Xəyalə Sevil: Duyğularım...

Xəyalə Sevil: Duyğularım...

Və bir gün qarşına bir adam çıxa,
Əridəsən hisslərinin qarını.
Açasan qəlbini bir sərgi kimi,
Tək-tək göstərəsən duyğularını.

 

 Gözümün nəm şüşəsini
Silib təzədən baxıram.
Mən öz gözümdən düşmüşəm,
Bilib təzədən baxıram.


Saçım, gözüm, üzüm, əlim,
Hər şey eybəcər görünür.
Susuram səsimdən küsüb,
Boğazım qəhər görünür.


Bir yandan da artıq çəki...
Nə geyim yaraşsın mənə?
Gözümdəki, könlümdəki
ÜRƏYİM yaraşsın mənə.


Oxuduğum kitablar da
Vaxt öldürür, göz aldadır.
Mənim sənsiz günüm budur,
Bəs səninki nə haldadır?

 

***   ***   ***    ***   ***

 

İçimin qoca qarısı...


Bilirdim ki, solub bu gül,
Bundan çiçək açan olmaz.
Bir ümiddi,
Ürəyimdə ehtiyata saxladım,
Haçan olar.. Haçan olmaz!
İndi gecənin yarısı,
Qanayır könül yarası.
İçimin qoca qarısı
Deyinir...
"Ondan sənə can olmaz..."
Tale necə? Yaşamalı yerdimi?
Həsrətimi yanağıma sərdimi?
Kimə deyim ürəyimin dərdini?
"De" deyirsən,
"Gəl" deyirsən
Tanrı,
Sənin qapın, bacan olmaz.

 

***   ***   ***    ***   ***

 

İçimdə bir sıxıntı var,
Bir ah çəkdirir adama,
Gəl görəsən!
Buludlar ağ çiçək kimi
Açılıb göy üzündə,
İndi bir yağış yağacaq,
Sel görəsən.
İlahi, hərdən nəfəs al,
Boğuluram bu havada.
Boynum bir nazik ipdədi,
Yıxılıram bu havada.
Anlayıram hər şeyi,
Ürəyimdə əndişə var...
Eh, bu nə ruh düşkünlüyüdü?
Seçim axı həmişə var:
Pis, yoxsa daha pis?

 

***   ***   ***    ***   ***

 

Hər şey yoluna düşür,
Öyrəşirəm təkliyə.
Nə sənə əl uzadıram,
Nə Tanrıya: əllərimdən çək- deyə.
Hər şey yoluna düşür,
Səhər-axşam darıxmaq da
Vərdiş halına düşür.
...Gözlərimdən axıb getdi,
Ürək bir ovuc su idi.
Amma hələ düşünürəm:
Yarım qaldı,
Ya tamamı bu idi?..

 

***   ***   ***    ***   ***

 

Duyğularım

 

Bir göz sıxım gedişinə,
Bir söz düşsün dodağımdan,
Şeir olsun.
Yenə yadıma düşmüsən
Gecə vaxtı,
Aman, Allah, xeyir olsun.
Vaxtına çəkir həsrətin,
O gün də şər qarışanda
Gördüm, Tanrı əllərimi
Üstümə tullayıb gedir.
İçimdəki quyunun
Dibindən gəlirdi səs:
Unut! Unut!
Üçüncüdə-
Sözünü ağzında qoydum,
Başını üzdüm ümidsizliyimin
Bıçağı boğazında qoydum.
İntihardı bu ayrılıq,
İntihardı - biləyəcən.
Axı biz danışmışdıq sənlə,
Danışmışdıq: Çəliyəcən!

 

***   ***   ***    ***   ***

 

Soyuyuram hər şeydən
Soyuyuram hər şeydən,
Tamam ruhdan düşürəm.
Göyün mavi üzündə
Qalan ruhum qəribdi.
Bir quşun dimdiyində
Yerə düşən dən kimi
Yetişibdi əllərim,
Tanrı mənim əllərimi dəribdi.
Bekara qayğılar başımı qatır,
İş-güc, ev-eşik, bir də -
Nə yaxşı var - uşaqlar.
Ömrüm boyu darıxdığım
Kimdir, nədir - bilmədim,
Yanağımın divarından asılıdı uzaqlar.

 

***   ***   ***    ***   ***

 

Sınıq güzgü


Axşam qaraldır yolları,
Göy üzündəki gün düşür.
Keçirsən bir sınıq güzgü önünə,
Şəkil çəkdirirsən.
Görürsən ki, şəklin də üzgün düşür.
Sonra əllərini salıb yanına
Dolaşırsan gecələyən küçəni.
Neçəyədək sayım sonra qayıtsın?
- Ürəyindən gülmək keçir,
Üçəmi?
Qəfil dayanırsan!
Düşür yadına -
O sınıq güzgün düşür...
Mən heç səni unutmuram, İlahi,
Sənin yadına kim düşür?!

 

***   ***   ***    ***   ***

 

Bir bəhanə tap, zəng elə


Heç kim
Məni səndən soruşmayacaq.
Nə də heç kim səni məndən.
Nə gözəl ayrılıq oldu.
Dərdi yığdım gözlərimə,
Yanaqlarım qayıq oldu...
Əllərimdən soruşuram
Səni tez-tez,
Gözlərimdən tökülürsən.
Eh! Yenə də bir yol tapıb,
Ürəyimə çəkilirsən.
Elə gücüm də yoxdu,
Ürəyimi bədənimdən yıxam ki...
Bir bəhanə tap, zəng elə,
Elə darıxıram ki...

 

Və bir gün qarşına bir adam çıxa
Və bir gün qarşına bir adam çıxa,
Elə oyanasan yuxundan elə
Gördüyün yuxular yadından çıxa.


Və bir gün qarşına bir adam çıxa,
Əridəsən hisslərinin qarını.
Açasan qəlbini bir sərgi kimi,
Tək-tək göstərəsən duyğularını.


Və bir gün qarşına bir adam çıxa,
Bircə baxışından səsini duya.
Səni bu dünyada bəlkə, bəlkə də,
Atandan, anandan artıq tanıya.


Və bir gün qarşına bir adam çıxa...
Gözlərimdə ürəyimin səsi var.
Boğazacan yığılmışam, ilahi,
Səbrimin tükənmək təhlükəsi var.

 

 

 

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]