Adil Əliyev: Mədəniyyət paytaxtımız ən böyük mədəniyyət tədbirlərinə ev sahibliyi edir

Adil Əliyev: “Mədəniyyət paytaxtımız ən böyük mədəniyyət tədbirlərinə ev sahibliyi edir”

Şuşa şəhəri həm ölkəmizin, həm də İslam və Türk dünyasında xüsusi ağırlığı olan tarixi gerçəklikləri və zəngin mədəniyyət elementlərini özündə birləşdirən tarixi şəhərdir.


Uzun illər boyunca Şuşa şəhəri xalqımızın qəlbində daim sızıldayan itki, işğal altında olan ərazilərimizdən biri idi. Hər il mayın 8-də Şuşanın işğal tarixini dərin hüznlə yad edirdik. Nəhayət, tarixi ədalət bərqərar olundu və müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi rəşadətli ordumuz işğal altında olan digər ərazilərimizlə birlikdə Şuşa şəhərini də düşmən tapdağından azad etdi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Əzəli və əbədi torpaqlarımızın işğaldan azad edilməsi ilə hər bir azərbaycanlı fəxr edir. 2020-ci ilin 8 noyabrında Şuşa şəhərinin işğaldan azad edildiyi barədə Azərbaycan Prezidentinin verdiyi xəbər şanlı Zəfər tariximizin ən parlaq səhifəsi oldu.


Şuşanın işğaldan azad edilməsini özünə mənəvi borc bilən Prezident İlham Əliyev bu qədim Azərbaycan şəhərinin işğaldan azad olunmasının Vətən müharibəsində xüsusi rolu olduğunu hər zaman qeyd edir. Sözsüz ki, Şuşa qalasının düşmən işğalından azad edilməsi xüsusi düşünülmüş taktika, relyefə uyğun qurulmuş və yüksək səviyyədə hazırlanmış döyüş planı, ən əsası isə qəhrəman oğullarımızın canı-qanı bahasına göstərdikləri böyük şücaət sayəsində mümkün oldu.


Vətən müharibəsində qazanılan Zəfərdən qısa müddət sonra ölkə başçısı İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva tez-tez işğaldan azad olunmuş ərazilərimizə səfərlər edirlər. Orada aparılan abadlıq-quruculuq işləri ilə yerindəcə tanış olur, yeni təməlatmalarda iştirak edir, tikintilərin icrasına dair tövsiyələr verirlər. Ölkə başçısı həmin səfərlərdən birində növbəti tarixi hadisənin anonsunu verdi, Şuşaya öz tarixi kimliyini qaytararaq bu gözəl şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan etdi və qısa müddət ərzində Şuşada “Xarıbülbül” musiqi festivalının keçiriləcəyini bildirdi.


Ölkə başçısının tapşırığı Heydər Əliyev Fondu tərəfindən qısa müddətdə, həm də  böyük uğurla icra edildi və 12-13 may tarixlərində, düz 29 ildən sonra mədəniyyət paytaxtımız olan Şuşada “Xarıbülbül” musiqi festivalı çox yüksək səviyyədə baş tutdu. Bu musiqi festivalının təşkili, yüksək səviyyədə keçirilməsi, habelə festivalın Vətən uğrunda həlak olan şəhidlərimizə həsr olunması hamımızın qəlbində böyük iftixar doğurdu. İnamla deyə biləırik ki, Zəfərimizin qəhrəmanlarına həsr olunan festival Vətən müharibəsində qazandığımız qələbənin bütün sahələrdə uğurla davam edəcəyinin əyani təcəssümü oldu.


Qeyd etmək istəyirəm ki, Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalının bizim üçün bir neçə cəhətdən xüsusi önəmi var. Biz bütün dünyaya Azərbaycanın gücünü göstərdik və bildirdik ki, əgər bir sıra ölkələr erməni faşizminə göz yumur və susursa; Ermənistanın atdığı addımlarda beynəlxalq hüququn normaları pozulsa da, bunun qarşısı alınmırsa, biz öz gücümüzlə tarixi ədaləti bərpa etmək iqtidarındayıq və bərpa etdik.


Keçirilən musiqi festivalı qazanılmış Zəfərin bölgə üçün əhəmiyyətini bir daha göstərdi, eyni zamanda işğalçıdan fərqli olaraq Azərbaycanın mədəniyyətə, tarixə, dinə və digər dəyərlərə verdiyi qiyməti əyani nümayiş etdirdi. Biz barbarların 30 il boyunca hər addımda məhv etdikləri tariximizi bərpa etdik.


Tədbirdə ölkəmizdəki bütün etnik və dini icmaların nümayəndələrinin birgə iştirakı isə bizim vahid amal uğrunda birləşdiyimizi dünyaya nümayiş etdirdi. Bu festival  böyük mədəniyyət hadisəsi olmaqla yanaşı, ölkəmizin Azərbaycanda yaşayan bütün xalqların doğma ocağı, öz evi olduğunu göstərdi. Dünya ictimaiyyətinə göstərdi ki, dinlərimiz müxtəlif olsa da, vahid Vətənimizi qorumağa hər an hazırıq. Vətən müharibəsi günlərində dünya bu birliyimizi görmüşdü, indi bir daha əmin oldu. Qazanılmış Zəfərdə Azərbaycanda yaşayan bütün icmaların payı var. Ermənistandan və onun himayədarlarından fərqli olaraq ölkəmizdə ksenofobiya yoxdur. Azərbaycan  multikulturalizmi, tolerantlığı həyat tərzi olaraq seçmiş bir ölkədir və “Xarıbülbül” festivalı multikulturalizmin simvoluna çevrildi.


Onu da qeyd edək ki, Ramazan bayramına təsadüf edən bu festivalda Şuşada azanın verilməsi, bayram namazının qılınması, yeni məscidin təməlinin qoyulması, “Xan qızı Natəvan” bulağından suyun gəlməsi Şuşa şəhərinin tarixi kimliyinin bərpası idi.
 

Hər il keçirilməsi nəzərdə tutulan “Xarıbülbül” festivalı ilə yanaşı, gələn il Şuşa şəhərinin 270 illik yubileyinin qeyd olunacağı da onu deməyə əsas verir ki, Qarabağımıza uzun müddətdən bəri həsrətində olduğumuz nəfəs gəlir.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]