Gülağa Tənha : Şeirlərimin çoxunu göz yaşları içində qələmə almışam

Gülağa Tənha : “Şeirlərimin çoxunu göz yaşları içində qələmə almışam”

  Gülağa TƏNHA:

“Şeirlərimin çoxunu göz yaşları içində qələmə almışam”

 

2013-cü il noyabr ayının 11-də Masallı rayonunun Ərkivan qəsəbəsində yeni tikilmiş Mərasim evi yerli sakinlərin istifadəsinə verildi. Məşhur iş adamı, xeyriyyəçi Gülağa Tənhanın (Qəmbərovun) vəsaiti hesabına ərsəyə gələn bu möhtəşəm tikilinin açılış mərasimində rayonun icra strukturlarının və ictimaiyyətin nümayəndələri, qəsəbə ağsaqqlları, ziyalılar, din xadimləri və çoxsaylı qonaqlar iştirak edirdilər. APA İnformasiya Agentliyinin bölgə müxbiri kimi həmin tədbirdə mən də iştirak edirdim. Bütün çıxışlarda Mərasim evinin tikintisinə maddi yardım göstərmiş Gülağa Tənhaya minnətdarlıq ifadə olunaraq, onun əvvəllər də təkcə doğma rayonunda deyil, ümumən respublikada geniş xeyriyyəçilik fəaliyyəti ilə məşğul olduğu, qaçqın və köçkün ailələrinə, əlillərə, kimsəsiz və tənha şəxslərə maddi yardım göstərdiyi dönə-dönə bildirildi.
Gülağa Tənha isə çıxışı zamanı Vətəndən uzaqlarda yaşamasına baxmayaraq, bundan sonra da xeyriyyəçilik fəaliyyətini davam etdirəcəyini, Masallıda, Bakıda, respublikanın ayrı-ayrı rayonlarında yeni səhiyyə ocaqlarının, məktəblərin və digər sosial yönümlü obyektlərin tikintisinə maddi vəsait ayıracağına söz verdi.
Çıxışlardan sonra qurbanlar kəsildi, tədbir iştirakçıları üçün ehsan süfrəsi açıldı.
Qeyd edək ki, ikimərtəbəli, 600 yerlik Mərasim evində geniş mətbəx, hər iki mərtəbədə sanitar qovşağı, ikinci mərtəbədə geniş balkon, otaqların qışda qızdırılması və yayda sərinləşdirilməsi üçün kondisionerlər quraşdırılıb. Bundan əlavə Mərasim evinə gedən 500 metrə yaxın yola asfalt döşənib, hər iki tərəfə hasar çəkilib, işıqlandırma sistemi qurulub.
Onu da əlavə edək ki, əvvəllər də Masallıda xeyir-şər evləri tikilib. Öncə belə bir bina Masallı şəhərinin Yuxarı Baş adlanan hissəsində, sonra şəhərin Seybətin, Dadva, Digah ərazilərində, şəhərin mərkəzində və bir neçə kəndində inşa olunub. Lakin möhtəşəmliyinə, gözəl arxitekturasına və hərtərəfli rahatlığına görə onların heç biri Ərkivan qəsəbəsindəki Mərasim evi ilə müqayisə edilə bilməz. Onu da nəzərə alaq ki, digər yerlərdə belə binalar yerli əhalinin, yaxud da bir neçə sponsorun köməyi ilə tikilsə də, Ərkivandakı bina təkcə bir nəfərin - Gülağa Tənhanın maddi vəsaiti hesabına başa gəlib.
Tədbirdən sonra biz Gülağa Tənhaya yanaşıb, ondan müsahibə aldıq. Lakin həmin müsahibəni müəyyən səbəblərdən heç bir KİV-də dərc etdirmək mümkün olmadı. Müsahibədə səslənən fikirlərin aktuallığını nəzərə alaraq onu AZpress.AZ saytının oxucularına təqdim edirik.
- Gülağa müəllim, bu xeyriyyə işlərindən sonra yenədəmi fasilələr olacaq, yoxsa bunlar davamlı xarakter daşıyacaq?
