GÜNÜN KRİMİNAL XƏBƏRLƏRİ

GÜNÜN KRİMİNAL XƏBƏRLƏRİ

GÜNÜN KRİMİNAL XƏBƏRLƏRİ 

 

#bıçaq  İki qardaş bıçaqlandı

 

Bakıda qətl hadisəsi törədilib.

 

Hadisə Qaradağ rayonunda qeydə alınıb.


Lökbatan qəsəbəsində iki qardaş - 1998-ci il təvəllüdlü Cəfərov Kamil Məhəmməd oğlu və 2001-ci il təvəllüdlü Cəfərov Samir Məhəmməd oğlu mübahisə zəminində bıçaqlanıblar.

 

Yaralılar xəstəxanaya çatdırılıblar. Lakin həkimlərin səyinə baxmayaraq, beş bıçaq xəsarəti alan K.Cəfərovun həyatını xilas etmək mümkün oilmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

==================================

 

#Bakı İki qardaşı bıçaqlayan şəxs tutuldu

 

Sentyabrın 22-i saat 23 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qəsəbə sakinləri - 1998-ci il təvəllüdlü Kamil Cəfərovun öldürülməsi, qardaşı 2001-ci il təvəllüdlü Samir Cəfərova isə xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Qaradağ rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, zərərçəkmişlərin tanışı 1997-ci il təvəllüdlü Sərxan Dadaşovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla Kamil Cəfərova çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə, sonuncunun qardaşı Samir Cəfərova isə bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyənləşib.

 

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Sərxan Dadaşov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

 

Rəsmi məlumata görə, hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

======================================

 

#məhkəmə  MTN zabitlərindən bir milyon manata yaxın pul tələb olundu

 

Azərbaycanın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general Nizami Şirinov və qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili işləmiş Nadir Nəzirovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.


Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.


Nizami Şirinovun anket məlumatları dəqiqləşdirilən zaman 5 ildir təqaüddə olduğu məlum olub.

 

Daha sonra prosesdə zərərçəkən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

 

Zərərçəkənlərdən Rahib Ağayevin uzun müddət general Yaşar Aydəmirovun sürücüsü olduğu və hazırda işləmədiyi bildirilib.

 

Zərərçəkən şəxslərdən Mirzəli Yusifov təqsirləndirilən şəxslərə qarşı maddi ziyana görə 315 min dollar, mənəvi ziyana görə isə 300 min manat mülki iddia qaldırıb.

 

Prosesdə Nizami Şirinovun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini xahiş edilib.

 

Hakimlər kollegiyası tərəfindən vəsatət təmin edilməyib.

 

M. Yusifovun verdiyi mülki iddia məhkəmə icraatına qəbul edilib.

 

Məhkəmə baxışı oktyabrın 7-nə təyin edilib.


***

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi general Nizami Şirinov və qurumun sabiq idarə rəisləri Elcan Abdullayev, Elman Tahirov və sabiq əməliyyat müvəkkili Nadir Nəzirovun cinayət işi üzrə məhkəmə prosesi başlayır.

 

Proses bu gün Bakı Hərbi Məhkəməsində keçiriləcək.

 

Məhkəmə prosesinə hakim Camal Ramazanov sədrlik edəcək.

 

İttihama görə, hədə-qorxu ilə pul tələb etmə və rüşvətdə təqsirləndirilən Nizami Şirinovun həmin vəzifədə çalışdığı müddətdə qeyd edilən qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili işləmiş Nadir Nəzirov ilə mütəşəkkil dəstə tərkibində zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstərilməsi, haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini ələ keçirməsinə, xidməti vəzifəsinin icrası ilə əlaqədar qanunsuz hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində külli miqdarda rüşvəti hədə-qorxu tətbiq etməklə almasına, həmçinin cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakın leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

 

Nizami Şirinova Cinayət Məcəlləsinin 182.3.2 (ağırlaşdırıcı hallarda hədə-qorxu ilə tələb etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Elcan Abdullayev, Elman Tahirov və Nadir Nəzirov həmin Məcəllənin 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

 

========================================

 

 #ev Birmərtəbəli evdə yanğın baş verib

 

Cəlilabad rayonunun Çünəxanlı kəndində ümumi sahəsi 144 m² olan kürsülü birmərtəbəli evin (çiy kərpic və taxta konstruksiyalardan ibarət) yanar konstruksiyaları yanıb.

