Regionda tranzitin inkişafına dair məsələlər müzakirə olunub

Regionda tranzitin inkişafına dair məsələlər müzakirə olunub

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Tranzit Nəqliyyatı üzrə Əlaqələndirmə Şurası Gömrük Tranzit Komitəsinin onlayn formatda 7-ci iclası keçirilib.
 

İclasda İƏT üzv dövlətlərinin gömrük və nəqliyyat qurumları, eləcə də Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (IRU) və milli BYD zəmanət birliklərinin nümayəndələri iştirak ediblər.
 

İclasa Azərbaycan Respublikası adından Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralov sədrlik edib.
 

İclasda tranzitin inkişafı sahəsində üzv dövlətlər tərəfindən həyata keçirilmiş tədbirlər, İƏT-in Tranzit Nəqliyyatı Çərçivə Sazişinin (TTFA) icrası, İƏT nəqliyyat dəhlizlərində yerinə yetirilmiş tranzit layihələri üzrə yeniliklər, İƏT regionunda tranzit əməliyyatlarının rəqəmsallaşdırılması, regional dövlət-özəl sektor tərəfdaşlığı, COVID-19 pandemiyası dövründə sərhəd-keçid əməliyyatlarının tənzimlənməsi məsələləri müzakirə olunub.
 

Dövlət Gömrük Komitəsinin nümayəndəsi iclasda Azərbaycandan keçən nəqliyyat dəhlizlərinin tranzit potensialının inkişaf etdirilməsi, tranzit dəhlizlərinin rəqabət qabiliyyətinin və səmərəliliyinin artırılması, həmin dəhlizlərə əlavə tranzit yük axınlarının cəlb edilməsi, yüklərin çatdırılma müddətinin azaldılması istiqamətində görülən işlərdən danışıb.
 

Eyni zamanda, ölkəmizdə gömrük əməliyyatlarının tam elektronlaşdırılması, sərhədkeçmə proseslərinin sadə və sürətli şəkildə həyata keçirilməsi istiqamətində atılan addımlar barədə məlumat verilib.
 

Bundan başqa, tranzit yüklərin rəsmiləşdirilməsinin sürətləndirilməsi, BYD Konvensiyasının tətbiqi imkanlarının genişləndirilməsi, gömrük prosedurları və sənədləşmənin sadələşdirilməsi və harmonizasiyası və digər məsələlərlə bağlı müzakirələr aparılıb, təklif və rəylər dinlənilib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]