Milli Məclisin Regional məsələlər komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Milli Məclisin Regional məsələlər komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Sentyabrın 22-də Milli Məclisin Regional məsələlər komitəsinin payız sessiyasında ilk iclası keçirilib.


Onlayn iclasda komitə sədri Siyavuş Novruzov bildirib ki, müzakirəyə Regional məsələlər komitəsinin ötən yaz və növbədənkənar sessiyalar dövründə fəaliyyətinə dair hesabat və qarşıdakı payız  sessiyası üçün iş planının layihələri çıxarılıb.
 

Bildirilib ki, Milli Məclisin 2021-ci ilin yaz və növbədənkənar  sessiyaları dövründə Regional məsələlər komitəsi 6 iclas keçirib. İclaslarda 16 məsələyə baxılıb, o cümlədən 14 qanun layihəsi müzakirələrdən keçərək Milli Məclisin plenar iclasına tövsiyə olunub.


Hesabat dövründə komitədə Bələdiyyələrin  fəaliyyətinə  inzibati  nəzarəti  həyata  keçirən  orqanın  illik məruzəsi dinlənilib, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Monitorinq Komitəsi ilə “Azərbaycanda yerli və regional idarəetmə ilə bağlı son islahatlar, inkişaflar və problemlər” mövzusunda müzakirələr aparılıb, həmçinin “Azərbaycanda yerli özünüidarəetmənin inkişaf perspektivləri: mövcud vəziyyət və qarşıdakı vəzifələr”, “Heydər Əliyev və Qüdrətli Azərbaycan”, “Müstəqilliyimiz əbədidir, daimidir və dönməzdir” mövzularında onlayn konfranslar və digər tədbirlər  keçirilib.
 

Bildirilib ki, hesabat dövründə komitənin ünvanına və komitə üzvlərinə ümumilikdə 4699 müraciət daxil olub və onlarda qaldırılan məsələlərin böyük əksəriyyəti öz həllini tapıb. Həmçinin Regional məsələlər komitəsinin üzvləri sosial şəbəkələrdə, Kütləvi İnformasiya Vasitələrində ölkənin aktual məsələləri ilə bağlı çoxsaylı çıxışlar ediblər, müxtəlif tədbirlərə, eləcə də təmsil olunduqları beynəlxalq təşkilatların və parlament dostluq qruplarının iclaslarına qatılıblar, seçildikləri ərazilərdə cəmiyyətin həssas qrupları, xüsusən də şəhid ailələrinin, qazilərin problemləri ilə yaxından maraqlanıblar.


Siyavuş Novruzov iş planı ilə bağlı bildirib ki, qarşıdakı sessiya ərzində  qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim olunan qanun layihələrinin müzakirəsi, mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində qanunlara  dəyişikliklərin edilməsi, həmçinin aidiyyəti qurumlarla, yerli idarəetmə orqanları ilə dinləmələrin keçirilməsi kimi məsələlər nəzərdə tutulub.


İclasda komitə üzvləri Nizami Cəfərov, Səbinə Xasayeva, Aqil Məmmədov, Kamran Bayramov, Tahir Rzayev, həmçinin Milli Məclis Aparatının  Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid çıxış edərək gündəliyə dair fikirlərini bildiriblər, işğaldan azad olmuş ərazilərdə tarixi adların bərpası, bələdiyyələrin işinin təşkili və digər məsələlərlə bağlı təkliflərini səsləndiriblər.


Onlayn tədbirdə Regional məsələlər komitəsi sədrinin müavini Elşən Musayev, deputatlar Məzahir Əfəndiyev, Emin Hacıyev, Malik Həsənov, Səttar Möhbalıyev, Cavid Osmanov və Əliabbas Salahzadə iştirak ediblər.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]