101 illik Zəngəzur ədalətsizliyi

101 illik Zəngəzur ədalətsizliyi

101 illik Zəngəzur ədalətsizliyi

 

Prezident İlham Əliyev tarixi torpaqlarımzda Azərbaycanın hüququnu bəyan etdi

 

 

Zəngəzurun Ermənistana verilməsinə Azərbaycanın dövlət xadimlərinin etirazları və qaçqınların qaytarılması məsələsi

 

 

Zəngəzurun Ermənistana verilməsindən sonra azərbaycanlı əhalinin vəhşicəsinə qovulması daha da artdı. Bununla əlaqədar olaraq Naxçıvan Mərkəzi İcraiyyə Komitəsinin sədri 1922-ci il mayın 27-də İttifaq Sovetinə göndərdiyi məktubunda yazırdı:

 

“Qafqazda inqilab olanadək iki-üç il daşnakların hökmranlığı altında erməni kəndlilərinin fanatik hissəsi əsrlərlə qonşu olan azərbaycanlılara qarşı silah işlətdilər, ölüm-dirim mübarizəsi başladı. Andranikin, Yaponun və b. daşnak dəstə başçılarının təzyiqləri altında hər şeylərindən məhrum olan azərbaycanlılar daimi yaşayış yerlərini tərk etdilər. Onların bir qismi Naxçıvan diyarında sığınacaq tapdı. Diyarın əhalisi ərzaq ehtiyatını həmin insanlarla bölüşdürdü. Lakin bu, dənizdə bir damla idi. Qaçqınlar xəstəliklərə düçar oldular. Zəngəzur sovetləşdirildikdən sonra onların daimi yaşayış yerlərinə qayıtmalarına ümidləri artdı, qabaqcıl dəstələri Zəngəzura qayıtdı. Lakin Zəngəzurda onları qəbul etmədilər. Həmin şəxslər evlərinə yerləşmiş ermənilərlə dalaşmağa başladılar. Ermənistan Salmas və Xoydan olan erməni qaçqınlarını yerləşdirdiyi üçün azərbaycanlıları daimi yaşayış yerlərinə qəbul etmədilər”.

 

Məsələni müzakirə etmək üçün Naxçıvana gələn Zəngəzur İnqilab Komitəsinin sədri S.Q.Arutunyan açıq şəkildə bildirdi ki, azərbaycanlı qaçqınları qəbul etməyəcəklər, çünki Zəngəzurda 100 min nəfər əhali olduğu halda 300 min desyatinə (1 desyatin 1.036 hektara bərabərdir) yaxın əkin və otlaq sahəsi vardır. Bir neçə gün sonra Ermənistan SSR Xalq Komissarları Soveti həmin mövqeni təsdiq edən teleqramı Azərbaycan hökumətinə göndərdi.

 

Qaçqınlar məsələsi həllini gözlədiyindən Zaqafqaziya hökuməti xüsusi bir komissiya yaratdı. 1922-ci il iyunun 9-da Qaçqınların məsələsi üzrə komissiyanın iclası (protokol №1) keçirildi. İclasda Gürcüstan SSR xalq torpaq komissarı Todriya, Ermənistan SSR xalq torpaq komissarı Erzikyan, Azərbaycan SSR xalq xarici işlər komissarı Mirzədavud Hüseynov, Naxçıvanın nümayəndəsi F.Bağırov, məşvərətçi səslə Kakabadze, Ter-Qazaryan və Əliyev iştirak edirdilər.

 

Birinci məsələ kimi Naxçıvan qəza İcraiyyə Komitəsinin sədri Heydərovun və məsul katibin müavini Musayevin teleqramı müzakirə edildi. Teleqramda Qubadlı qəzasından Zəngəzur qəzasına dönən qaçqınlara yerli hakimiyyət orqanlarının maneələr törətdiyi vurğulanırdı. Məsələnin müzakirəsi zamanı xüsusi bir fikir söyləyən M.Hüseynov və F.Bağırov bildirdilər ki, Ermənistan SSR-dən olan və torpaqlarına hələ ermənilər yerləşdirilməyən azərbaycanlı qaçqınlar Zəngəzur qəzası istisna olmaqla özlərinin Ermənistandakı əvvəlki yaşayış yerlərinə qaytarılmalıdırlar. Lakin bu fikir nəzərə alınmadı. Məsələyə dair qəbul edilən qərarda yazılırdı ki, Ermənistan SSR ərazisində sərbəst torpaq fondu olmadığı üçün Ermənistandan qaçqın düşmüş və hazırda Azərbaycan SSR və Naxçıvanda olan 28 min nəfərədək azərbaycanlı qaçqını sərbəst torpaqlarda yerləşdirmək Azərbaycan SSR hökumətinə tövsiyə edilsin, onların kəndlərində Ermənistan SSR-də olan erməni qaçqınlar yerləşdirilsin. Bununla Ermənistan SSR hökuməti təminat verirdi ki, mövcud şəraitdə Azərbaycandan və Ermənistan SSR ərazisindən olan qaçqınlar keçmiş yerlərinə qayıtmayacaqlar.

