclərinin bu gün ölkəmizdə yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətin apardığı gənclər siyasətinin rolundan bəhs ediblər. Bildirilib ki, əsası ümumilli lider tərəfindən qoyulmuş bu siyasət gənclərin dövlət və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını dəstəkləyir. Bu gün Azərbaycan gənclərinin qarşısında duran ən mühüm vəzifələrdən birinin dahi liderin ənənələrini yaşatmaqla, onun açdığı yolda irəliləmək olduğu vurğulanıb.


 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]