Rahat uyuyun əziz Şəhidlər!

Rahat uyuyun əziz Şəhidlər!

Rahat uyuyun əziz Şəhidlər! 

 

Qarabağ Azərbaycandır!

 

Tarix həmişə aid olduğu zamanın böyük hadisələri ilə yaddaşlara həkk olunur. Əsasən də bu hadisələr milli mücadilə ilə bağlı olanda daha çox unudulmazlıq kəsb edir.

 

27 sentyabr 2020-ci il ürəyi Vətən üçün döyünən hər bir Azərbaycanlıdan ötrü qürür və həyəcan duyğularının bir-birinə qarışdığı gün oldu.

 

Ali Baş Komandan İlham Əliyev əks-hücum əməlyatının başlaması haqqında əmr verdi. 27 sentyabrdan başlayan, qələbə ilə başa çatan 44 günlük müharibə Azərbaycanda xalqla dövlətin birliyini sübuta yetirdi, Azərbaycançılıq məfkurəsi ətrafında monolit vəhdəti göstərdi. Azərbaycan igidlərinin Vətən sevgisinin hansı ucalıqda qərar tutduğunu bəyan etdi. Şəhid Anaları başlarını dik tutub "Vətən sağ olsun" dedi. Şəhid Ataları müqəddəs bayrağı öpüb qürurla övladının Vətən sevgisindən danışdı. Şəhid xanımları tabutun önündə gedərək," ağlamayın, Şəhidlər ölməz, Vətən bölünməz" deyə hayqırdı.
Bu müqəddəs müharibədə hər kəs cavan da, ahıl da, yeniyetmə də köksündə çağlayan Vətən eşqilə döyüşə can atdı. Cəbhə bölgəsinə doğru yüzlərlə insan irəlilədi. Ən ucqar kəndlərdən belə əsgərlərimizin yanında olduqlarını hiss etdirmək məramı ilə isti çörək çatdırmaqdan ötrü təndirlərin ocağı sönmədi.

 

Televiziya və radiolar, qəzetlər ən qaynar nöqtələrdən məlumatlar təqdim etdilər. Döyüş reportajına getmək üçün rəhbərlər seçim edə bilmədilər, bütün yaradıcı heyət müharibədən xəbər yazmağa, videosujet çəkməyə can atırdı.

 

Bütün sənət adamlarımız- aktyorlar,müğənnilər, rəssamlar hər an cəbhə bölgəsinə yollanmağa hazır idilər. Şəhid tabutları izdihamla qarşılandı, Şəhid dəfnində iştirak edən hər kəs özünü Şəhidin doğması saydı.

 

Əlbəttə, düşmən də, onu dəstəkləyən qüvvələr də gördülər, anladılar ki, bu birliyin, bu qüdrətin qarşısında tab gətirmək olmaz. Və elə bu qüdrət sayəsində 30 il ərzində qurulan barikadalar 44 günə darmadağın edildi. Şuşa fərəhini yaşadıq.

 

Bizə bu qüruru yaşadanlara- Ali Baş Komandan İlham Əliyevə və Qüdrətli Azərbaycan Ordusuna minnətdarıq! Bir daha müqəddəs Vətən müharibəsində canını fəda etmiş Şəhidlərimizi qürur və ehtiramla anırıq. Onlara Allahdan rəhmət, Qazilərimizə sağlamlıq diləyirik.

 

44 günün hər günü bir qəhrəmanlıq dastanı, bir filmdir. İnanırıq ki, o günlərdən birinə həsr olunmuş qəhrəmanlıq pyesi tezliklə Sumqayıt Dövlət Dram Teatrının səhnəsində uğurla səhnə həllini tapacaqdır.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]