Ağalar İdrisoğlu: MƏDDAHLAR ÖLKƏSİNDƏ MÜSABİQƏ

Ağalar İdrisoğlu: MƏDDAHLAR ÖLKƏSİNDƏ MÜSABİQƏ

Ağalar İdrisoğlu: MƏDDAHLAR ÖLKƏSİNDƏ MÜSABİQƏ

 

   

          (hekayə)

 

 

AĞALAR İDRİSOĞLU
Əməkdar incəsənət xadimi

 

 

Gündoğarlar ölkəsinə əlli ildən çox rəhbərlik eləyən sülalə hakimiyyəti milləti tamam çökdürmüşdü...Və bu əlli ildə ölkənin adamlarının üzündə həmişə qəm-kədər vardı. Baxmayaraq bu torpağın altı da, üstü də böyük sərvət olsa da, ölkədəki insanlar bir tikə çörəyə həsrət, möhtac idilər. Adamların beynində hər gün yalnız bir fikir vardı: “ Necə eləsinlər ki, axşam evə çörək, yavanlıq alıb aparsınlar ki, uşaqları ac qalmasın”. Bəli. Bu ölkədə hamı çörəklə imtahana çəkilir, polislə, prokurorla, məhkəmə və təhlükəsizlik işçiləri ilə qorxudulurdu...
Amma çox böyük bir qrup məddahlar sülalə hakimiyyətini hər gün tərif eləyir və qəzetlərdə, saytlarda, radiolarda, televiziyalarda və hətta dərsliklərdə onların şəninə saysız-hesabsız mədhiyyələr deyir, yazırdılar. Guya bu ölkə dünyanın ən sivil və ən varlı ölkəsidi. Adamları da yağ-bal içində yaşayırlar. Bu ölkədə hətta gündüz belə çıraqla axtarsan, bir nəfər işsiz, ac-yalavac adam tapa bilməzsən...

 

Bu ölkədə əlli il bundan qabaq qoyulan maraqlı bir qərarda vardı. Sülalənin ilk hökmdarının doğum günündə Gündoğarlar ölkəsində hər il müsabiqə keçirilirdi. Adı da belə idi: “Məddahların müsabiqəsi”. Bu müsabiqənin jüri üzvləri sülalənin ailə üzvləri və onlara daha çox yaxın olan, onları daha çox tərifləyən adamlar idi. Onlar qalib gələn məddahlara çox böyük miqdarda pul, ev, maşın verirdilər. Həm də ömürlük təqaüd kəsirdilər. Yaşa da bundan sonra özünçün... Bundan yaxşı nə ola bilərdi?.. Məgər bundan humanist, bundan səxavətli qanun ola bilərdimi? Bu, hamını dingildətmişdi. Hamının başını xarab eləmişdi. Axı bu qədər pulu kim istəməzdi? Bununçün gərək dəlixanadan kağızın olmalıydı ki, sən həqiqətən dəlisən və bu qədər pulu istəmirsən. Hələ üstəlik də ev, maşın, ömürlük təqaüd....

 

Bax ona görə də bu müsabiqədə iştirak etməkçün Gündoğarlar ölkəsində çox böyük canfəşanlıq vardı. Demək olar ki, “məmə yeyəndən, pəpə deyənə” kimi hamı məddah şeirlər, hekayələr, esselər və hələ dünya ədəbiyyatına düşməyən janrda yazılar yazırdılar. Rəsm əsərləri çəkirdilər. Heykəllər düzəldirdilər. Və çoxlu əl işi hazırlayırdılar. Mahnıların isə sayı-hesabı olmurdu... Kinofilmlər, teatr tamaşaları da öz yerində... Sözün həqiq mənasında həmin günə çox böyük hazırlıq gedirdi. Müsabiqəyə təqdim olunan əsərlərə, yazılara və başqa işlərə ilk öncə hakimiyyətə rəhbərlik eləyən vəliəhd hökmdar özü baxır və ilk qərarı da o özü verirdi. Onun sözü həm ailə və həm də jüri üzvləri üçün əsas qanun idi. Bir ay davam eləyən bu müsabiqəyə minlərlə və bəlkə də milyondan çox zərfin, bağlamanın içərisində yazılar, disklər, rəsm əsərləri, eləcə də heykəllər və başqa materiallar gəlirdi. Müsabiqəyə göndərilən yazılara belə bir şərt qoyulmuşdu: Yazılar cəmi on üç cümlədən ibarət olmalı idi. Çünki ilk hökmdar hakimiyyətə cəmi on üç il rəhbərlik eləmişdi. Bu on üç nəhs rəqəm olsa da Gündoğarlar ölkəsində ən sayılıb-seçilən rəqəm idi. Hə, indi kişisən özünün ilk hökmdarla bağlı yaxşı fikirlərini on üç cümlə ilə və orijinal formada vəsf elə görüm, necə eləyirsən... Ya da elə rəsm əsəri, heykəl yarat, kinofilm çək, tamaşa hazırla ki, görüm necə hazırlayacaqsan...

