Dönüş anı: 1969-cu ilin iyulunda Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi həyatın ritmini dəyişdi

Dönüş anı: 1969-cu ilin iyulunda Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi həyatın ritmini dəyişdi

Dönüş anı: 1969-cu ilin iyulunda Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi həyatın ritmini dəyişdi 

 

1969-cu ilin iyulu... Bu təqvimin Azərbaycan tarixində xüsusi yeri var. Azərbaycan KP MK-nın plenumunda Heydər Əliyev birinci katib seçildi. Bununla da SSRİ-nin geridə qalmış ucqarlarından biri olan Azərbaycanın həyatında dönüş yarandı, yeni bir dövr başladı. Yeni birinci katib ətalət və durğunluq buzunu sındırdı, həyat ritmini dəyişdirdi. Həmin illərin mənzərəsini müxtəsər olaraq belə təsvir etmək olar: Bakıda o dövr üçün nadir müəssisələr - məişət kondisionerləri, dərin dəniz özülləri zavodları, “Gülüstan” sarayı, indiki Heydər Əliyev sarayı kimi yaraşıqlı binalar tikildi. Yeni Əhmədli, Günəşli yaşayış massivlərinin, mikrorayonların salınması əhalinin mənzil probleminin həllinə yol açdı. Eyni zamanda, kənd təsərrüfatı dirçəldildi, pambıq, üzüm, tərəvəz istehsalı dəfələrlə artdı. Buna adekvat olaraq, kənd əhalisinin güzəranı yaxşılaşdı.

 

Heydər Əliyevin respublika rəhbəri seçilməsi ilə həm də xalqımızın mənəvi-əxlaqi dəyərlərinə söykənən genişmiqyaslı tədbirlərin həyata keçirilməsi insanlarda milli ruhun oyanışını şərtləndirdi. Bu baxımdan Ümummilli Lider Qarabağa çox böyük diqqət və qayğı göstərir, Azərbaycan milli maraqlarını hər zaman uca tuturdu. Onun qətiyyəti sayəsində erməni iddiaları iflasa uğrayırdı. Ümumiyyətlə, Heydər Əliyevin qətiyyətli mövqeyi hər zaman SSRİ rəhbərliyində olan erməni millətçilərini çox narahat edirdi. Bu, onların öz çirkin niyyətlərini həyata keçirmələri üçün ciddi bir maneə idi.

 

1969-1982-ci illəri haqlı olaraq Azərbaycanın intibah dövrü adlandırmaq olar. Heydər Əliyev yalnız Azərbaycanın intibah dövrünün müəllifi deyil, həm də öz idealları ilə yollarımızı işıqlandıran parlaq mayakdır, xalqımızın qürur və iftixar mənbəyidir. O, SSRİ-in əsas rəhbər orqanı olan Siyasi Büronun üzvü seçilmişdi. Daha sonra SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunmuşdu. Bu hadisələr Azərbaycanda əsl bayram əhval-ruhiyyəsi yaratmışdı. Doğrudan da azərbaycanlının SSRİ kimi nəhəng dövlətin hakimiyyət iyerarxiyasında yüksək mövqe tutması qürurverici idi. Eyni zamanda, Heydər Əliyevin öz nüfuzundan və yüksək vəzifənin imkanlarından istifadə edərək bir sıra ittifaqmiqyaslı layihələri Bakıya yönəldirdi.

 

SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olarkən gördüyü nəhəng işlər, fitri təşkilatçılıq bacarığı Heydər Əliyevin şöhrətini getdikcə artırırdı. Bu, imperiyanın bəzi rəhbərlərini qıcıqlandırır, onlarda həsəd və paxıllıq hissləri yaradırdı.

 

Mixail Qorbaçov siyasi hakimiyyətə gəldikdən sonra Heydər Əliyevə qarşı aparılan bədnam kampaniya açıq müstəviyə keçdi. O, ölkə rəhbərliyi ilə aralarında yaranmış ciddi fikir ayrılığı səbəbindən istefa verdi. Bununla eyni vaxtda Azərbaycanın qara günləri başladı. İndi də bir çoxları əminliklə deyir ki, əgər o vaxt Heydər Əliyev rəhbərlikdə olsaydı, Qarabağ hadisələri də, 20 Yanvar faciəsi də baş verməzdi.
Dövlət müstəqilliyinin bərpasının olduqca ağır keçən ilk illərində ölkədə görünməmiş xaos və anarxiya hökm sürürdü. İqtidarın səriştəsizliyi, hakimiyyət uğrunda çəkişmələr Azərbaycanı uçuruma sürükləyirdi. 1993-cü ilin yayında siyasi və iqtisadi böhran kulminasiya nöqtəsinə çatdı. Yaranmış son dərəcə mürəkkəb və ağır vəziyyətdə xalq gözünü Heydər Əliyevə dikmişdi. Hamı belə bir yekdil fikirdə idi ki, ölkəni fəlakətdən yalnız bu müdrik insan qurtara bilər.

