Gənclərin Beynəlxalq Əməkdaşlıq Forumu - 2021 baş tutdu

“Gənclərin Beynəlxalq Əməkdaşlıq Forumu - 2021” baş tutdu

  instaqram AZpress.AZ

  facebook

8 may 2021-ci il tarixində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və “Erasmus Tələbə Şəbəkəsi - Azərbaycan” İctimai Birliyinin birgə əməkdaşlığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Gənclərin Beynəlxalq Əməkdaşlıq Forumu 2021” uğurla başa çatdı. Forum Azərbaycan, Çexiya, Polşa, Ukrayna, Mərakeş, Hollandiya, Kanada, Gürcüstanın aparıcı gənclər təşkilatlarının iştirakı ilə baş tutmuşdur. Onlayn formatda baş tutan Forumun əsas məqsədi yerli və xarici gənclər təşkilatları arasında əməkdaşlığı gücləndirmək, gənclər arasında mədəniyyətlərarası dialoqa təkan vermək və gələcək birgə fəaliyyət istiqamətlərini müəyyən etmək idi.


Forum Azərbaycan Respublikasının Gənclər Fondunun gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Faiq Məmmədov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Pərviz Mirələmli, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev və “Erasmus Tələbə Şəbəkəsi - Azərbaycan” İctimai Birliyinin sədri Orduxan Qəhrəmanzadənin açılış nitqləri ilə başladı. Çıxışçılar Ulu Öndər Heydər Əliyevin banisi olduğu Azərbaycan gənclər siyasəti haqqında, gənclər təşkilatları arasında beynəlxalq əməkdaşlığın vacibliyi və əhəmiyyəti haqqında məzmunlu təqdimatlar etdilər. Daha sonra Forumun moderatoru, “Erasmus Tələbə Şəbəkəsi - Azərbaycan” İB-nin milli təmsilçisi Ceyran Cəfərova Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında qonaqlara məlumat verdi, Ulu Öndərin ölkədə gənclər sektorunun və vətəndaş cəmiyyətinin inkişafında müstəsna rolundan bəhs etdi. Beynəlxalq nümayəndələrin çıxışlarından sonra “Ortaq dəyərlər: gələcək əməkdaşlıq perspektivləri” mövzusunda seminar keçirildi.


Tədbir təşkilatların seminar zamanı irəli sürdüyü ideya və təkliflər, həmçinin gələcək mümkün əməkdaşlıqlar barədə müzakirələrlə davam etdirildi. Orduxan Qəhrəmanzadənin “Azərbaycanın gənclər sektoru: xarici gənclər təşkilatları üçün fürsətlər” mövzusunda təqdimatından sonra isə Beynəlxalq Forum yekunlaşdı.


Beynəlxalq Forumun nəticəsi olaraq yerli və xarici gənclər təşkilatları arasında məzmunlu fikir mübadiləsi aparıldı, əməkdaşlıq üçün zəmin formalaşdırıldı.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]