Nizami Gəncəvi fəlsəfəsinə həsr olunmuş konfrans keçirilib - FOTO

Nizami Gəncəvi fəlsəfəsinə həsr olunmuş konfrans keçirilib - FOTO

Sentyabrın 24-də Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyinin “Nizami Gəncəvi İli” çərçivəsində Beynəlxalq Nizami Gəncəvi Mərkəzi ilə birgə təşkil etdiyi “Təhsil və gender bərabərliyi Nizami Gəncəvi fəlsəfəsi prizmasından” mövzusunda virtual konfransa qoşulub.
 

Konfransı açan Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev dahi şairin  həyat və yaradıcılığı barədə məlumat verib. Tədbirdə YUNESKO-nun və ölkəmizin bir sıra əlaqədar qurumlarının nümayəndələri çıxış ediblər.
 

Milli Məclisin komitə sədri Qənirə Paşayeva öz çıxışında mütəfəkkir şairin yaradıcılığı barədə fikirlərini bölüşüb. İnsanları əxlaqi kamilliyə və humanizmə çağıran, yüksək mənəvi keyfiyyətlər aşılayan Nizami yaradıcılığında qadına bəslənən xeyirxah münasibətdən, elm və təhsilə, haqq və hüquqa sayğı çağırışından, sosial ədalət prinsipindən bəhs edib.


Virtual konfransda deputatımız Ermənistanın işğalçılıq siyasətinin ağır nəticələrinə, Xocalı qətliamına, 30 ilə yaxın işğal altında qalan torpaqlarımızda törədilmiş barbarlığa, mədəniyyət və incəsənət abidələrimizin dağıdılmasına, muzeylərin talanmasına, məscidlərimizin və qəbirlərimizin təhqir olunmasına, şəhər və kəndlərimizin yerlə-yeksan edilməsinə də toxunub. Bütün bunları törədən zehniyyətin bəşər sivilizasiyasının indiki inkişaf mərhələsi ilə təzad təşkil etdiyini söyləyib.


Konfransda hələ XII əsrdə Nizami Gəncəvi kimi düha yetişdirmiş olan Azərbaycan xalqının yüksək mənəvi keyfiyyətlərə malik olduğu qeyd edilərək Nizami Gəncəvi irsinin bəşəri məzmun daşıdığı vurğulanıb.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]