Akif Ağayev: Masallıda şəhid mayor Anar Novruzovun ad günü qeyd olunub(+FOTO=8)

Akif Ağayev: Masallıda şəhid mayor Anar Novruzovun ad günü qeyd olunub(+FOTO=8)

Yaşasaydı 45 yaşı tamam olacaqdı

Mayın 12, Masallı rayonunun Ərkivan qəsəbəsində Tovuz döyüşləri şəhidi, mayor, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Anar Novruzovun ad günü qeyd olunub.

Pandemiya qaydalarına riayət olunmaqla, şəhidin uyuduğu qəbiristanlıqda məzarı önündə keçirilən mərasimdə Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə xanım, rayon rəsmiləri, şəhidin ailə üzvləri və yaxınları, hərbçi yoldaşları, qəsəbə sakinləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhid zabitin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb, şəhidin ailəsinə baş sağlığı verilib.

Anım mərasimində şəhidin həyat yolundan, döyüşlərdəki qəhrəmanlığından danışılıb.

Şərəfli, müqəddəs ömür yaşamış Anar kimi qəhrəmanlarımızın həyat yolunun bugünkü gənclərə, o cümlədən gələcək nəsillərə örnək olduğunu bildirən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov bildirib ki, rayonda mütəmadi olaraq şəhidlərin xatirəsinə həsr edilmiş silsilə tədbirlər təşkil olunur. O, deyib ki, bu günlərdə Anar Novruzovun anadan olmasının 45 illiyi ilə əlaqədar onlayn qaydada keçirilən şahmat üzrə rayon birinciliyi və şeir müsabiqəsinə yekun vurulub. İdarə rəisi və Masallı RİHB-nın Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sabiq Cahangirov yarışların qalıblərinə doiplomlar təqdim ediblər.

“Regional Hüquqi İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova, yazıçı-publisist Nurəddin Ədiloğlu, jurnalist Əyyar Tahirov, ehtiyatda olan polkovnik-leytenant Loğman Xanlarov, şəhidin hərbçi bacısı qızları Afaq və Səbirə Məmmədovalar, “Aran” Uşaqların Sağlam Gələcəyi İctimai Birliyinin nümayəndəsi Azər Əliyev, şəhidin döyüş yoldaşı Ruhid Rüstəmov və başqaları Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb, Anar Novruzovla bağlı xatirələrini bölüşüb, igid oğullarımızın şücaət göstərərək həyatları bahasına torpaqlarımızı işğalçılardan azad edildiyini qeyd ediblər.

Bildirilib ki, Aprel və İyul döyüşlərinin qəhrəmanı Anar Novruzov və onun kimi şəhidlərimiz həmişə yaddaşlarda qalacaq, könüllərdə yaşayacaqlar.

Şəhidin əmisi Bəyverdi Novruzov, qardaşı Sücəddin Novruzov şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıq ifadə edib, ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Masallı Xalq Teatrı üzvlərinin və məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş edilib, Milli Məclisin deputatı Qənirə Paşayevanın təşəbbüsü ilə şəhid Anar Novruzov haqqında nəşr edilən “Akula ləqəbli kəşfiyyatçı” kitabının, “Regional Hüquqi İqtisadi Maarifləndirmə” İctimai Birliyinin dəstəyi ilə çəkilən sənədli filmin təqdimatı olub.

 

Akif AĞAYEV,

MASALLI. 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]