 

Vəliəhd hökmdarın bir ay işi yalnız bu müsabiqəyə gələnləri oxumaq və baxmaq idi. Həmin bir ayda da məmurlar millətin başına turp əkirdilər və ölkəni istədikləri kimi talayırdılar. Rüşvət həmin ayda özünün pik həddinə çatırdı... Mağazalarda, bazarlarda da qiymət vurub kəllə-çarxa çıxırdı... Ən maraqlısı budur ki, adı Gündoğarlar olan bu ölkənin var-dövləti, sərvəti o qədər çox idi ki, nə qədər talansa da qurtarmırdı ki, qurtarmırdı... Bax, adam buna çox təəccüb eləyirdi və mat qalırdı... Belə də möcüzə olar?..

 

Vəliəhd hökmdarın əlində iki rəngdə qələm olurdu. Qırmızı və qara. Hansı yazıya qırmızı işarə qoyurdusa, həmin yazını başqalarına da oxumağa icazə verirdilər. Hansı yazıya qara rəng işarəsi qoyurdusa, həmin dəqiqə cırıb, zibil yeşiyinə atırdılar. Vəliəhd hökmdar o qədər belə yazılar oxumuşdu ki, artıq iki-üçüncü cümlədən yazının hansı sonluqla bitəcəyini əzbər bilirdi. Ona görə də yazılara elə də çox vaxt sərf eləmirdi. O, gündə ən azından iki yüz belə yazı oxuya bilirdi... Ya da rəsm əsərlərinə, heykəllərə, kinofilmlər, tamaşalar yazılan disklərə baxır, mahnılara qulaq asırdı.

 

Həmin vaxt onun əlinə bir məktub gəldi. Zərfi açıdı. Zərfin içində təkcə Gündoğarlar ölkəsində yox, dünyada məşur olan və çox baha qiymətə satılan şokaladın üstündə atası ilə qoşa olan şəklini gördü. Şəkli şokoladın üstündə olan rəngli kağızdan səliqə ilə kəsmişdilər. Bu zərfdə 13 yaşlı bir uşağın da şəkli vardı. Altında ağ bir vərəqdə səliqə ilə bu sözlər yazılmışdı:

 

- Ey böyük və adil hökmdar, bilin ki, bu şokaladı çox baha qiymətə satırlar. Demək olar ki, bunu almağa heç kimin pulu yoxdur. Çünki hamı gündəlik qazancına evinə yalnız çörək və yavanlıq ala bilir. Ona görə də biz uşaqlar bu şokalada həsrət qalmışıq. Əgər mümkünsə bizum məhəlləmizdə olan uşaqlar üçün bu şökaladdan göndərin. Bizim məhəllədə mənim yaşımda və məndən kiçik cəmi əlli uşaq var. Çünki qadınlar uşaq doğmaq istəmirlər. Əgər doğsalar, uşaqlarını onlar axı nə ilə dolandırsınlar?.. Ərlərinin, özlərinin maaşı qəpik-quruşdur və onlara uşaq pulu da verilmir... Əgər siz bizə şokalad göndərsəniz, biz sizə bundan sonra Şökalad Hökmdar deyəcəyik... Sizə bir həqiqəti də deyim ki, yaltaqlarla, məddahlarla Vətən xainlərinin heç bir fərqi yoxdur. Çünki Vətən də, əqidə də müqəddəsdir və belələrində müqəddəslik olmaz. Bu ölkədə hətta arvadınız, uşaqlarınız, bütün qohumlarınız, ətrafınızda olan yaxın adamlar sizi aldadırlar və bu yolla da onların özləri tezliklə elə sizi yıxacaqlar...
Bu sözləri oxuyan vəliəhd hökmdar əvvəl başa düşmədi ki, nə yazılıb. Daha doğrusu, dərk eləmədi. Axı bu vaxta qədər ona heç kim belə sözlər yazmamışdı və deməmişdi... Və bir də oxudu... Bir də oxudu...

