Gəncədə milli-xalq musiqi axşamı keçirilib - FOTO

Gəncədə milli-xalq musiqi axşamı keçirilib - FOTO

Üzeyir Hacıbəyli adına  XIII  Beynəlxalq Musiqi Festivalının ən əlamətdar cəhəti ölkəmizin digər bölgə və şəhərlərində də keçirilməsidir. 22 sentyabrda qədim mədəniyyət mərkəzimiz Gəncədə  milli-xalq musiqi axşamı  Gəncə Dövlət Filarmoniyasında baş tutdu.
 

Tədbirdə Gəncə şəhər icra hakimiyyəti başçısının müavini Adil Tağıyev, Gəncə şəhər regional mədəniyyət idarəsinin rəisi Vasif Cənnətov, Mədəniyyət Nazirliyinin Musiqi sektorunun müdiri Vüqar Hümbətov, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar müəllim Xatirə Həsənzadə iştirak etdilər.
 

Konsert  Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı ilə baş dirijor, respublikanın Xalq artisti Ağaverdi  Paşayevin idarə etdiyi Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin iştirakilə baş tutdu. Repertuarı Azərbaycan klassik bəstəkarlarının müxtəlif janrlı əsərlərinin xalq çalğı alətləri orkestri üçün işləmələri, xalq rəqsləri və mahnıları, eləcə də ənənəvi musiqi sənət nümunələri səsləndi.
 

“Uzundərə”, “Yallı” xalq rəqsləri, Qarabağ şikəstəsi, “Evləri var xana-xana” xalq mahnısı, Ü.Hacıbəylinin “Cəngi” miniatürü, “Leyli və Məcnun” operasından kompozisiya, “Arşın mal alan” musiqili komediyasından Vəli ilə Tellinin dueti, Müslüm Maqomayev, Niyazi, Fikrət Əmirov, Vasif Adıgözəlov, Cahangir Cahangirov və Süleyman Ələsgərovun əsərlərini konsert iştirakçıları zövqlə dinlədilər.
 

Xanəndələr İlkin Əhmədov, Rəvanə Əmiraslanlı, Almaz  Orucova, klassik müğənnilərdən soprano Nərgiz Kərimova, tenor Taleh Yəhyayev, Fəxri Kazım Nicat və başqalarının solistlərin ifaları alqışla qarşılandı.
 

Konsertdən sonra Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının kollektivi dahi Azərbaycan şairi və mütəffəkkiri Nizami Gəncəvinin məqbərəsini ziyarət etdilər. Nizami muzeyinə ekskursiya da təşkil olundu. Ansamblın kollektivi məqbərənin önündə  Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin sözlərinə bəstələdiyi "Sənsiz" və "Sevgili canan" romanslarını səsləndirdilər.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]