 

Azərbaycan xalqı, xüsusən ziyalılar onu təkidlə Bakıya, siyasi rəhbərliyə dəvət edirdi. Heydər Əliyev gəldi və xilaskarlıq missiyasını cəsarətlə üzərinə götürdü. Bu qayıdış Azərbaycan tarixinə həmişəlik yazılmış hadisələrdən biri oldu. Ulu Öndər uzaqgörən siyasəti, güclü iradəsi sayəsində Azərbaycanı parçalanmaqdan, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi.

 

Müdrik siyasətçi və dövlət xadimi olan Heydər Əliyev yaxşı bilirdi ki, yaşanan dərin sosial-iqtisadi böhrandan yeganə çıxış yolu neftdir. Buna görə də gərgin səylər bahasına “Amoko”, “BP”, “Yunokal”, “LUKoyl”, “Statoyl”, “Ekson”, “İtoçu” kimi nəhəng şirkətlərlə “Əsrin müqaviləsi”nin imzalanmasına nail olundu. Bununla da Azərbaycanın inkişafının, gələcək uğurlarının əsası qoyuldu.

 

Sonra üç dəniz əfsanəsi adlandırılan Bakı-Tbilisi-Ceyhan neft kəməri, onun ardınca Bakı-Tbilisi-Ərzurum qaz kəməri ərsəyə gəldi.

 

Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövrü bu və digər taleyüklü hadisələrlə zəngindir. Ulu Öndər sosial-iqtisadi siyasətdə köklü dəyişikliklərlə eyni vaxtda nizami ordu yaradılması istiqamətində də davamlı iş aparırdı. Məhz həmin dövrdə qurulan ordu torpaqlarımızın işğaldan azad olunacağına inamı artırırdı.

 

Xatırlatmaq yerinə düşər ki, Ulu Öndər hələ sovet dövründə sanki gələcəyi görür, böyük uzaqgörənliklə milli zabit kadrların yetişdirilməsinə çalışırdı. O vaxtlar Azərbaycandan orduya çağırılan gənclər döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən tikinti batalyonlarında xidmət edirdilər. Məqsəd aydın idi - azərbaycanlılar arasında peşəkar hərbçilərin yetişdirilməsinə imkan verməmək. Bu siyasətin mahiyyətini yaxşı dərk edən Heydər Əliyevin qətiyyəti sayəsində 1971-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb yaradıldı. Ulu Öndər, həmçinin azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə də nail oldu. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, Vətən müharibəsində yüksək peşəkarlıq və misilsiz igidliklər göstərdilər.

 

Ulu Öndərin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ümummilli Lider illər öncə böyük uzaqgörənliklə deyirdi: “Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır”.

 

Həmin vaxt 17 ildən sonra yetişdi. Ümummilli Liderin qoyduğu möhkəm təməl əsasında Azərbaycan ildən-ilə gücləndi, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirdi, qüdrətli ordu yaratdı. Məhz iqtisadi güc, rəşadətli ordumuz düşməni torpaqlarımızdan qovub çıxardı, üçrəngli bayrağımız yenidən Vətən torpaqlarında, Qarabağın tacı olan Şuşada qürurla dalğalanmağa başladı. Dəmir yumruqla beli qırılan, başı əzilən düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu, ərazi bütövlüyümüz təmin edildi. Ümummilli Liderin məcburi köçkünlər qarşısında çıxışlarının birində böyük inamla söylədiyi bu sözlər yada düşür: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik”.

 

Ulu Öndərin arzuları reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Xalqımızın 30 illik yurd həsrətinə, torpaq nisgilinə son qoyulub. Biz doğma Qarabağımıza qovuşmuşuq. Bu Zəfərə gedən yolun əsasında Azərbaycanın böyük oğlu, dünya şöhrətli siyasi xadim, dahi Heydər Əliyevin ölməz ideyaları dayanır.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]