Mir Cəlalın "Dirilən adam" romanı əsasında radiotamaşa uzun illərdən sonra Azərbaycan radiosunda səslənəcək

Mir Cəlalın "Dirilən adam" romanı əsasında radiotamaşa uzun illərdən sonra Azərbaycan radiosunda səslənəcək

 

Azərbaycan radiosu 105 FM-də efirə çıxan “Səs inciləri” proqramının 24 sentyabr buraxılışı (saat 22:10) görkəmli ədib, roman və hekayə ustadı, tanınmış alim və pedaqoq Mir Cəlalın yaradıcılığına həsr ediləcəkdir. Proqramın müəllifi teatrşünas-tənqidçi, professor İlham Rəhimli bu buraxılışın radiotamaşa həvəskarlarına xoş sürpriz olacağını bildirdi: “Azərbaycan televiziyasının geniş izlənilmədiyi dövrdə teatrlarda hazırlanan tamaşalar radio-kompozisiya şəklində efirdən səsləndirilirdi. Bu, radio-teatr janrının formalaşmasına və populyarlıq qazanmasına gətirib çıxardı. Radiotamaşalarımız səhnə sənətimizin müəyyən dövrünün lentlərdə əbədiləşmiş salnaməsidir ki, gənclərimizin onlarla tanışlığı milli mədəniyyətimizin öyrənilməsində mühüm rol oynayır.”
 

“Səs inciləri” proqramı Mir Cəlalın “Dirilən adam” romanının radiotamaşasına həsr ediləcəkdir.  Roman tanınmış radio və televiziya rejissoru Rauf Kazımovski tərəfindən səhnələşdirilmiş və tamaşaya hazırlanmışdır. Tamaşa radioda ilk dəfə 1961-ci ildə səslənib. Burada məşhur aktyorlarımız Həsənağa Salayev, Mustafa Mərdanov, Sofiya Bəsirzadə, Əminə Nağıyeva, Şövkət Rzayeva, Atamoğlan Rzayev, Məhluqə Sadıqova, Ətayə Əliyeva, Sadıq Hüseynov, Qafar Həqqi, Sadıq Saleh, Məmməd Sadıqov iştirak edirlər.
 

Professor İlham Rəhimlinin sözlərinə görə, Mir Cəlalın «Dirliən adam» romanında hadisələr XX əsrin ilk 20 ilindən bəhs edir. Romanda güclü obrazlar, dramatik qarşıdurmalar, faciə səpkili münaqişələr var. Tamaşa haqq-ədalət uğrunda mübarizliyin dönməzliyi ideyası ilə diqqəti cəlb edir. Əsərdə ədəbiyyat tariximizdə bənzəri olmayan Bəbir bəy, Qədir, Qumru, Məşədi İslam, Çəpəl Suralı, Bekar Ağabala, Sarıqlı Molla, Qıssa xanım, Soltanəli, Ələs bəy kimi güclü bədii xarakterlər var.
 

“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu ədəbiyyat həvəskarlarını 24 sentyabrda Azərbaycan radiosunu “Səs inciləri” proqramını dinləməyə dəvət edir. “Ədibin Evi” görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin 1929-1941-ci illərdə İçərişəhərdə yaşadığı ünvandır.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]