"AzerGold" QSC Naxçıvanda yerləşən 2 yataqda geoloji kəşfiyyat işlərinə start verib

"AzerGold" QSC Naxçıvanda yerləşən 2 yataqda geoloji kəşfiyyat işlərinə start verib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən “Göydağ” filiz sahəsində aktiv geoloji kəşfiyyat işlərinə başlayıb.


Cari ilin iyun ayından etibarən Səhmdar Cəmiyyətin geoloqları tərəfindən sözügedən sahənin “Ortakənd-Xanağa” qızıl, “Ortakənd” mis-porfir yataqlarında buruqqazma işlərinə start verilib. Təsdiq olunmuş plana əsasən, ilkin mərhələdə “Ortakən-Xanağa” qızıl sahəsində ümumi dərinliyi 5000 metr olan 31 quyunun, “Ortakənd” mis-porfir sahəsində isə ümumi dərinliyi 3000 metr olan 13 quyunun qazılması nəzərdə tutulub. Paralel olaraq götürülmüş nümunələrin (kernlərin) laboratoriyada analizi həyata keçiriləcək.
 

Qeyd edək ki, Culfa rayonunun şimal-şərqində yerləşən “Ortakənd-Xanağa” sahəsi məxsusi qızıl, kompleks mis-porfir, epitermal sulfid filizlərinin aşkarlanması baxımından potensial perspektivləri ilə seçilir. Sahə daxilində “Ortakənd” mis-porfir, “Başkənd-Xanağa” səpinti qızıl yataqları, “Başkənd” mis, “Ortakənd-Xanağa” köklü qızıl təzahürləri və bir sıra polimetal minerallaşma nöqtələri qeydə alınıb.


Xatırladaq ki, “AzerGold” QSC tərəfindən 2017-ci ildə “Ortakənd-Xanağa” sahəsində geofiziki işlər aparılıb. Nəticələr yerli və  xarici mütəxəssislərin birgə iştirakı ilə təhlil edilib. 2018-ci ildə 5800 metr həcmində 30 kəşfiyyat quyusu qazılıb. Quyulardan çıxan kernlər kəsilib və sınaqlaşdırılıb. Bugünədək, ümumilikdə 2879 sınaq götürülüb və analizi aparılıb. Axtarış işləri və laborator analizlərin nəticələrinə əsasən 2021-ci ildə kəşfiyyat işlərinin davam etdirilməsi qərarı verilib.


Geoloji kəşfiyyat işlərinin uğurlu yekununda ehtiyatların hesablanması, təsdiqi və yataqların istismarına hazırlıq işləri çərçivəsində beynəlxalq nüfuzlu məsləhət şirkətləri ilə birgə fəaliyyət planının hazırlanması planlaşdırılır.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]