 

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

========================================

 

#qazi Zaqatalada Vətən müharibəsi qazisinin evində yanğın baş verib

 

Bu gün axşam saatlarında rayonun Yuxarı Tala kənd sakini Osmanov Ələddin Xaliddin oğluna məxsus, ümumi sahəsi 100 kv/m olan kürsülü 3 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.

 

Yanğının söndürülməsi üçün FHN-in müvafiq qüvvələri cəlb olunub. Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları yanaraq yararsız hala düşüb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

 

Qeyd edək ki, ev sahibi Ələddin Osmanovun oğlu Elvin Osmanov Vətən müharibəsi iştirakçısıdır və o, döyüş zamanı yaralanıb.Qafqazinfo.az

 

========================================


#korrupsiya Rüşvətə görə həbs edilən sədrə 10 il həbs cəzası verildi

 

Rüşvət ittihamı ilə saxlanılan 5 nömrəli Tibbi-sosial ekspert komissiyasının (TSEK) keçmiş sədri Katib Məmmədov və digər tibb işçilərinin cinayət işi üzrə məhkəmə yekunlaşıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq sədrə 10 il azadlıqdan məhrumetmə cəzası verilib. Digərlərinin bəziləri şərti cəza alıb, bəziləri islah işlərinə məhkum ediliblər.

 

Qeyd edək ki, təqsirləndirilən şəxslər vətəndaşlara əlillik dərəcələrinin təyin olunmasına köməklik göstərilməsi məqsədilə qeyri-obyektiv müayinələr apararaq ümumilikdə 4 şəxsdən cəmi 12 min 200 manat pul rüşvət alıblar.

 

5 saylı TSEK-in Katib Məmmədovdan əvvəlki sədri Fəsad Mustafayev də 2015-ci ildə rüşvət alarkən həbs edilmişdi.

 

=======================================

 

#narkotik  Patı satan Kürdəmir sakini saxlanılıb

 

Kürdəmir rayon sakinindən "patı" və heroin aşkarlanıb.

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan  verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olan rayonun Sığırlı kənd sakini Famil Süleymanov saxlanılıb.

 

Onun üzərinə keçirilən baxış zamanı "patı" adlanan narkotik maddə olan metamfetamin və heroin aşkar edilərək götürülüb.

 

========================================


#arvad Arvadını öldürən ərə 10 il 6 ay həbs verildi

 

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını qətlə yetirməkdə təqsirləndirilən Ehtibar Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

 

Hökmə əsasən, E.Qasımov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, hadisə bu il fevral ayının 1-i saat 18:00 radələrində Suraxanı rayonunda baş verib.

 

Belə ki, 1992-ci il təvəllüdlü Qasımova Fəridə Şükür qızının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.

 

Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1988-ci il təvəllüdlü E.Qasımovun qısqanclıq zəmnində aralarında yaranmış mübahisə zamanı Fəridə Qasımovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Cütlüyün iki azyaşlı övladı var.

 

=======================================


#məhkəmə Sabiq idarə müdirinin məhkəməsində şahidlər ifadə verib

 

Bakı Ağır Cinayətlər Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə, Konsulluq idarəsinin vəzifəli şəxsi Səlim Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Asif Ağayev bildirib ki, Səlim Əlizadə ilə "Ofis Aləmi" adlı dəftərxana mallarının satışı mağazasında tanış olub: "Bizdən mallar alırdı. Malları bəzən nisiyə götürürdü. Pulunu sonradan ödəyirdi".

 

A.Ağayev deyib ki, Səlim Məmmədov 2020-ci ildə ondan nazirliklə müqavilə bağlamaqlarını istəyib: "Müqavilələr bağlandı. Pulu köçürmə ilə etməyə başladılar.

 

Səlim bir gün gəldi ki, nazir ona tapşırıq verib. Bu səbəbdən ona pul lazımdır. Mənə dedi ki, şirkətinin adına pul köçürsünlər. Mən də həmin pulu çıxarıb ona borc kimi verdim. Nazirlik tərəfindən 60 min manat pul köçürüldü. Həmin puldan 18 min manatlıq mal vermişdik. Qalan pula da illik mallar verəcəkdik. Səlim xahiş etdi ki, pulu nağdlaşdırıb ona borc kimi verim. 42 841 manat pulu nağdlaşdırıb ona borc verdim".