 

İkinci məsələ Naxçıvan diyarının Ordubad qəzasına Zəngəzurdan gəlmiş qaçqınlar haqqında idi. Bu məsələ üzrə birinci maddəyə bənzər qərar qəbul edildi, yəni onların da keçmiş yaşayış yerlərinə qayıtmaları uyğun görülmədi.

 

Qaçqınlar məsələsi komissiyanın 12 iyun tarixli iclasında təkrarən müzakirə edildi. Komissiyanın məruzəsi ilə Erzinkyan çıxış etdi. Əvvəlki iclasda qəbul olunmuş qərarlar təsdiq edildi.

 

Həmin iclasda Naxçıvan xalq sosial təminat komissarının məruzəsi dinlənildi. O, Ermənistan hökumətinin Zəngəzurdan olan qaçqınları daimi yaşayış yerlərinə qayıtmaq üçün qəbul etməkdən imtina etdiyini, Ermənistanda ermənilərin yerləşdirilməsinə dair daşnak siyasətinin davam etdirildiyini, Ermənistan nümayəndəsi Manusyanın 2 min puda qədər olan taxılı yalnız ermənilərə payladığını və azərbaycanlıların ehtiyaclarını nəzərə almadığını diqqətə çatdırdı. Bildirdi ki, Zəngəzur qaçqınlarının geriyə qaytarılmasına dair Naxçıvanda xüsusi bir qərar qəbul edilsə də, kağız üzərində qalıb.

 

Müzakirə zamanı Qaçqınların məsələləri üzrə komissiyanı daimi komissiyaya çevirmək haqqında qərar qəbul edildi. Komissiyanın tərkibinə Ermənistandan Surxay Karabekyan, Gürcüstandan Kakabadze, Azərbaycandan N.Nəcəfov daxil edildilər.

 

Daimi komissiyanın iclasları əsl siyasi döyüşü xatırladırdı. Erməni bolşevikləri tarixi torpaqlarından qovulmuş azərbaycanlıların geri dönməsinə icazə vermir, bunun üçün müxtəlif bəhanələr gətirir, həyasızlıqla yuxarı hakimiyyət orqanlarına müraciətlər edirdilər. Məsələn, İttifaq Soveti yanında Qaçqınların məsələləri üzrə daimi komissiyanın erməni-əsilli üzvü Zaqafqaziya Diyar Partiya Komitəsinə göndərdiyi məktubda yazırdı ki, Ermənistanda qaçqınların yerləşdirilməsi üçün bir qarış da torpaq yoxdur. Guya qaçqınların bir qisminin yerləşdirilməsi digərlərinin torpaq payının azaldılması hesabına mümkün olub, onlar torpaqsız kəndliyə çevriliblər, bütün Ermənistanda ən ağır vəziyyət Zəngəzur qəzasındadır. Məktubda daşnakların hökmranlığı dövründə ərazilərin genişləndirilməsi üçün amansız mübarizə aparıldığı və Zəngəzurdan azərbaycanlıların məhz bu dövrdə qovulduqları vurğulanırdı. Komissiya üzvünün yazdığına görə, sovet hakimiyyəti qurulduqdan sonra öz torpaqlarına qayıtsalar da, onların torpaqları artıq erməni kəndlilərinə keçmişdi. Geri qayıdan qaçqınlara torpaq verilməsi xeyli çətin idi. Daha sonra yazılırdı ki, Zəngəzur qəza İcraiyyə Komitəsi yaranan mübahisələri aradan qaldırıb, yerli azərbaycanlılar üçün az da olsa, torpaq payı ayırıb. Məktubda azərbaycanlıların Zəngəzur qəzasına bundan sonra qayıtmalarının çətinliklər yarada biləcəyi qeyd edilir, gələcəkdə ciddi mürəkkəbliklərin yaranmaması üçün məsələni “Azərbaycanın nəhəng sərbəst torpaq fondu hesabına həll edilməsi” istənilir, Qubadlı qəzasında 10 min desyatin münbit torpaq olduğu yazılır, Zəngəzur və Qubadlı qəzalarının birgə torpaq fondunun yaradılması təklif edilirdi.

 

Erməni tərəfinin Azərbaycan ilə birgə torpaq fondu yaratmaq təklifi hiyləgərliklə düşünülmüş bir addım idi. Bununla erməni bolşevikləri əvvəlcə Azərbaycanla ümumi torpaq fondu yaratmaq, sonra isə fonda daxil olan torpaqları mübahisəli elan edib, tədricən ələ keçirmək niyyəti güdürdülər.