 

Öz-özünə fikirləşdi:

-Doğrudanmı bu sözlər 13 yaşlı bir uşağın sözləridi? Doğrudanmı o, ölkəsini düzgün idarə eləyə bilmir? Doğrudanmı ailə üzvləri, ətrafında olanlar ona yalanlar satırlar? Doğrudanmı onun xalqı ac-yalavac yaşayır? Doğrudanmı yazılan bu qədər yazılar, kitablar boğazdan yuxarıdır? Bu qədər oxunan mahnılar, çəkilən rəsm əsərləri, kinofilmlər, hazırlanan tamaşalar, yapılan heykəllər hamısı qorxudan və məddahlıqdandır? Doğrudanmı televiziyalarda göstərilən sənədli və bədii filmlər gələcəkdə zibil yeşiklərinə atılacaq? Ölkəni talayan məmurları axı o, niyə cəzalandırmır? Xalqın malını talayaraq, özlərinə böyük villalar tikdirənləri o, niyə görmür? Onun zülmündən ölkədən qaçıb, xaricdən onu tənqid eləyənlərin fikirlərinə o, niyə barmaqarası baxır? Niyə onların öldürülməsinə, həbs olunmasına sərəncamlar verir?.. Bu xalqın günahı nədir ki, onun ətrafında olanlar xalqın başına turp əkirlər?.. Bəlkə özünə aludəçilikdən, vurğunluqdan, bütün günü kefdə-damaqda olmasından onun ağlı həqiqətən də çaşıb?..
Hökmdar gördü ki, o özü də cavabları özü üçün də çətin olan 13 sual fikirləşdi... Bunları reallaşdırmaq isə artıq onun gücü xaricində idi. Çünki o hər şeyi əldən vermişdi... Bu sualları cavablandırmağa ona ətrafında olanlar heç cürə imkan verməzdi... Bircə yol qalırdı, real olanı da bu idi: Özü ilə atasının şəkli olan şökaladlar həmin gündən pulsuz oldu. Həmin 13 yaşlı uşaq isə müsabiqənin qalibi elan olundu. Ona 50 ədəd şokalad, mükafat üçün çoxlu pul göndərildi. Həmin uşaq isə o pulu məhəllərəindəki 50 uşaq arasında ata malı kimi böldü. Bu haqda mətbuatda yazıldı, televiziyalarda deyildi... 13 yaşlı uşaq hökmdara məhəllənin bütün uşaqlarının adından minnətdarlığını bildirdi. O gündən ölkədəki bütün uşaqlar və şokalad sevən böyüklər ona “Şokalad Hökmdar” dedilər...

 

Məddahlar müsabiqəsi isə daha birdəfəlik ləğv olundu. Hətta məddah yazılar yazanlar cəzalandı və qınaq yerinə çevrildi... Bundan sonra həmin ölkədə demokratiya cücərməyə

 

başladı....
Balacaboy, monqolsifət, həddindən artıq kök olan, güləndə cımıq gözləri yumulan vəliəhd hökmdarın bacardığı yalnız bunlar oldu. “Buna da min şükür”, -dedi Gündoğarlar ölkəsinin kasıb və biçarə adamları.

 

Onlar həqiqətən də öz haqlarını tələb eləməyi bacarmırdılar. Çünki əlli il bundan qabaq hakimiyyətə gələn ata hökmdar xalqı necə qorxudub “axtalamışdısa”, həmin qorxu hissləri adamların canından hələ də çıxmırdı ki, çıxmırdı...

 

 

Sumqayıt şəhəri
7 iyun - 2020- ci il,
Koronavirus dövründə yazılıb

 

 

 

 

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]