BDU-nun jurnalistika fakültəsinin tələbəsi Əsgər İsmayılov yazır: Şuşanın xarı bülbülü, Qədirin sona bülbülü bəxtəvər çağını yaşayır

BDU-nun jurnalistika fakültəsinin tələbəsi Əsgər İsmayılov yazır: Şuşanın xarı bülbülü, Qədirin sona bülbülü bəxtəvər çağını yaşayır

ŞUŞA ŞƏHƏRLƏR İÇİNDƏ BİR İNCİDİR,
ŞUŞA YAQUTDUR, ALMAZDIR, BİR İNCİDİR. (Ə. İSMAYILOV)



Qışında bahar olan, bulaqları büllur, çiçəkləri dürlü, meşələri ceyranlı - marallı, bülbüllü cənnət - məkanım, Şuşa! Üç tərəfdən sıldırım qayalarla əhatə olunan şəhər Qalam. Vaxtilə yaradıcılığı ana dilimizin şah əsəri olan, poeziyasında  millilik qalası quran Səməd Vurğun "Qız qayası" şeirində yazırdı ki, torpağın qarğışı, göyün bəlası hər zaman bu yerlərin - Şuşanın üstünə yağmış.
Həqiqətən də tarixə ekskursiya edəndə görürük ki, Pənahəli xanın şəhəri xanlıqlar dövründə, Cümhuriyyət dönəmində daha sonra Azərbaycan Sovetlər birliyinin tərkibində olarkən daima çətinliklərə, xəyanət və işğallara məruz qalıb.


Lakin Dahi Liderimiz Heydər Əliyevin Azərbaycana sovet dövründə rəhbərlik etdiyi zamanlarda Qarabağa xüsusi diqqət göstərdi. Boğazımıza ilantək sarılan ermənilərin, xain qüvvələrin Qarabağa olan əsassız, cəfəng iddialarının qarşısını aldı.


Dahi Rəhbər 1982-ci il yanvarın 14-də Şuşada Molla Pənah Vaqifin məqbərəsinin açılışında iştirak etdi. Onun tövsiyəsi, nəzarəti altında ucalan bu məqbərə həm ədəbiyyatımıza, etnik mənsubiyyətimizə, şanlı tariximizə, bir sözlə mədəniyyətimizə verilən ən böyük dəyər idi. Həmin ilin 29 iyulunda Dahi Rəhbərin yenidən Şuşaya gəlməsi, ailəsini özü ilə gətirməsi heç vaxt Qarabağ camaatının yadından çıxmaz, xatirələrindən silinməz. Avqustun 2-də Xurşidbanu Natəvanın abidəsinin açılışında iştirak edən Heydər Əliyev günlərlə Şuşada qaldı və müxtəlif tədbirlərdə iştirak etdi: elm, mədəniyyət xadimləri, şəhər camaatı qarşısında saatlarla nitq söylədi, daxili iradəsinin gücü istər yayın istisində, istər qışın soyuğunda Dahi Rəhbərin Şuşa sevgisinə, xalq məhəbbətinə əngəl ola bilmədi.


Zaman öz qara üzünü 1992-ci il mayın 8-də Şuşaya göstərdi. Coğrafi baxımdan qala şəhərimiz düşmən caynağına keçsə də, ancaq xalqın Vətən sevgisi, Şuşa sevdası, bu müqəddəs şəhərə mənəvi bağlılığı bir an belə səngimədi, azalmadı.Yurdu işğal edib elin yurddaşını isti ocağından ayıran düşmən anlamadı ki, xatirələri heç vaxt işğal etmək olmur.


Xalq 2020-ci ilin 8 Noyabrı xatirələrinə, yurduna, qala ucalığına - Şuşasına qayıtdı. Bu möhtəşəm qələbəni bizlərə yaşadan Ali Baş Komandanımız İlham Əliyev Şuşanı mədəniyyət paytaxtı elan etməklə Azərbaycan musiqisinin beşiyinin düşmən tərəfindən dağıdılmış tarixi-mədəni irsini dirçəltmiş oldu. Cənab Prezidentimiz İlham Əliyev "Xarı bülbül" musiqi festivalının bərpa olunacağını bildirdi.


Dünəndən başlayan və Heydər Əliyev Fondu tərəfindən təşkil olunan möhtəşəm "Xarı bülbül" festivalının artıq ikinci günüdür. Bu gün Şuşanın Xarı bülbülü ilə Qədirin Sona Bülbülünün bəxtəvər çağına şahidlik edirik.


