ADA Universiteti "Bir Müəllimin Manifesti" təhsil proqramına qəbul elan edir

ADA Universiteti "Bir Müəllimin Manifesti" təhsil proqramına qəbul elan edir

11 may 2021-ci ildə ADA Universiteti “Bir müəllimin manifesti” adlı təşəbbüsü ilə çıxış edərək, milli təhsil sistemimizin başlanğıc nöqtəsi hesab olunan Qazax Müəllimlər Seminariyasının təlim-tədris ənənələrini yaşatmaq üçün onun binasının bərpasını və təhsil missiyasının dəvam etdirilməsini öz üzərinə götürmüşdür. Artıq memarlıq-tikinti işləri başlanmışdır. Eyni zamanda təhsil proqramına aid hazırlıqlar tamamlanmış və tərtib olunmuş birillik ixtisasartırma proqramının 1 oktyabr 2021-ci il tarixindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bildirmək istərdik ki, təklif olunan ixtisasartırma proqramı artıq ADA Universiteti tərəfindən Təhsilin İdarə Edilməsi fakültəsində bir neçə sertifikat proqramı əsasında uğurla sınaqdan keçirilmişdir. Kredit əsaslı təhsil proqramında regionlardakı orta məktəblərin müəllim və direktorları iştirak edə bilərlər. Proqram əyani və distant formatda aparılacaqdır. Əyani formatda proqram Bakı Dövlət Universitetinin Qazax filialında (ilk ilində), ADA Universitetində və ADA Universitetinin Vaşinqton Mərkəzində keçiriləcəkdir.


Proqramda aşağıdakı fənlər tədris olunacaq:


1. Müasir tədrisin əsasları (əyani və distant);
2. Tədqiqat metodları və Tədbiqi tədqiqat (əyani və distant);
3. Müəllim və Liderlik (əyani və distant);
4. Akademik yazı (əyani və distant);
5. İngilis dili (distant).


Bu fənlərin tədrisi oktyabr, noyabr, dekabr, fevral və mart aylarının ilk həftəsində (4-5 gün ərzində, həftəsonu daxil olmaqla) əyani olaraq aparılacaqdır. Digər vaxtlar isə fənlərin tədrisi distant şəkildə ADA Universitetinin “Blackboard” öyrənmə platforması üzərindən həyata keçiriləcəkdir. Proqram ADA Universitetinin aparıcı professor-müəllim heyəti tərəfindən keçiriləcək və Azərbaycan dilində tədris olunacaqdır. Vaşinqton Proqramı—Proqramın ABŞ-da keçirilən hissəsi 10 həftə üçün nəzərdə tutulmuşdur. Bu müddət ərzində proqram iştirakçıları ADA Universitetinin Vaşinqton Mərkəzində təşkil olunacaq seminar, mühazirə və konfranslarda iştirak edəcək, müxtəlif yerli məktəb, kollec və universitetlərə səfər edəcək, Vaşinqtonda keçirilən tədbirlərdə iştirak edəcək, muzey və mədəniyyət abidələrində olacaq, ingilis dilini təkmilləşdirəcək və ABŞ-ın təhsil sistemində mövcud olan qabaqcıl nümunələrlə tanış olacaqlar. Proqramın ABŞ komponentində iştirak etmək üçün proqramda nəzərdə tutulan bütün tələblərə riayət edən, yüksək fəallıq göstərən, yerli proqramda və xüsusilə ingilis dilində yüksək nəticə əldə edən müəllim və məktəb direktorları seçiləcəkdir. Təlim proqramını uğurla başa vuran iştirakçılar sertifikat ilə təltif olunacaqlar.


Proqram iştirakçılarının seçim meyarları:


Proqramda ADA Universitetinin əməkdaşlıq etdiyi məktəblərlə yanaşı, digər region məktəbləri də iştirak edə bilərlər. Bu ixtisasartırma proqramında iştirak etmək üçün Bakı və Sumqayıt şəhərləri istisna olmaqla, Azərbaycanın digər şəhər və rayonlarında yerləşən, ən azı 3 il pedaqoji təcrübəsi olan orta məktəb müəllim və direktorları müraciət edə bilərlər. Üstünlük fənn müəllimləri və fənn tədrisi ilə məşğul olan məktəb direktorlarına veriləcəkdir. İngilis dili bilikləri (ən azı başlanğıc səviyyəsi) arzu olunandır. Yekun seçim müsahibə əsasında aparılacaqdır. Maraqlanan şəxslər “CV”ni (Tərcümeyi-hal) [email protected] elektron ünvanına göndərə bilərlər.


Son müraciət tarixi:


20 sentyabr 2021-ci il.


ADA Universiteti sınanmış təcrübəsini regionlarla bölüşməkdən qürur duyur və özlərini belə bir layihədə görməyə hazır olan namizədləri gözləyir.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]