Yaponiya Fondu Azərbaycan Dillər Universitetinə kitablar hədiyyə edib - FOTO

Yaponiya Fondu Azərbaycan Dillər Universitetinə kitablar hədiyyə edib - FOTO

İyunun 16-da Azərbaycan Dillər Universitetinin (ADU) Yaponiya Araşdırmalar Mərkəzinə Yaponiya Fondu (The Nippon Foundation) tərəfindən kitablar hədiyyə olunub.


Təqdimatdan əvvəl ADU-nun rektoru, akademik Kamal Abdulla və Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada arasında görüş keçirilib. Rektor iki ölkə arasında əlaqələrin günü-gündən dərinləşdiyini, Azərbaycanda Yaponiyaya, onun dilinə, mədəniyyətinə marağın artdığını qeyd edib. Bildirib ki, bu marağı nəzərə alaraq ADU-da yaponşünaslıq ixtisasının tədrisinin daha da genişləndirilməsi və Yaponiya Araşdırmalar Mərkəzinin yeni məkana köçürülməsi nəzərdə tutulur.


Rektor əlavə edib ki, rəhbərlik etdiyi universitetdə yapon dilinin, mədəniyyətinin, tarixinin, siyasətinin tədrisi, mərkəzin fəaliyyət göstərməsi Yaponiyanın Azərbaycanda təbliğində mühüm rol oynayır: “İstərdik ki, analoji olaraq Azərbaycan da Yaponiyada təbliğ olunsun. Yaponiyanın universitetlərində də Azərbaycan mərkəzlərinin yaradılmasını arzu edərdik. Bu həm də Azərbaycan və Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə töhfə olar”.


Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada diqqətə çatdırıb ki, 2022-ci il Azərbaycan və Yaponiya arasında “Dostluq ili” elan olunub. “Dostluq ili” çərçivəsində ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsinə istiqamətlənən tədbirlər təşkil olunacaq. Azərbaycan haqqında məlumatlılığın artırılması məqsədilə Yaponiyada “Azərbaycan evi” açılacaq: “İnanıram ki, bu, Yaponiyada Azərbaycana olan marağı daha da artıracaq. Bizim fəaliyyətimizdə mədəni əlaqələrin gücləndirilməsi əsas yer tutur. Azərbaycan Dillər Universitetində Yaponiya Araşdırmalar Mərkəzinin fəaliyyət göstərməsindən çox məmnunam. Səfirlik mərkəzin fəaliyyətinin daha genişlənməsi üçün əlindən gələn bütün köməkliyi edəcək”.


ADU-nun Tədris məsələləri üzrə prorektoru, professor Sevinc Zeynalova, Elmi işlər üzrə prorektoru, professor Novruz Məmmədov, Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova Yaponiya və Azərbaycan universitetləri arasında ikili diplom, tələbə mübadiləsi və s. məsələlərlə bağlı fikirlərini bildiriblər.


Universitetin Yaponiya Araşdırmalar Mərkəzinin direktoru Yaşar İbrahimov məlumat verib ki, ADU-nun kitabxanasında yapon dilində 2500-ə yaxın resurs var. Tədbir çərçivəsində isə mərkəzə Yaponiya haqqında 69 kitab hədiyyə olunub.


Tədbirdə Yaponiya Fondunun sədri Yohei Sasakavanın məktubu oxunub. Məktubda qeyd olunub ki, fond “Read Japan Project” (Oxuyaq Yaponiya layihəsi) çərçivəsində kitabların köməyi ilə Yaponiyanın təbliği məqsədilə 2008-ci ildən etibarən ingilis dilində Yaponiya haqqında yazılmış kitabları ianə etməklə məşğuldur. Bu vaxta qədər 138 ölkə və regiona, 1066 kitabxana və araşdırma mərkəzinə 65 mindən çox kitab bağışlayıb.


Məktubda diqqətə çatdırılıb ki, Yaponiya Fondu 2005-ci ildən etibarən Orta Asiyanın altı ölkəsindən Türkiyədəki universitetlərdə və magistraturada oxuyan təxminən 300 təqaüdçü tələbəni dəstəkləyib. Bunlardan 56 nəfəri Azərbaycan vətəndaşıdır. Onlar Yaponiya Mərkəzi Asiya Dostluq Assosiasiyasının üzvləri olaraq, indi də Orta Asiya ilə Yaponiya arasında dostluq əlaqələrini dərinləşdirmək üçün fəaliyyət göstərirlər. Sədrin məktubunda Azərbaycan Dillər Universitetində yaponşünaslıq ixtisasının ən yüksək səviyyədə tədris edildiyi vurğulanıb.


Sonda ADU-nun rektoru, akademik Kamal Abdulla Yaponiyanın Azərbaycandakı səfirinə özünün yapon dilində çap olunmuş kitablarını, Alman türkoloqu Henrix Fridrix fon Ditsin 1815-ci ildə ilk dəfə aşkara çıxardığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı və Kamal Abdullanın baş redaktorluğu ilə 26 dildə nəşr olunan “Kitabi-Dədə Qorqud”. Basat Təpəgözü öldürdüyü boyu bəyan edər” kitabının yapon dilində nüsxəsini və hədiyyələr təqdim edib.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]