Erməni şovinistlərinin 100 ildir dəyişməyən təfəkkür sindromu- Qars müqaviləsindən Şuşa Bəyannaməsinədək

Erməni şovinistlərinin 100 ildir dəyişməyən təfəkkür sindromu- Qars müqaviləsindən Şuşa Bəyannaməsinədək

Erməni şovinistlərinin 100 ildir dəyişməyən təfəkkür sindromu-Qars müqaviləsindən Şuşa Bəyannaməsinədək

 

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandığı vaxtdan regionda və dünyada qızğın müzakirə predmetinə çevrildi. Bəyannamə imzalandıqdan dərhal sonra Azərbaycan və Türkiyə prezidentlərinin verdikləri açıqlamalarda vurğulandığı kimi, hansısa üçüncü dövlətə qarşı yönəldilmədiyi elan edilən, tarixi Türkiyə-Azərbaycan münasibətlərinin bütün sahələri üzrə qarşılıqlı əlaqələrinin möhkəmləndirilməsinə zəmin yaradan sənədi erməni siyasətçiləri xüsusi narahatlıqla qarşılandı.

 

AZƏRTAC bununla bağlı bəzi məqamlara nəzər salır.
Ermənistanda populyar portallardan biri olan “Hayeli.am” Şuşa Bəyannaməsini bu cür şərh etdi: “Müstəqilliyə, suverenliyə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına beynəlxalq səviyyədə tanınmış bir dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz olarsa, Türkiyə və Azərbaycan bu təhlükəni və ya təcavüzü aradan qaldırmaq üçün birgə məsləhətləşmələr aparacaq. Onlar BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi kömək göstərəcək. Bu fonda Türkiyə Ermənistana Azərbaycanla sülh şərtlərini təklif edir”.

 

Rusiyada fəaliyyət göstərən erməni mediamaqnatı, “İzvestiya” qəzetinin redaksiya heyətinin sədri, politoloq Aram Qabrielyanov isə təxminən 20 gün əvvəl Teleqram kanalında yazdığı fikirləri “SIVILNET” televiziyasının efirindən təkrar etməli oldu. “Vətənpərvərlik” duyğuları ilə “alışıb yanan” Qabrielyanov sözün məcazi deyil, əsl mənasında Prezident Ərdoğanın səfərinin nəticəsi olaraq Ermənistanın gələcək taleyini bu cür gördüyünü bəyan edir: “Ermənistanı Türkiyə və Azərbaycanın protektoratına vermək qaçılmaz oldu”.

 

Ermənistanda baş verənləri görməyin cəhənnəm olduğunu”, - deyən bu şəxsin söylədiklərində həqiqət elementləri var və “həmin elementləri” bir dövlət olaraq Ermənistanın son 30 ildə apardığı siyasət təsdiq edir. Amma...

 

Ermənistanda və onun hüdudlarından kənarda kifayət qədər tanınan politoloq Aleksandr İskandaryan Rəcəb Tayyib Ərdoğanın gözlənilən səfərinin “ciddi hadisələrlə yadda qalacağını” deməklə qətiyyən nəinki Nostradamusluq, heç kor Vanqalıq da etmirdi, sadəcə, gördüyünü dilə gətirirdi.
Yada salaq ki, Azərbaycan Prezidenti İlham Əliyev imzalanan sənədi “Şuşa Bəyannaməsi yeni bir işbirliyinin təminatı” adlandırdı. Rəcəb Tayyib Ərdoğan isə “Bu gün tək millət, iki dövlət təməlində yüksəltdiyimiz fəaliyyətimizi daha da irəli aparmaq üçün tarixi addımı atdıq” deyərək sənədin strateji hədəflərinə işarə vurdu. Hər iki ölkənin prezidenti Şuşa Bəyannaməsindən doğan reallıqların regiona ancaq uzunmüddətli sülh gətirməyə xidmət edəcəyini birmənalı şəkildə vurğulayır, lakin “erməni vətənpərvərləri” yaranacaq sülhdən narahat olurlar. Bu “narahatlığı” yaradan nədir? Buna aydınlıq gətirmək üçün Şuşa Bəyannaməsinin tarixi əhəmiyyətini qabardan maddələrindən biri üzərində dayanmaq zərurəti yaranır. Bu, Bəyannamənin istər hüquqi, istərsə də siyasi əhəmiyyətini artıran əsas məqam olmaqla yanaşı, onun “1921-ci il 13 oktyabr tarixli Qars müqaviləsinə sadiqlik” ruhunda tərtib edilməsidir.

