SOCAR və tərəfdaşları kibertəhlükəsizlik və data təhlili üzrə peşəkar kurslara start verib

SOCAR və tərəfdaşları kibertəhlükəsizlik və data təhlili üzrə peşəkar kurslara start verib

Bugünlərdə dövlətimizin strateji hədəflərindən biri olan rəqəmsal transformasiyanın uğurla həyata keçirilməsi və bu sahədə yerli kadr potensialının inkişaf etdirilməsi məqsədi ilə kibertəhlükəsizlik və data (verilənlər) təhlili üzrə peşəkar kurslara start verilib. SOCAR Midstream Sosial Sərmayə Təşəbbüsləri çərçivəsində təşkil olunan kurslarda iştirak etmək üçün müsabiqəyə ümumilikdə 628 nəfər müraciət etmişdir. Müraciətlərin çoxluğu nəzərə alınaraq layihədə iştirakçı sayı 150-dən 221 nəfərə artırılmışdır. Onlardan 110 nəfəri Data Analitikası üzrə, 111 nəfəri isə Kibertəhlükəsizlik üzrə layihədə iştirak edəcək. Kurslara seçilmiş iştirakçılardan 35 faizi qadınlardır.    


Layihə Azərbaycanda fərdi və korporativ təlimlərin təşkili və təhsildə mentorluq sahəsində aparıcı təşkilatlardan olan Beynəlxalq Təlim və Layihə Mərkəzi tərəfindən icra edilir. Layihə müddətində sahə üzrə dünyanın aparıcı universitetlərində doktorantura təhsilini tamamlamış, bu sahədə akademik və peşəkar təcrübəyə malik yerli mütəxəssislər tərəfindən layihə iştirakçılarına dəstək

göstəriləcək.Tədrisin effektivliyi və iştirakçılara fərdi yanaşmanın təmin olunması məqsədilə təlimlər kiçik qruplarda aparılır. Sertifikatlara layiq görülmək üçün iştirakçılar müvafiq olaraq 224 və 191 saatlıq tədris proqramlarını müvəffəqiyyətlə başa çatdırmalı və test imtahanlarında tələb olunan minimum balı toplamalıdır.


Proqramı uğurla başa vurmuş iştirakçıların ölkəmizdə fəaliyyət göstərən yerli və xarici şirkətlərdə işləmələri üçün dəstək verilməsi nəzərdə tutulub.


Qeyd edək ki, layihə SOCAR və Cənubi Qafqaz Boru Kəməri (CQBK) Şirkətində iştirak payına malik olan tərəfdaş şirkətlərin maliyyə dəstəyi ilə həyata keçirilir. CQBK layihəsində iştirakçıların pay bölgüsü hazırda belədir: SOCAR (10%), Cənub Qaz Dəhlizi şirkəti (6,67%), bp (28,83%), TPAO (19%), Petronas (15,5%), Lukoil (10%), NİCO (10%).
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]