Xəyyam Daşdəmirovun Tovuz döyüşlərində şəhid olmasının ildönümü qeyd olunub - FOTO

Xəyyam Daşdəmirovun Tovuz döyüşlərində şəhid olmasının ildönümü qeyd olunub - FOTO

İsmayıllı rayonunun Balik kənd sakini Xəyyam Daşdəmirovun şəhidlik zirvəsinə ucalmasından bir il ötür.
 

Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin rəisi, şəhidin ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
 

Şəhidin məzarı üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub. Şəhidin ailəsi evlərində ziyarət edilib.  
 

Rayon İcra hakimiyyətinin başçısı çıxışnda Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Tovuz döyüşlərindən düz bir il ötdüyünü qeyd edib. Düşmənin növbəti irimiqyaslı hərbi təxribatının qarşısını alan, onların müxtəlif hərbi obyektlərini, xeyli döyüş texnikasını və yüzədək canlı qüvvəsini məhv edən rəşadətli Azərbaycan əsgər və zabitinin qəhrəmanlığından söhbət açaraq iyul döyüşlərini 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərə aparan yol kimi xarakterizə edib. Tovuz döyüşlərində vətənin müdafiəsi uğrunda canından keçən Xəyyam Daşdəmirovun və digər şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən daim dərin ehtiramla yad edildiyini, onların qanlarının yerdə qalmadığını bildirərək bütün şəhidlərimizə rəhmət və qazilərimizə şəfa diləyib.
 

Xəyyam Daşdəmirov 2002-ci il fevralın 22-də İsmayıllı rayonunun Balik kəndində anadan olub. 2020-ci ilin may ayında həqiqi hərbi xidmətə çağırılıb və 2020-ci il iyulun 12-də Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində təxribatının qarşısını alan zaman şəhid olub. İyulun 13-də doğulduğu İsmayıllı rayonunun Balik kəndində dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Xəyyam Daşdəmirov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.
 

İyulun 12-də müxtəlif çaplı silahlardan və artilleriya qurğularından istifadə etməklə Ermənistan silahlı qüvvələrinin mövqelərimizə hücum etməsi ilə başlayan Tovuz əməliyyatı altı gün davam edib. Ordumuzun gördüyü cavab tədbirləri nəticəsində böyük itki verən düşmən geri çəkilməyə məcbur edilib. Ordumuz düşmənin 100-ə qədər canlı qüvvəsini, çoxlu sayda hərbi texnikasını və mühüm obyektlərini məhv edib. Döyüşlər zamanı general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, müddətdən artıq hərbi xidmət qulluqçuları - əsgər Elçin Mustafazadə, çavuş Vüqar Sadıqov, əsgər Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov düşmənlə döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucaldılar.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]