Mərkəzi Elmi Kitabxanada Heydər Əliyev və musiqi mədəniyyəti mövzusunda lektoriya keçirilib +FOTO=10

Mərkəzi Elmi Kitabxanada “Heydər Əliyev və musiqi mədəniyyəti” mövzusunda lektoriya keçirilib +FOTO=10

Mərkəzi Elmi Kitabxanada “Heydər Əliyev və musiqi mədəniyyəti” mövzusunda lektoriya keçirilib +FOTO=10

 

Sentyabrın 16-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin təşkilatçılığı ilə Heydər Əliyev lektoriyasının növbəti məşğələsi keçirilib.

 

“Heydər Əliyev və musiqi mədəniyyəti” adlı lektoriyada Heydər Əliyev Fondunun nümayəndəsi, AMEA-nın elmi-tədqiqat institutlarının əməkdaşları, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professorları, xalq artistləri, əməkdar artistlər, KİV nümayəndələri və digər mötəbər qonaqlar iştirak ediblər.

 

AMEA MEK-in baş direktoru, professor Məmməd Əliyev çıxışında, professional musiqi sənətinin, qədim köklərə dayanan milli musiqimizin gözəl bilicisi olan Azərbaycan xalqının ümummilli lideri, dünyaşöhrətli siyasətçi Heydər Əliyevin Azərbaycan musiqisinin inkişafı və beynəlxalq aləmdə tanınması istiqamətində gördüyü işlərdən, musiqişünasların fəaliyyətinin hər zaman yüksək qiymətləndirilməsindən, incəsənətimizin zirvələri fəth etməsi işində əvəzsiz xidmətlərindən danışıb. “Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Məhz Heydər Əliyevin qayğısı nəticəsində görkəmli bəstəkarlarımız Qara Qarayev, Fikrət Əmirov, Niyazi və Rəşid Behbudova “Sosialist Əməyi Qəhrəmanı” fəxri adları verilmişdir. Bu mövzuda lektoriyanın keçirilməsi təsadüfi deyil. Belə ki, Üzeyir Hacıbəyli sənətinin böyük vurğunu olan ulu öndər Heydər Əliyev tərəfindən əbədiləşən, dahi bəstəkarın doğum gününün musiqi bayramı kimi qeyd edilməsi ənənəsi də, məhz bu sahədə görülən işlərin davamı idi”- deyə professor Məmməd Əliyev qeyd edib.

 

Baş direktor nəzərə çatdırıb ki, rəhbərlik etdiyi kitabxanada ömrünü xalqına həsr etmiş dahi lider Heydər Əliyevin fəaliyyətinin bütün dövrlərini geniş aspektlərdən təhlil edən, həmçinin mədəniyyət və incəsənət sahəsindəki gördüyü əməli işlərindən bəhs edən dəyərli nəşrlər yer almaqdadır.

 

Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun nümayəndəsi Zaur Əliyev vurğulayıb ki, dahi lider Heydər Əliyevin qayğısı sayəsində yüksək sənət zirvələri fəth etmiş Azərbaycan milli musiqisi bu gün ölkə başçısı İlham Əliyevin diqqət mərkəzindədir. Qeyd olunub ki, Azərbaycanın Birinci vitse prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi altında Ulu Öndərin adını nəcib və xeyirxah əməlləri ilə əbədiləşdirən Heydər Əliyev Fondu cəmiyyətimizin bütün sahələrində müxtəlif layihələr həyata keçirərək Azərbaycanın inkişafına öz layiqli töhfələrini verir.

 

“İşğaldan azad edilmiş, Qarabağın mirvarisi sayılan Şuşa şəhərində mədəniyyət abidələrinin bərpası və yenidən qurulması, “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı kompozisiyanın, "Xarıbülbül" beynəlxalq musiqi festivalının keçirilməsi birbaşa Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən icra edildi. 29 ildən sonra bərpa edilən festival sözün əsl mənasında milli birlik, qürur, zəfər, ləyaqət bayramına çevrildi”- deyə Fondun nümayəndəsi qeyd edib.

 

Daha sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Musiqi tarixi kafedrasının müdiri, Azərbaycan Respublikasının Əməkdar müəllimi, professor Ülviyyə İmanovanın mövzu ətrafında geniş məruzəsi dinlənilib. Alim Ulu öndərlə bağlı xatirələrini bölüşərək, mədəniyyəti xalqın böyük sərvəti hesab edən dahi liderin Respublikaya rəhbərlik etdiyi dövrlərdə ölkəmizin bütün sahələrində olduğu kimi Azərbaycan xalqının milli mədəniyyətinə, onun tarixi qaynaqlarına həmişə diqqətlə yanaşdığını qeyd edib.

 

Tədbirin bədii hissəsində xalq artisti Gülnaz İsmayılovanın ifasında Asəf Zeynallının “Ölkəm” romansı, əməkdar artist Səidə Şərifəliyevanın ifasında Elza İbrahimovanın “Daha məndə dözüm yox”, Ü.Hacıbəylinin “Sənsiz” mahnısı və digər vokalçılardan maraqlı kompozisiyalar dinlənilib.
Sonda tədbir iştirakçıları sərgiyə baxış keçiriblər. Sərgidə dahi lider Heydər Əliyevin milli musiqimizdə, həmçinin Azərbaycan Mədəniyyəti Dostları Fondunun və YUNESKO-nun "Muğam dəstgahları" layihəsi çərçivəsində görülən işlərdən, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Azərbaycanın mədəni irsinin qorunması, bütün dünyada daha geniş və ən yüksək səviyyədə təbliğindən bəhs edən dəyərli nəşrlər nümayiş olunub. Nəşrlər sırasında “Qarabağ xanəndələri” musiqi albomu, “Üzeyir Hacıbəyli Ensiklopediyası”, “Beynəlxalq Muğam festivalı: Space of Mugham” musiqi albomu, Али-заде Ф.А. “Триумфальные пересечения Востока и Запада”, həmçinin Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın mədəniyyət sahəsindəki fəaliyyətinə həsr olunmuş “Mədəniyyətimizin və mədəni incilərimizin hamisi” adlı kitabları da yer alıb.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]