Latviyalı mütəxəssislərlə fitosanitar tədbirlərin gücləndirilməsi ilə bağlı müzakirələr aparılıb - FOTO

Latviyalı mütəxəssislərlə fitosanitar tədbirlərin gücləndirilməsi ilə bağlı müzakirələr aparılıb - FOTO

“Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi” üzrə Tvinninq layihəsi çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Milli Referens Laboratoriyasında görüş keçirilib.
 

Latviyanın BIOR laboratoriyasının Kimya departamentinin müdiri Vadims Bartkeviçs və həmin departamentin mütəxəssisi İveta Puqajevaya ölkəmizdə qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığının qorunması, karantin nəzarətinin həyata keçirilməsində mühüm rol oynayan AQTİ laboratoriyalarının fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, AQTİ-nin nəzdində fəaliyyət göstərən Milli Referens Laboratoriyasında idxal-ixrac və ölkədə istehsal olunan qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə, baytarlıq-sanitariya və fitosanitar təhlükəsizliyin təmin edilməsi məqsədilə müxtəlif müayinələr həyata keçirilir. Beynəlxalq standartlara uyğun metodlarla aparılan müayinələrin nəticələrinin dünyanın qabaqcıl ölkələrinin laboratoriyaları ilə uyğunluq təşkil etdiyi qonaqların diqqətinə çatdırılıb.
 

Daha sonra Milli Referens Laboratoriyasına baxış keçirilib, qonaqlar buradakı iş prinsipi ilə tanış olublar. Xüsusilə də pestisidlərin (qlifosat/ditiokarbamatlar) və mikotoksinlərin təyin edilməsi üzrə analizlərin aparılması barədə geniş fikir mübadiləsi aparıblar. Həmçinin pestisidlərin və digər aqrokimyəvi maddələrin qalıq miqdarının və təhlükəli cəhətlərinin müəyyən edilməsi metodikasının daha da təkmilləşdirilməsi istiqamətində birgə əməkdaşlığın perspektivi müzakirə olunub.
Sonda “Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi” üzrə Tvinninq layihəsi çərçivəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb, mütəxəssisləri maraqlandıran suallar cavablandırılıb.
 

Qeyd edək ki, layihənin keçirilməsində məqsəd bitki mənşəli qidaların, eləcə də yemlərin qida təhlükəsizliyi sistemində əhəmiyyətini diqqətə çatdırmaq, sanitar və fitosanitar qaydalara uyğun qanunvericiliyi daha da inkişaf etdirib təkmilləşdirmək, həmçinin beynəlxalq standartlara uyğunlaşdırmaqdan ibarətdir.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]