 

Şahidin istintaqa verdiyi ifadə ilə məhkəməyə verdiyi ifadə arasında ziddiyyət olduğu üçün onun ifadəsi elan olunub. İstintaqda A.Ağayev bildirib ki, tender zamanı qalib olandan sonra Xarici İşlər Nazirliyi tərəfindən 68 min manat pul köçürülüb: "Ondan 18 min manatlıq avandanlıqlar verilib. Vergilər çıxılandan sonra yerdə qalan puldan 42 841 manat pul nağlaşdırılaraq nazirliyinin əməkdaşı Səlim Məmmədova verilib.

 

Daha sonra şahid qismində ifadə verən Ramil Hüseynov deyib ki, dayısı arvadının adına şirkəti olub: "Salyanda dayım arvadı Sevda dializ xəstəsi idi. Mənim adımı şirkətə xəzinadar kimi yazmışdılar. İki dəfə bankdan pul götürmüşəm. Birində 129 min, digərində isə 97 min manat çıxardıb Asif adlı şəxsə vermişəm. Onun müqabilində bizə 2500 manat pul verildi. Ondan da bir qismi vergiyə ödənildi. 800 manat pul dayımın xəstəliyinə xərclənib. Bir müddət sonra şirkəti bağlatdırdıq".

 

Digər şahid Möhübbət Vəlişov isə bildirib ki, adına 5 şirkət açılıb: "Rəsmiyyə Qazıyevə adlı qadına etibarnamə veridik, bütün işləri o görürdü. Hər ay şirkətlərə hər birinə görə 100 manat verilirdi. Son dövrlər də pulu verməməyə başladılar. Sonradan şirkətləri geri aldım. Maraqlandım ki, xeyli vergi borcu yaranıb. Hazırda şirkətlərin ümumilikdə 8 min manat vergi borcu qalıb".

 

Prosesdə daha sonra şahid qismində "Ofis Aləmi" MMC-də çalışan Cabbar Cəbrayılov ifadə verib: "Səlim müəllimi tanıyırdım. Bizdən mal alırdı. Sonrada Xarici İşlər Nazirliyi ilə müqavilə bağladıq. Pulu köçürmə ilə etdilər. Digər məsələlərdən mənim xəbərim yoxdur".

 

Proses sentyabrın 29-da davam edəcək.

 

İttihama görə, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb, barələrində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

 

Səbail Rayon Məhkəməsi tərəfindən həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilsə də, sonradan məhkəmənin qərarı ilə onların barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

 

=======================================


#prokuror  Prokuror tərəfindən Əli Kərimlinin mühafizəçisinə 15 il iş istənildi

 

Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin mühafizəçisi Niyamməddin Əhmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

 

Hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

 

Prokuror çıxışında N.Əhmədovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Məhkəmənin növbəti iclası sentyabrın 29-na təyin edilib.

 

Qeyd edək ki, aparılan istintaqla həmin materialları internet resurslarında yaymaqla nəzərdə tutulan cinayətlərin hazırlanması və törədilməsində istifadə edilməsi məqsədi ilə dövlətə və hakimiyyətə qarşı cinayət əməllərində dəstəklənməsinə etibar etdiyi şəxslərə, o cümlədən yaxından tanıdığı həmyerlisi Əhmədov Niyaməddin Arif oğluna müxtəlif üsullarla göndərdiyi pul vəsaitlərini verməsinə, sonuncunun isə öz növbəsində terrorçuluğun maliyyələşdirilməsində istifadə olunacağını bilib həmin pul vəsaitlərini qəbul edərək uydurma ünvanlar adı altında qəsdən toplamaqla terrorçuluğun maliyyələşdirilməsi cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edilib. Lakin Qabil Məmmədovun çıxışlarında bəyan etdiyi terrorçuluğun törədilməsinə yönələn cinayət əməlləri iradəsindən asılı olmayan səbəblərdən başa çatdırılmayıb.

 

Göstərilənlərlə əlaqədar hazırda barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilməklə axtarışda olan Qabil Məmmədova Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan olunmaqla onun Azərbaycan Respublikasına ekstradisiyası üzrə müvafiq hüquqi prosedurlar həyata keçirilir. N.Əhmədov isə Cinayət Məcəlləsinin 214-1-ci (Terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

N.Əhmədova Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 28,281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlara etməyə hazırlıq) və 233-1.2.1-ci (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma) maddələri ilə ittiham elan olunmaqla, barəsində həbs qətimkan tədbiri seçilib.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]