 

Şuşa Bəyannaməsi ilə yeni ittifaqın elan edilməsinin “qonşularımızda” yaratdığı effekt 100 il əvvəl imzalanmış Qars Müqaviləsi amili ilə birbaşa bağlıdır. Erməni mühacir hökumətinin Təbrizdə nəşr etdirdiyi “Hayk” qəzetinin 1921-ci il noyabrın 13-də dərc olunmuş nömrəsindəki “Pərdə götürülmüşdür” sərlövhəli məqalədə müqavilə belə təqdim edilirdi: “Şanlı Qızıl Ordu komandanları Sovet federasiyasının tərkibinə daxil olan Ermənis-tanın mübahisəsiz hissəsini təşkil edən 1914-cü il sərhədlərində belə dayana və hətta kiçik Naxçıvanı kamalçıların cay¬naqlarından qopara bilmədilər”.
Yüz il fərqlə yazılmış yazılardakı oxşarlığa fikir verin. Vahimə subyekti Azərbaycan-Türkiyə ittifaqı olsa da, qəzəbin ünvanı hər iki halda eynidir.

 

Erməni millətçiliyinin təfəkkür tərzinin standartları qətiyyən dəyişmir. O təfəkkür tərzindən formalaşan ideologiya ötən əsrin 30-40-cı illərində hətta SSRİ-nin ali rəhbərliyində, İosif Stalində belə Qars müqaviləsinin ləğvi ilə bağlı qənaət yaratmışdı. Bu yöndə atılan ilk addım isə Vyaçeslav Molotovun rəhbərlik etdiyi Xarici İşlər Nazirliyinin “Türkiyəyə verilmiş ərazilərin geri qaytarılması” ilə bağlı nota oldu. Yeri gəlmişkən, 1945-ci ilin iyununda Türkiyə hökumətinə ünvanlanmış bu nota İkinci Dünya müharibəsinin yekunlarında SSRİ hökuməti üçün siyasi əsas olmalı idi.

 

Yüz il sonra həmin müqavilənin erməni işğalından azad edilmiş Şuşa şəhərində imzalanan Bəyannaməyə salınması, ilk növbədə, hər iki liderin dönməz iradəsinin göstəricisidir.
Şuşa Bəyannaməsinin əsasını təkcə Qars müqaviləsi deyil, 1994-cü il fevralın 9-da imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”ni və “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”u, eləcə də 2010-cu il avqust ayının 16-da imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə” də təyin edir.

 

Sözsüz ki, dünya mətbuatının Türkiyə Liderinin Azərbaycana son səfərinə hədsiz marağı 30 ildən çoxdur planetin ən qaynar nöqtələrindən biri kimi qəbul edilən Qarabağda ölüm və fəlakətin dayandırılmasıdırsa, digər tərəfdən, Prezident Ərdoğanın Azərbaycan Milli Məclisində dünyaya səslənərək haqqında danışdığı “o ölüm və fəlakətlərdən, axıdılan insan qanından fayda götürmək istəyənlərin” marağı oldu.

 

Şuşa Bəyannaməsi imzalanan günün axşamı Ermənistanın sabiq prezidenti, Milli Konqres partiyasından baş nazir postuna namizəd Levon Ter-Petrosyan işğalçı ölkənin İctimai Televiziyası ilə çıxışında fikrini belə ifadə etdi: “Qarabağ məsələsinin həllində artıq nə Ermənistanlıq, nə də ermənilərlik bir iş qalmayıb”. Xatırlatmaq yerinə düşər ki, 1923-cü ildə Rumıniyanın Konstansa şəhərində Daşnaksütyun partiyasının növbədənkənar konfransına hesabatını daşnak hökumətinin baş naziri olmuş Hovhannes Kaçaznuni bu adla təqdim etmişdi: “Daşnaksütyun üçün bir iş qalmadı”. Bunlar dəyişməyən təfəkkür tərzindən yaranan sindromlardır.

 

Hesab etmirik ki, oxşar adlarda paralellər aparmaq hansısa mistikadan xəbər verir, bununla belə, dünya ədəbiyyatının klassiklərindən olan Maksim Peşkov belə deyirdi: “Faktlar yaman tərs olur”. 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]