Qardaşlıq bağlığımızı daha da sıx edən əməkdaşlıq +FOTO

Qardaşlıq bağlığımızı daha da sıx edən əməkdaşlıq +FOTO

Qardaşlıq bağlığımızı daha da sıx edən əməkdaşlıq

 

Başım üstə məğrur-məğrur dalğalanan
Bayrağına canım qurban, Azərbaycan!!!

Artıq Azərbaycanda yeni bir dövr başlayır. İkinci Qarabağ müharibəsindən sonrakı dövr. Məğrur, qürurlu və azad Azərbaycanın yeni dövrü. Ermənistan tərəfindən dağıdılmış torpaqlarda yenidənqurma işləri aparılır, şəhərlərin baş planı hazırlanır və bu baş planların tərkib hissəsi kimi məktəblərin tikintisi nəzərdə tutulur. Digər sahələrdə olduğu kimi təhsil sahəsində də ciddi islahatlar aparılır.
Türkiyənin milli təhsil naziri Ziya Selçukun 27 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilmişdir. Prezident İlham Əliyev görüş zamanı qeyd etmişdir ki, əlaqələrimiz başqa sahələrdə olduğu kimi, təhsil sahəsində də daha sürətlə inkişaf edəcək. Bildiyiniz kimi, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr ən yüksək səviyyədədir və elə sahə yoxdur ki, biz o sahədə əməkdaşlıq etməyək. İki qardaş ölkə kimi biz bütün sahələrdə qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edirik. Təhsil sahəsi də əməkdaşlığımızın önəmli bir hissəsidir. Çünki, gənc nəslin yetişdirilməsi, bir-birinə bağlı olması üçün, əlbəttə ki, bu sahədə çox önəmli addımlar atılmalıdır və əslində atılır. Əlbəttə ki, bu görüşdən sonra daha gələcək işbirliyi haqqında konkret planlar tərtib ediləcəkdir.
Cənab Prezident tərəfindən göstəriş verilmişdir ki, təhsil proqramlarımızda, məktəblərdə və ali məktəblərdə, universitetlərdə tarix dərsliklərinə İkinci Qarabağ müharibəsi mövzusu mütləq salınsın. İndi Təhsil Nazirliyi bu məsələ üzərində çalışır ki, bizim bu şanlı tariximiz dəqiqliklə öyrənilsin. Real həqiqətləri, həqiqətə əsaslanmış bu tarixi biz həm öz vətəndaşlarımıza, həm də dünyaya çatdırmalıyıq. Ümid edirik ki, Türkiyənin tarix dərsliklərində də bu məsələ öz əksini tapacaq.
Heç təsadüfi deyil ki, təhsil naziri Emin Əmrullayev ölkəmizdə səfərdə olan Türkiyənin milli təhsil naziri Ziya Selçuk ilə birlikdə Quba şəhərini zıyarət edib. Nazirlər ziyarət zamanı Quba şəhərinin İqriq kəndində yerləşən Türk əsgərinin məzarlarının önünə gül dəstələri qoyublar. Daha sonra nümayəndə heyəti Azərbaycan-Türkiyə qardaşlıq parkını ziyarət edib, Quba şəhərindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin nəzdində yaradılan STEAM Mərkəzinin açılışında iştirak ediblər. Emin Əmrullayev türkiyəli həmkarına ölkəmizin ümumi təhsil müəssisələrində icra olunan "STEAM Azərbaycan" layihəsi barədə ətraflı məlumat verib. Hər iki nazir ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
Ölkəmizin təhsil sistemində islahatların başlanmasından on ildən artıq bir vaxt keçir. Bu dövr zaman baxımından qısa olsa da, axtarış və tədqiqatlarla, gərgin zəhmət tələb edən səmərəli fəaliyyətlə zəngin olmuşdur. Həmin illəri yenilik soraqlı enişli-yoxuşlu yola bənzətmək daha düzgün olardı. Bu yolun səmti, istiqaməti dünyada mövcud olan mütərəqqi təhsil sistemlərinə yönəlmişdir. Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının iclasındakı nitqində bu məsələni xüsusi açıqlamışdır: "İndi təhsil sistemində islahatların əsas məqsədi ondan ibarətdir ki, Azərbaycanın təhsil sistemi dünya təhsil sisteminin standartlarına uyğunlaşsın. Təbii ki, belə bir şəraitdə Azərbaycan özünün təhsil nailiyyətləri ilə inkişaf etmiş ölkələrin səviyyəsinə çatmaqla daha böyük uğurların sahibi ola bilər".
İslahatlar o zaman uğurlu nəticə verə bilər ki, dövrün tələbindən irəli gəlsin, onların həyata keçirilməsi üçün tarixi şərait yaranmış olsun. Bu gün o tarixi şərait yaranmışdır. Hər yanı gülşən Azərbaycan!!!


30 nömrəli tam orta məktəbin direktoru: Rübabə Abdullayeva

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]