XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində kamera musiqisi axşamı keçirilib - FOTO

XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində kamera musiqisi axşamı keçirilib - FOTO

XIII Beynəlxalq Musiqi Festivalının dördüncü gününün növbəti maraqlı konsert proqramı ABŞ-dan təşrif  buyuran tanınmış ifaçıların dueti ilə yadda qaldı. Hazırda ABŞ-da yaşayıb fəaliyyət göstərən həmvətənimiz, respublikanın əməkdar artisti Nərgiz Əliyarova Amerikada yaşayıb-yaradadan rus mənşəli violonçel ifaçısı Sergey Antonovla birgə  kamera musiqisi axşamını təqdim etdilər.
 

Nərgiz Əliyarova Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (1991-ci ildən – Bakı Musiqi Akademiyasının) fortepiano ixtisası üzrə tanınmış pedaqoqlarından olan professor Elmira Səfərovanın tələbəsidir.
 

Repertuarında Friderik Şopen yaradıcılığına xüsusi yer ayıran N.Əliyarova bir çox sanballı beynəlxalq fortepiano müsabiqələrinin qalibi olub. 2010-cu ildə “Şopen musiqisinin təbliğinə görə” Polşa Dövlətinin Fəxri Diplomuna layiq görülüb. Uzun müddət  BMA-da fortepiano üzrə ixtisas sinfi, ansambl ixtisaslarını tədris edib.  Nərgiz Əliyarova  Azərbaycan Dövlət Fortepiano Triosunun solisti, Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin yaradıcısıdır. 2017-ci ildən ABŞ-a köçən pianoçu ifaçı fəaliyyətində Azərbaycan klassik və müasir bəstəkar musiqisinin təbliğinə xüsusi yer ayırır.
 

Sergey Antonov  Moskva Dövlət Konservatoriyasında violonçel ixtisası üzrə Natalya Şaxovskayanın sinfini bitirib. İştirak etdiyi beynəlxalq müsabiqələrin sayı çoxdur. 2007-ci ildən etibarən  Moskva Filarmoniyasının solistidir. O, həmçinin “Ermitaj” Triosunun üzvüdür. Dirijor kimi debütü 2014-cü ildə baş tutub.
 

Sergey Antonovun ifaçı kimi formalaşmasında  Mstislav Rostropoviçin rolu böyükdür. Bu səbəbədən repertuarına həm Rostropoviçin ifa etdiyi və müəllifi olduğu  klassik müsiqi nümunələrini daxil edir.
 

Kamera musiqi axşamının proqramında Friderik Şopenin, Dmitri Şostakoviçin və Mstislav Rostropoviçin əsərləri səsləndi. F.Şopenin fortepiano Balladasının piano-violonçel dueti üçün işləməsinin (bəstəkar Lalə Cəfərova tərəfindən işlənilmişdir) ifası xüsusi maraqla qarşılandı.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]