Səbinə Xasayeva: Tarixi nur, tarixin nuru

Səbinə Xasayeva: Tarixi nur, tarixin nuru

19-cu əsrin sonlarında Azərbaycanda maarifçilik genişlənməkdə idi. Rusiyanın müxtəlif şəhərlərində ali təhsil alıb Vətənə qayıdanlar xalqın maariflənməsi istiqamətində mühüm, gərəkli işlər görürdülər. Həsən bəy Məlikov (Zərdabi) də belə tarixi şəxsiyyətlərdən biri olub.


Həsən bəy Zərdabi Azərbaycanda ilk milli mətbuatın başlanğıcı olan “Əkinçi” qəzetinin naşiridir. Qəzet 1875-ci il iyulun 22-də nəşrə başlayıb.


Həsən bəy Zərdabinin məqsədi qəzet nəşr etdirməklə xalqın maariflənməsinə, xalqı elmə, təhsilə həvəsləndirməyə, cəhalətdən qurtarmağa, qəflət yuxusundan oyatmağa qayğı göstərmək idi. Həsən bəy Zərdabi 1906-cı ildə “Həyat” qəzetində “Rusiyada əvvəlinci türk qəzeti” məqaləsində yazırdı: "Hər kəsi çağırıram - gəlməyir, göstərirəm - görməyir, deyirəm - qanmayır. Belə də qəzet çıxarmaqdan savayı bir qeyri əlac yoxdur ki, kağızın üstə yazılmış doğru sözlər qapı-pəncərələrdən o iman mənzillərinə çata bilsin. Heç olmaz ki, doğru sözlər yerdə qalsın. Hər ildə on qəzet oxuyandan birisi oxuduğunu qansa, onların qədəri ilbəil artar. Axırda o bənd ki, suyun qabağını kəsmişdi və suyu axmağa qoymurdu, rəxnə tapar və su mürur ilə bəndi uçurub aparar. Sonra düşmənin düşmənliyi, dostun dostluğu və dost göstərən doğru yolun doğru olmağı aşkar olar". Bu kəlmələr ilk Azərbaycandilli qəzetin məramının ifadəsidir.


“Əkinçi” qəzeti nəinki Azərbaycanda, ümumən Qafqazda təhsilin, maarifin, yeni sahə olmaq etibarilə jurnalistikanın, ədəbiyyatın, tarixin, mədəniyyətin inkişafında bir mərhələ oldu. Bu mərhələ sonralar inkişaf dövrlərinin başlanğıcı kimi tarixləşdi.


Sonralar yaranan bütün qəzetlər “Əkinçi”nin davamçısı kimi onun maarifçilik, xəlqilik, dünyəvilik yolunu sözə sədaqətlə davam etdirdilər. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin daxili və xarici siyasətinin sədaqətli mühafizəkarı olan çağdaş jurnalistikamıız “Əkinçi”nin kifayət qədər genişlənmiş, inkişaf etmiş, mükəmməlləşmiş, ən yüksək səviyyədə xəlqi, xəlqi-milli səviyyəyə çatmış ideyalarının əsgəridir.


146 ildir milli mətbuatımızın öncülü kimi yaranan, bu gün də mənəvi öncül kimi yaşadılan "Əkinçi" qəzeti çağdaş jurnalistikamızın yolunu nurlandırmaqdadır. Bu nur tarixi nurdur, tarixin nurudur.
 


Səbinə Xasayeva,
Milli Məclisin deputatı

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]