Pedaqoji Universitetdə paralimpiya çempionu olan bacılar və onların müəllim anaları ilə görüş - FOTO

Pedaqoji Universitetdə paralimpiya çempionu olan bacılar və onların müəllim anaları ilə görüş - FOTO

Sentyabrın 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin Ümumi coğrafiya kafedrasının dosenti Zülfiyyə Kərimova və onun bu yaxınlarda "Tokio 2020 XVI Yay Paralimpiya Oyunları"nda bütün rəqiblərinə qalib gələrək paralimpiya çempionu olan iki qızı - para-cüdoçularımız Dürsədəf Kərimova və Xanım Hüseynova ilə   görüş keçirib.


Təcrübəli müəllim və paralimpiya çempionu bacılara gül dəstələri və dəyərli hədiyyələr təqdim edən rektor böyük uğur münasibətilə onları təbrik edərək dosent Zülfiyyə Kərimovaya övladlarının ölkəmizin bayrağını beynəlxalq arenada dalğalandırmasının özünün 100 illiyini qeyd edən Pedaqoji Universitet ailəsində də  olduqca böyük fərəh hissi ilə qarşılandığını deyib və istedadlı övladlar tərbiyə etdiyinə, o cümlədən məhsuldar elmi-pedaqoji fəaliyyətinə görə ona universitet rəhbərliyi adından xüsusi təbrik məktubunu təqdim edib.


Göstərilən diqqətə görə minnətdarlığını bildirən dos. Z.Kərimova deyib: "Mən Pedaqoji Universitetdə gələcəyin müəllimlərinə Azərbaycan coğrafiyasının incəliklərini öyrədirəm, ona görə də ölkəmizin adının və bayrağının ucalması mənim üçün ən önəmli məqamdır. Övladlarımın qalib gəlməsi və Azərbaycan bayrağını dalğalandırmasını böyük həyəcan və qürurla seyr elədim və ağladım. Hər iki övladımın bu qələbəsini Vətən şəhidlərimizin əziz xatirəsinə ithaf edirəm."


Söhbət əsnasında çempionlarımız Dürsədəf Kərimova və Xanım Hüseynova bacıları  bildiriblər ki, onlar yarışlara yola düşərkən Heydər Əliyev adına Beynəlxalq Hava Limanında onları Qarabağda savaşan Xüsusi Təyinatlı Qüvvələrin əsgərləri yola salıb və onlara Azərbaycan bayrağını təhvil veriblər. Bu isə onlar üçün böyük ruh yüksəkliyi və bir növ məsuliyyət yaradıb ki, bu müqəddəs bayrağı mütləq Tokioda da yüksəltsinlər. Və paralimpiya oyunlarına qatılan 5 qadın para-cüdoçumuzdan Xanım və Dürsədəf bacıları da daxil olmaqla 4-ü qızıl medal qazanıb.


Çıxış edənlərdən ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov, sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev öz səmimi təbriklərini çatdırıb, onların uğurlarının bütün tələbə-gənclərimiz üçün örnək olduğunu vurğulayıblar.


ADPU-nun strateji inkişaf məsələləri üzrə prorektoru, dosent Könül Pirverdiyeva öz növbəsində bildirib ki, Zülfiyyə xanım vaxtilə onun özünün də müəllimi olub və o, həm peşəkar müəllim, həm də vətəndaş məsuliyyətli əsl valideyndir. Dürsədəf və Xanım bacılarının uğurları da bunun göstəricisidir.


Dos. Z.Kərimova xoş diləklərə görə təşəkkürünü bildirib. Qeyd olunub  ki, ADPU-da yeni işə cəlb olunan istedadlı məzunlardan Elvin Vahidov da məhz Zülfiyyə xanımın tələbəsidir.


Görüşün sonunda, xatirə şəkli çəkilib.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]