Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Xəzər Fərhadov Pakistanın müdafiə istehsalı naziri xanım Zubeyda Cəlal ilə görüşüb

Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Xəzər Fərhadov Pakistanın müdafiə istehsalı naziri xanım Zubeyda Cəlal ilə görüşüb

Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Xəzər Fərhadov Pakistanın müdafiə istehsalı naziri, Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının həmsədri Zubeyda Cəlal ilə görüşüb.
 

Səfir Xəzər Fərhadov səmimi qəbula görə Pakistanın müdafiə istehsalı nazirinə təşəkkürünü bildirərək, Azərbaycan-Pakistan münasibətlərdən söz açıb və bu münasibətlərin yüksək səviyyədə olmasında hər iki ölkə rəhbərliyinin rolunu xüsusi vurğulayıb. Səfir ölkələrimiz arasında fəaliyyət göstərən Hökumətlərarası Birgə Komissiyanın əhəmiyyətindən bəhs edərək, bu Komissiyanın iclasının cari ilin sonuna kimi keçirilməsinin artıq razılaşdırıldığını qeyd edib. Xəzər Fərhadov Azərbaycan Respublikasının dövlət başçısının Azərbaycan-Pakistan yüksək səviyyəli siyasi əlaqələrinə uyğun olaraq, iki ölkə arasında bütün sahələrdə, xüsusilə iqtisadi-ticarət sahəsində də əlaqələrin inkişaf etdiriməsinə dair müvafiq tapşırıqlar verdiyini ifadə edib və bu istiqamətdə görülmüş işlər və çoxsaylı potensial layihələr haqqında xanım naziri məlumatlandırıb.
 

X.Fərhadov Hökumətlərarası Birgə Komissiya çərçivəsində Azərbaycan və Pakistanın müvafiq qurumları arasında enerji, nəqliyyat, təhsil, səhiyyə, və İT sahələrində işçi qruplarının yaradılmasının iki ölkə arasında əməkdaşlığın daha da inkişafına töhfə verəcəyini diqqətə çatdırıb.
 

Pakistanın müdafiə istehsalı naziri, Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının həmsədri Zubeyda Cəlal, səfir Xəzər Fərhadovu təyinatı münasibətilə təbrik edib və ona yeni fəaliyyətində uğurlar arzulayıb. Xanım nazir Azərbaycan və Pakistan arasındakı münasibətlərin cari vəziyyətinin yüksək olmasından məmnunluğunu ifadə edib. O, səfirin bölüşdüyü ətraflı məlumatlara görə təşəkkür edib və Pakistan Baş nazirinin Azərbaycanla əlaqələrə xüsusi diqqət yetirilməli olduğu təlimatını aldığını vurğulayaraq iki qardaş ölkə arasında münasibətlərin daha da gücləndirilməsi üçün lazımi işlərin aparılacağını əminliklə bildirib.
 

Hökumətlərarası Birgə Komissiya çərçivəsində Azərbaycan və Pakistanın müvafiq qurumları arasında enerji, nəqliyyat, təhsil, səhiyyə, və İT sahələrində işçi qruplarının yaradılması təklifini dəstəkləyən xanım nazir iki ölkə arasında potensial əməkdaşlıq sahələrindən bəhs edərək, müdafiə sənayesi sahəsi üzrə əməkdaşlıq imkanları barədə məlumatları da diqqətə çatdırıb.
 

Görüşdə həmçinin, Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlıq formatının gücləndirilməsinin əhəmiyyəti barədə də fikir mübadiləsi aparılıb.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]