 

Ümumi torpaq fondunun yaradılması təklifinə Azərbaycan tərəfinin münasibətini xalq torpaq komissarı 1922-ci il noyabrın 8-də RK(b)P Zaqafqaziya Diyar Partiya Komitəsinə göndərdiyi məktubunda yazırdı ki, Azərbaycanda qalan Qubadlı və Ermənistana keçən (sənəddə keçən ifadəsi yazılıb - M.Q.) Zəngəzur qəzalarının ümumi torpaq fondunun yaradılmasına dair təklifə mahiyyətcə etiraz etmir, lakin Qubadlı qəzasının torpaqları əvvəlcə azərbaycanlı əhalinin sərəncamında olub, milli toqquşmalar nəticəsində onlar hazırda Azərbaycanın müxtəlif qəzalarına səpələniblər və yaşayırlar. Onun fikrincə, Qubadlı qəzasından hansısa torpaq payının verilməsindən əvvəl müsəlman qaçqınların sayını dəqiqləşdirmək lazım idi. Yalnız bundan sonra hansı torpaqların ümumi fonda daxil ediləcəyini müəyyənləşdirmək olardı. Zəngəzur qəzasının 405 min desyatin (təqribən 419 min 580 hektar) ərazisi Ermənistana verilmişdi. Burada geniş meşələr və əkin sahələri var idi. Rəsmi sənədlərdə yazıldığı kimi, həmin ərazinin otlaq sahəsi olan 140 min desyatini əsrlər boyu azərbaycanlılar tərəfindən istifadə edilmişdi. Erməni bolşevikləri özlərinə məxsus tərzdə həyasızlıq edərək bütün bunları qəbul etmək istəmirdi. Ermənistan sovetləşdirilsə də, azərbaycanlılara münasibət dəyişməmiş, onların evlərinə ermənilər yerləşdirilmişdi. Evsiz-eşiksiz qalan azərbaycanlılar isə Azərbaycana üz tuturdular.

 

RK(b)P Zaqafqaziya Diyar Komitəsi Rəyasət Heyətinin 1922-ci il 2 dekabr tarixli iclasında (protokol №46) İttifaq Sovetinin Qaçqınların məsələsi üzrə daimi komissiyasına Qubadlı və Zəngəzur qəzalarında qaçqınlara torpaq ayrılması üçün fondun öyrənilməsi məqsədi ilə məlumat toplamaq tapşırıldı. Zəngəzur qəza Partiya Komitəsinin katibi Təvəkkülyan və qəza İcraiyyə Komitəsinin sədri Arutunov Ermənistan K(b)P MK-ya göndərdikləri teleqramda azərbaycanlı qaçqınlara torpaq verilməsi məsələsinin həllinə dair özünəməxsus təkliflərini yazdılar. Artıq qeyd edildiyi kimi, əvvəllər Qubadlı və Zəngəzur qəzalarında ümumi torpaq fondu yaratmağı təklif edən bu şəxslər yazırdılar ki, guya azərbaycanlı bəylər torpaqlarını verməmək üçün azərbaycanlı qaçqınları Zəngəzur dağlarının torpaqsız ərazilərinə qovurlar və azərbaycanlı qaçqınların keçmiş torpaqları artıq 5-6 ildir torpaqsız erməni kəndlilərinə verilib. Onların fikrincə, azərbaycanlıların geri dönmələri milli münasibətləri kəskinləşdirərdi.

 

Torpaq məsələsinə Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi Torpaq Komissiyasının 1927-ci il 9 yanvar tarixli iclasında baxıldı. Zaqafqaziya MİK Rəyasət Heyətinin 1927-ci il 11 yanvar tarixli iclasında isə (protokol №2, §5) Torpaq Komissiyasının 9 yanvar tarixli iclas protokolunun (№38) 1-ci bəndi - “Ermənistan SSR-in Zəngəzur və Meğri qəzaları ilə Azərbaycan SSR-in Kürdüstan və Qaryagin qəzalarının inzibati-təsərrüfat sərhədlərinin müəyyənləşdirilməsi məsələsi” Mixa Tsaxakayanın sədrliyi altında müzakirə edildi. Məsələni Zaqafqaziya MİK-in Torpaq Komissiyası təqdim etdi.Torpaq Komissiyasının 9 yanvar tarixli iclas protokolunun 1-ci bəndi təsdiq edildi. Qərara görə, Zəngəzur və Kürdüstan qəzaları arasında sərhəd Gorusçaydan Susantəpə dağlarındakı kurqanın cənubuna qədər 64012' 075.3909'4525 təsdiq edilirdi. Azərbaycana məxsus Nüvədi, Eynadzor və Tuğut kəndləri torpaqları ilə birlikdə Ermənistan SSR-in Meğri qəzasına verilirdi. Oxçuçay və Bəsitçay hövzəsində yerləşən və əhalisi yalnız azərbaycanlılardan ibarət olan 21 kənd Zəngəzur və Qaryagin qəzaları arasında mübahisəli ərazi kimi qaldı. Həmin ərazilərin bu və ya digər tərəfə mənsub olması məsələsi açıq saxlanıldı. Sərhədi xırdalığına qədər düzgün müəyyənləşdirmək üçün ilk imkan olduqda Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin üzvü Vano Sturuanın sədrliyi altında Azərbaycan və Ermənistan xalq torpaq komissarları yerlərə göndəriləcək, onların sərəncamına yerölçən də veriləcəkdi.

