Səudiyyə Ərəbistanı ilə parlamentlərarası əlaqələrimiz genişlənir - FOTO

Səudiyyə Ərəbistanı ilə parlamentlərarası əlaqələrimiz genişlənir - FOTO

İyunun 23-də Milli Məclisin Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Səudiyyə Ərəbistanı Krallığının Məşvərət Şurasında  fəaliyyət göstərən Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə onlayn formatda görüş keçiriblər.


Videokonfransı açan Milli Məclisin deputatı, Səudiyyə Ərəbistanı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fatma Yıldırım öncə başçılıq etdiyi qrupun tərkibi barədə məlumat verib. Dövlətlərimiz arasında əlaqələrin inkişafında parlamentlərin öhdəsinə böyük iş düşdüyünü, mövcud əməkdaşlığın gücləndirilməsi üçün hüquqi bazanın genişləndirilməsi vacibliyini qeyd edib. Əminlik ifadə edib ki, hər iki dövlətin  deputatları bu istiqamətdə öz səylərini göstərəcəklər.


Fatma Yıldırım bildirib ki, Azərbaycanın xarici siyasətində Səudiyyə Ərəbistanı ilə münasibətlər xüsusi yer tutur. Ölkələrimizi qardaşlıq münasibətləri, ümumi islam mirası, maraqlarımıza xidmət edən hərtərəfli əməkdaşlıq əlaqələri birləşdirir. Dövlət başçılarının rəsmi səfərləri əlaqələrimizin genişlənməsinə güclü təkan verib.


İşçi qrupun rəhbəri videokonfransda Ermənistanın 30 il davam edən işğalçılıq siyasəti və o təcavüzkarlığın ağır nəticələri barədə də danışıb.


Milli Məclisin deputatı Səudiyyə Ərəbistanının BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarda hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləməsini, həmçinin Vətən müharibəsi günlərində bu ölkənin Xarici İşlər Nazirliyinin yaydığı bəyanatı təqdirəlayiq hal kimi dəyərləndirib və minnətdarlıq bildirib.


Videokonfransda “bizi mədəni, tarixi və İslam prioritetləri birləşdirir, bu isə siyasi əlaqələrdən daha dərindir” deyən Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Fayiz bin Abdullah Əl-Şəhri vurğulayıb ki, “Qarabağı azad etmək və öz ərazi bütövlüyünü təmin etmək Azərbaycanın haqq işidir. Biz bu məsələdə Azərbaycanı hər zaman beynəlxalq təşkilatlarda dəstəkləmişik və dəstəkləməyə davam edəcəyik.”


Fayiz bin Abdullah Əl-Şəhri parlamentlərarası əlaqələrimizin inkişaf etdirilməsini, qarşılıqlı görüşlərin intensivləşməsini, özəl sektorlarımız arasında birgə fəaliyyətin qurulmasını, səfirliklərdə və turizm sektorunda Azərbaycan və ərəb dillərini bilən mütəxəssislərin olmasını vacib sayıb.


Görüşdə işçi qrupunun üzvlərindən Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov COVİD-19 pandemiyası ilə əlaqədar ölkəmizdə həyata keçirilən tədbirlər barədə Səudiyyə Ərəbistanındakı deputat həmkarlarına ətraflı məlumat verib. Deputatlar Ceyhun Məmmədov və Afət Həsənova Ermənistanın müsəlman abidələrinə, məzarlıqlara qarşı  törətmiş olduğu dağıdıcı fəaliyyətdən və bir sıra digər aktual məsələlərdən bəhs ediblər.


Videokonfransda çıxış edən Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri turizm, idman, mədəniyyət sahələrində Azərbaycanla sıx əməkdaşlıq etmək niyyətində olduqlarını, parlamentlərarası təmasların, dostluq və əməkdaşlıq münasibətlərinin dərinləşməsini arzuladıqlarını bildiriblər.


Videokonfransda Milli Məclisin deputatı Kəmallədin Qafarov, Səudiyyə Ərəbistanı Krallığı parlamentinin nümayəndələri iştirak ediblər.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]