Energetika naziri Pərviz Şahbazov İraqın neft naziri ilə görüşüb - FOTO

Energetika naziri Pərviz Şahbazov İraqın neft naziri ilə görüşüb - FOTO

Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazov ilə ölkəmizdə səfərdə olan İraqın neft naziri İhsan Abdul-Cabbar İsmail Əl-Səid arasında görüş keçirilib. Görüşdə, əsasən iki ölkə arasında neft-qaz sahəsində əməkdaşlığın inkişafına dair məsələlər müzakirə edilib.
 

Nazir Pərviz Şahbazov Azərbaycanın neft-qaz sektorunda nailiyyətləri, şaxələndirilmiş infrastruktur sisteminin yaradılması ilə ölkəmizin regional və beynəlxalq enerji təhlükəsizliyinin təminatına verdiyi töhfələr, həmçinin qaz hasilatı və ixracının artımında “Cənub Qaz Dəhlizi”nin rolu barədə ətraflı məlumat verib. Eyni zamanda, müasir trendlərə uyğun olaraq bərpa olunan enerjidən istifadənin genişləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” məkanlarına çevrilməsi istiqamətində  görülən tədbirlər diqqətə çatdırılıb.  Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi milli prioritetinin növbəti onillikdə reallaşdırılmasını, işğaldan azad edilmiş ərazilərimizdə “yaşıl enerji” zonasının yaradılmasını təşviq edən strateji qərarları enerji əməkdaşlığı üçün yeni imkanlar açır. Azərbaycanın neft sektorundakı xarici investorlarla uğurlu əməkdaşlıq təcrübəsinin artıq bərpa olunan enerji sahəsinə doğru genişləndiyini vurğulayan nazir yeni imkanları ölkələrimiz arasında enerji əməkdaşlığının inkişafı kontekstində qiymətləndirib: “Hər iki ölkə arasında  münasibətlərin yüksək səviyyəsi və qlobal neft bazarının tənzimlənməsi prosesində  birgə iştirak gələcək əməkdaşlığımız üçün təməldir. SOCAR tərəfindən İraq mənşəli xam neft və neft məhsullarının dünya bazarına təchizatı və “OPEC plus” formatı çərçivəsində mövcud olan enerji əməkdaşlığını genişləndirmək üçün perspektivləri  dəyərləndirə bilərik”.
 

İraqın neft naziri İhsan Abdul-Cabbar İsmail Əl-Səid isə ölkəsinin neft-qaz sahəsində mövcud təcrübəsini bölüşüb, Azərbaycanın  neft bazarının balanslaşdırılmasına verdiyi  dəstəyi yüksək qiymətləndirib. Bildirilib ki, İraq Azərbaycanla neft-qaz və emal sahələri üzrə intensiv əməkdaşlıqda maraqlıdır.
 

Görüşdə, həmçinin İraqın  bərpa olunan enerji ilə bağlı kursuna və dünya enerji bazarında mövcud vəziyyətə dair fikir mübadiləsi aparılıb.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]