- Əvvəla, bilmirəm kim bunları xeyriyyəçilik kimi qəbul edir? Amma mən deyərdim ki, bu, mənim xalq, Vətən qarşısında bir vətəndaş kimi, bir azərbaycanlı kimi borcumdur. Mən sadəcə imkanım daxilində öz vətəndaşlıq, azərbaycançılıq borcumu yerinə yetirirəm. Bilirsiniz ki, uzun illərdir xaricdə yaşayıram. Həm dövlət adamıyam, həm də iş adamı. Dövlət adamı kimi birinci növbədə mənim öz vəzifə borclarım var və onları layiqincə yerinə yetirməyə çalışıram. Keçən dəfə Azərbaycana gəlmək istəyəndə iş yerimdə sol ayağımın ağrıdığını bəhanə gətirmişdim. Bu dəfə isə gələndə sağ ayağımın ağrıdığını bəhanə gətirərək bülleten götürüb gəldim. Amma gördüyünüz kimi, Allaha şükür, sağ-salamatam. Məcbur idim ki, işdən ayrılıb Azərbaycana gəlməkdən ötrü bir bəhanəm olsun. Bu, işin bir tərəfi. İkinci tərəf isə ondan ibarətdir ki, mənim xaricdə biznes obyektlərim var və həmin biznesdən qazandığımın 10 faizini Vətən və soydaşlarım üçün xərcləməyi özümə borc bilirəm. Gələcəkdə mən, sizin dediyiniz kimi, xeyriyyəçilik fəaliyyətimi daha da genişləndirməyi nəzərdə tutmuşam. Azərbaycana hər gəlişim zamanı sizin kimi ziyalıların, jurnalistlərin, müəllimlərin məsləhətinə böyük ehtiyac duyuram. Çünki hər dəfə buradakı problemləri görə bilmirəm. Mənə yaxınlaşanlar isə əksərən pul istəyən, maddi yardıma ehtiyac duyan adamlar olur. Amma fərdi yardımlarla irəli getmək olmaz. Problemlər qədərincədir. Təhsili inkişaf etdirməliyik. Biz savadlı müəllimlərimizi irəli çəkməliyik. Mən rayonumuzda, eləcə də respublikamızda bir neçə məktəb tikdirmişəm. Lakin bu o demək deyil ki, məktəb tikməklə ağıllı, təhsilli şagirdlər yetişəcək. Ağıllı, təhsilli şagirdlər yetişdirmək üçün ağıllı, müdrik müəllimlər lazımdır. Biz respublikada həmin müəllimləri üzə çıxarmaqdan ötrü onlar üçün şərait yaratmalıyıq. Cənab prezidentimiz İlham Əliyevlə Mehriban xanım Əliyeva çox sağ olsunlar ki, 2005-ci ildə Heydər Əliyev Fondunu yaratdılar. Bu Fondla yanaşı, mən də bir sıra tikinti-quruculuq işlərinə imza atmışam. İş təkcə məktəb tikməklə bitmir axı! Biz həm də ümumən təhsilin inkişafına ciddi fikir verməliyik. Məsələn, gələcəkdə məqsədim doğulub boya-başa çatdığım Ərkivan qəsəbəsində xalqa təmənnasız xidmət göstərən poliklinika binasını tikməkdir. Həmçinin istedadlı şagirdlər üçün məktəb tikmək də çoxdankı arzumdur. Qoy uşaqlarımız yalnız ingilis deyil, eləcə də Çin və digər xarici dilləri də öyrənib mənimsəsinlər.
- Siz həm də istedadlı şairsiniz. Gördüyünüz bütün bu işlər yaradıcılığınıza mənfi təsir göstərmir ki?
- Əlbəttə yox! Mən görüb-götürdüyüm, şahidi olduğum hadisələrdən təsirlənərək şeir yazıram. Yazdığım şeirlərin əksər hissəsi Qocalar evindən, uşaq evlərindən aldığım təəssüratlar nəticəsində yaranıb. Şeirlərimin hamısı mənim ürək çırpıntılarım, ürək dərdlərimdir. Səmiyyətimə inanın, o şeirlərin çoxunu göz yaşları işində qələmə almışam.
- Gülağa müəllim, hər dəfə bu cür xeyriyyəçilik tədbirlərindən sonra hansı hisslər keçirirsiniz?
- Xalqın, millətin çoxlu problemləri var və çalışmaq lazımdır ki, bu problemlər həll olunsun. Bilirsiniz, bu günkü açılış zamanı ağlıma müxtəlif fikirlər gəldi. Bizim Ərkivanda idman məktəbinin açılışına böyük ehtiyac var. Rəhmətlik Nadir Ağayev mənim də məşqçim olub, kəndimizdə, rayonumuzda idmançıların yetişməsində böyük zəhməti var. Bax, istərdim ki, onun şərəfinə bir idman klubu, güləş məktəbi açım. Bu onun ruhuna böyük töhfə olardı. Ərkivan qəsəbəsi əhalisinin sayına görə Masallının ən böyük yaşayış məntəqələrindəndir. Buradan çoxlu yazıçı, şair, jurnalist, elm adamı, idmançı çıxıb. Çox istərdim ki, doğma kəndim bu estafeti bundan sonra da əlində qoruyub saxlamağı bacarsın.

Ağaddin BABAYEV

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]