 

12 min desyatin olan Alagöllər adlı otlaq sahəsi Kürdüstan qəzasının tərkibində saxlanıldı. Ermənistan SSR-in Zəngəzur qəzası ilə Azərbaycan SSR-in Kürdüstan qəzası arasında sərhədlər tərəflər arasında 1928-ci il 24, 25, 26 avqust tarixli saziş protokoluna əsasən təsdiq edildi. Əvvəllər Ermənistana verilmiş Nüvədi, Eynadzor və Tuğut kəndlərinin Ermənistan SSR-in Meğri, yoxsa Azərbaycan SSR-in Cəbrayıl qəzalarına verilməsi məsələsi yenidən müzakirə edildi. Bu üç kənd torpaq sahələri ilə birlikdə Ermənistan SSR-in Meğri qəzasına verildi. Əhalisi azərbaycanlılardan ibarət olan 21 kənd Cəbrayıl qəzasında saxlanıldı.

 

9 kənd isə Ermənistana verildi.

 

Beləliklə, Zəngəzurun Ermənistana verilməsi ilə Azərbaycanın digər ərazilərinin Naxçıvanla, Türkiyənin isə türk dünyası ilə quru əlaqəsi kəsildi, tarixi ədalətsizlik yaradıldı.

 

 

Tarixi torpaqlarımıza qayıdacağıq: yeni üfüqlər astanasında

 

 

2020-ci il 10 noyabr tarixində imzalanan üçtərəfli bəyanata Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə Zəngəzur dəhlizinin açılmasının daxil edilməsi və 2021-ci il 15 iyun tarixində Türkiyə Cümhuriyyəti Prezidenti Rəcəb Tayyib Ərdoğanla imzaladığı Şuşa Bəyannaməsində bu dəhlizin yaradılmasının bir daha təsbit edilməsi tarixi ədalətin bərpasına yönəlib.

 

Azərbaycan Respublikasının iqtisadi rayonları barədə Prezident İlham Əliyevin 7 iyul tarixli fərmanına əsasən Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması millətimizin qan yaddaşını, unutdurulmağa çalışılan tarixi gerçəkliyi bərpa etdiyi üçün böyük əhəmiyyət daşıyır.

 

14 iyulda Xocasəndə şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin verilməsi mərasimində etdiyi çıxışında Prezident İlham Əliyevin söylədiyi aşağıdakı fikirlər strateji əhəmiyyət daşıyaraq bizi yeni üfüqlərə götürür:

 

“...Şərqi Zəngəzur bizim tarixi torpağımızdır, Qərbi Zəngəzur bizim tarixi torpağımızdır. Biz tarixi unuda bilmərik, kiminsə siyasi maraqlarının girovuna çevirə bilmərik. Gəlsinlər, açsınlar tarixi sənədləri, xəritələri, baxsınlar, sovet hökuməti Zəngəzuru nə vaxt Azərbaycandan qoparıb Ermənistana verib. Bu, yaxın tarixdir - 101 il bundan əvvəl. Yəni biz deyək ki, bu olmayıb? Nəyə görə? Biz həqiqəti deyirik. Bizim dədə-baba torpağımızdır: bütün Zəngəzur - Şərqi və Qərbi Zəngəzur. İndi Ermənistanda deyirlər ki, İlham Əliyev ərazi iddiası ilə çıxış edir. Əgər Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Demişəm ki, biz oraya qayıtmalıyıq. Bunu hələ on il bundan əvvəl demişəm. Mənim çıxışlarım hamısı mətbuatda var. Demişəm ki, bizim dədə-baba torpağımızdır, biz oraya qayıtmalıyıq və qayıdacağıq və qayıdırıq. Heç kim bizi dayandıra bilməz. Mütləq qayıdacağıq, çünki bunun başqa yolu yoxdur”.

 

 

Musa QASIMLI,

Milli Məclisin deputatı,

AMEA-nın müxbir üzvü

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]