Bəşər mədəniyyətinə, dünya elminə əvəzsiz töhfələr bəxş edən, qüdrətli yazıçılar, fədakar şəxslər yetirən bir yurdda "Xarı bülbül" musiqi festivalının keçirilməsi heç də təsadüfi deyil. Bu festival Xudu Məmmədovun, Zeynal Məmmədovun zəhmətinin bəhrəsi idi. Mir Mövsüm Nəvvabdan başlamış ənənə musiqi elminin, nəzəriyyəsinin sirrini-sehrini açaraq, Üzeyir bəyin timsalında özünün möhtəşəmliyinə çatmışdır.


Qafqazın sənət məbədi olan - Şuşa Zülfüqar Hacıbəyov, Soltan Hacıbəyov, Əfrasiyab Bədəlbəyli, Fikrət Əmirov, Maestro Niyazi, Əşrəf Abbasov, Süleyman Ələsgərov, Vasif Adıgözəlov kimi dünya musiqi sənətinə töhfələr vermişdir. Göründüyü kimi bu möhtəşəm festivalın keçirilməsi qala şəhərinin halal - hünbət haqqı idi.


Ali Baş Komandanımızın təxirəsalınmaz, qısa bir zamanda göstərdiyi təşəbbüs, Şuşamıza sonsuz diqqət və qayğısı milli ruhumuzun və əzəli Qarabağ torpağının dirçəlməsinə səbəb oldu. Otuz ilə yaxın  torpaqlarda səslənməyən ecazkar musiqimiz yenidən doğuldu. Dünya xəritəsində elə nəhəng dövlətlər var ki, onlar dünyay Şuşa qədər yuxarıda adların sadaladığım musiqi dühaları bəxş edə bilməyiblər.


Azərbaycan dövlətinin, hakimiyyətinin, xalqının ən böyük dəyəri, unikallığı, ucalığı ondadır ki, ölkəmizdə çox konfessiyalı, ayrı-ayrı xalqların nümayəndələri bərabərhüquqlu şəkildə, öz adət və ənənələrini yaşadaraq yaşayır və inkişaf etdirə bilirlər. Bunun üçün ölkəmizdə bütün lazımi şərait, imkanlar vardır. Bu, tarixən də belə olubdur. Bütün azsaylı xalqların nümayəndələri: talışlar, ləzgilər, saxurlar, ingiloylar, udinlər, kürdlər... azad, sərbəst şəkildə öz vətənlərindəki kimi yaşamış və yaşayırlar.


Dünənki festivalın açılışı da bir daha sübut etdi ki, azsaylı xalqlar öz folklorunu, musiqisini, mədəniyyətini qoruyub saxlaya bilmişdir. Festivalda bütün dünya bir daha Azərbaycanın birliyinə, həmrəyliyinə, sülhsevərliyinə şahidlik etdi və xalqımızın multikultural keçmişini, dünyəvi dəyərlərə sadiqliyini, tolerant yaşam tərzinin yenidən əyani şahidi oldu. Həmçinin tədbir əsnasında yaxın keçmişə səyahət edərək Bülbülün, Xanın, Rəşid Behbudovun lentlərini görmüş olduq. Sənətkarlarımızın səslərini doğma Şuşamızda eşitmək olduqca qürurverici idi. Sanki qaya öz əlləri ilə göylərə qaldırdığı Şuşanı bu gün öz əllərində daha etibarla saxlamışdı. “Zaqafqaziyanın konservatoriyası” etibarlı əllərdə bütün dünyaya musiqi festivalı yaşatdı.


Azıx mağarasından başlayan Xocalı kurqanlarında, Ağdərədə, Kəlbəcərdə - bütün Qarabağda, Qarqar, Tərtər, Xaçın çayının ətrafında məskən salmış ulu əcdadlarımızın bu günümüzə qədər onların bəşər mədəniyyətinə yetirdiyi görkəmli şəxsiyyətlərin tərənnümü və təcəssümünü bu festivalda yenidən öz təsdiqini tapdı, bütün dünyaya mədəniyyətimizi, bu mədəniyyətin, bu torpağın bizlərə məxsus olduğunu göstərmiş olduq.


Bu möhtəşəm zəfərə, "Xarı bülbül" festivalına və Müqəddəs Ramazan bayramını azad olunmuş torpaqlarımızla birlikdə qeyd etmək qüruruna, sevincinə görə Ali Baş Komandanımız İlham Əliyevə, Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevaya cahanşümul işlərinə görə təşəkkürümüzü və sevgimizi yetiririk.
 


Əsgər İsmayılov
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]