Milli Paralimpiya Komitəsində Tokio 2020-ə lisenziya qazanmış qadın paracüdoçular ilə görüş keçirilib - FOTO

Milli Paralimpiya Komitəsində Tokio 2020-ə lisenziya qazanmış qadın paracüdoçular ilə görüş keçirilib - FOTO

Görüşdə iştirak edən Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov lisenziya qazanmış idmançıları bir daha təbrik edərək bildirib ki, ilk dəfə olaraq qadın paracüdoçularımız 5 çəki dərəcəsində Paralimpiya Oyunlarında iştirak edəcək. Daha sonra İ.Rəhimov idmançıların hazırki fiziki və psixoloji vəziyyəti ilə maraqlanaraq qarşıdan gələn bu mötəbər yarışda onlara uğurlar arzulayıb.


Komitə prezidenti pandemiya və digər çətinliklərə baxmayaraq Milli Paralimpiya Komandasının Tokio 2020-ə yüksək səviyyədə hazırlaşdığına və idmançıların Yaponiyadan yüksək nəticə ilə qayıdacağına əmin olduğunu bildirib.


İ.Rəhimov: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmana, xüsusilə paralimpiya hərəkatına olan diqqət və qayğısının nəticəsi olaraq idmançılarımız hər zaman ölkəmizi beynəlxalq arenalarda yüksək səviyyədə təmsil edir, xalqımızı parlaq qələbələri ilə sevindirir. Əminəm ki, paralimpiyaçılarımız Tokioda uğurlu iştirak edərək Prezidentimizin bizə göstərdiyi etimadı doğruldub üçrəngli bayrağımızı zirvələrə ucaldacaqlar.”


Daha sonra Komitə prezidenti Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarına lisenziya qazanmış paracüdoçu qadınlara Yaponiyanın “Mizuno” şirkətininin istehsalı olan yeni kimonoları təqdim edib.


Cüdo idman növü üzrə qadınlardan ibarət milli komandanın baş məşqçisi Ramin İbrahimov MPK prezidenti İlqar Rəhimova göstərilən dəstəyə görə təşəkkürünü bildirmiş, idmançıların Tokio 2020-ə tam hazır olduğlarını və oradan Vətənə medal ilə qayıdacağlarına əmin olduğunu vurğulayıb.


Görüşdə Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov, Tokio 2020 Yay Paralimpiya Oyunlarında iştirak edəcək Azərbaycan milli komandasının şef-de-missionu Rauf Mürsəlov, şef-de-missonun müavinləri Azər Tapdıqov, Leyli Yusifli və Milli Abilimpiya Federasiyasının vitse-prezidenti Rüfət Hacılı iştirak ediblər.


Qeyd edək ki, qadın paracüdoçulardan Şəhanə Hacıyeva (-48 kq), Bəsti Səfərova (-52 kq), Sevda Vəliyeva (-57 kq), Xanım Hüseynova (-63 kq) və Dürsədəf Kərimova (+70 kq) Tokio 2020-də ölkəmizi təmisl edəcəklər. Ümumilikdə Azərbaycan Milli Paralimpiya komandası bu günə 6 idman növündən 34 lisenziya qazanıb.  11-i cüdo, 10-u atletika, 4-ü parataekvando, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündəndir. Azərbaycan Paralimpiya tarixində bu rekord göstəricidir.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]