GÜNÜN KRİMİNAL XƏBƏRLƏRİ

GÜNÜN KRİMİNAL XƏBƏRLƏRİ

GÜNÜN KRİMİNAL XƏBƏRLƏRİ 

 

#istintaq  Yeniyetmə 53 yaşlı kişini öldürdü

 

Sentyabrın 10-u saat 06:00 radələrində 1968-ci il təvəllüdlü Əli Əliyevin bıçaqlanaraq xəsarət alması nəticəsində ağır vəziyyətdə Göyçay Rayon Mərkəzi Xəstəxanasına daxil olması və orada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Göyçay Rayon Prokurorluğunda aparılan araşdırmalarla zərərçəkmişin tanışı, 2005-ci il təvəllüdlü İsmayıl Babazadənin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Əli Əliyevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İsmayıl Babazadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

======================================

 

#pandemiya  “E-təbib” sistemində saxtakarlıq edənlər barəsində cinayət işi başlanılıb

 

Koronavirus pandemiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə aparılan genişmiqyaslı vaksinasiya prosesinə qarşı yönəlmiş qanunsuz əməllərə qarşı prokurorluq orqanları tərəfindən kompleks mübarizə tədbirləri çərçivəsində növbəti qanun pozuntusu aşkarlanıb.

Goranboy Rayon Prokurorluğundan verilən məlumata görə, Goranboy Rayon Mərkəzi Xəstəxanasında (RMX) avqustun 24-də koronavirus xəstəliyi əleyhinə aparılmış vaksinasiya prosesi zamanı qanunsuzluqlara yol verilməsi barədə daxil olan məlumat əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı Goranboy RMX PHŞ-də tibb qeydiyyatçıları Gülşad Əliyeva və Ayşən Qəhrəmanovanın vaksinasiyanın həyata keçirilməsi ilə bağlı onlara həvalə edilən qulluq səlahiyyətlərindən istifadə etməklə tamah niyyəti ilə “e-təbib” informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində zəruri istintaq hərəkətləri həyata keçirilir.

 

======================================

 

#virus Aptekdə aktiv koronavirus xəstəsi aşkarlandı

 

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər sakini Elməddin Abdullayevin COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün o, ev şəraitində müalicəyə cəlb edilib.

Lakin həmin şəxs karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib və şəhər ərazisində insanların sıx hərəkətdə olduğu yerdə polis əməkdaşları tərəfindən saxlanılıb.

İnfeksiya daşıyıcısı olduğunu bilə-bilə yaşadığı ünvanı tərk edərək digərlərinin də sağlamlığı üçün real təhlükə yaradan E.Abdullayev barəsində Balakən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi başlanılıb.

Nazirliyin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə isə, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon sakini Çingiz Seyidovun COVID-19 testinin nəticəsi pozitiv olmasına və ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq, qaydaları pozaraq yaşadığı ünvanı tərk etdiyi aşkarlanıb.

Həmin şəxs Hacallı kəndində özünə məxsus aptekdə işçilərlə ünsiyyətdə olarkən yaxalanıb.

Ç.Seyidovla izahedici söhbətlər aparılıb və o, yaşadığı ünvana geri qaytarılıb.

Hazırda onun barəsində Qəbələ Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]