Masallı ictimaiyyəti şəhid əsgər Amid Salayevin anım gününü qeyd edir (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir +FOTO=3)

Masallı ictimaiyyəti şəhid əsgər Amid Salayevin anım gününü qeyd edir (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir +FOTO=3)

Masallı ictimaiyyəti şəhid əsgər Amid Salayevin anım gününü qeyd edir  (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir +FOTO=3)

 

 

 

4 oktyabr 2021-ci il tarixdə 44 günlük Vətən müharibəsində şəhid olmuş şəhid əsgər Amid Yadulla oğlu Salayevin il mərasimi münasibətilə tədbir keçirilib.

İl mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatı Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, YAP Masallı Rayon Təşkilatının fəalları, şəhid ailələri, qazilər, və s. iştirak ediblər.

Şəhid əsgər Amid Salayev 10 fevral 2002-ci ildə Masallı rayonunun Sığdaş kəndində anadan olmuşdur.

2019-cu ildə Sığdaş kənd tam orta məktəbini müvəffəqiyyətlə bitirmiş və 2020-cu ilin aprel ayında SHXÇDX-nin Masallı rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır.
Hərbi xidmətə Ağcəbədi rayonunda, «N» saylı hərbi hissədə başlamışdır. Amid fiziki hazırlığına, idman göstəricilərinə, istedadına, biliyinə və bacarığına görə hərbi hissənin kəşfiyyat bölüyündə xidmətini davam etdirirdi...
Düşmən Sentybrın 27-dən başlayan ordumuzun əks - hücumunun qarşısında tab gətirə bilmədi. Füzulinin, Cəbrayılın dağlıq ərazilərindəki yüksəkliklərindən müqavimət göstərməyə cəhd edirdilər. Ancaq başa düşmürdülər ki, torpaq, Vətən uğrunda döyüşən, ölümün gözlərinə gülə - gülə baxan, vətənpərvər bir ordunun qarşısını almaq çətindir.

Amid də kəşfiyyatçı kimi Vətən torpaqlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak edirdi. O, bir çox döyüş əməliyyatlarında qəhrəmanlıqla iştirak edir və böyük şücaət göstərirdi. Amid Vətən qarşısında əsgəri borcunu vicdanla, şərəflə yerinə yetirmiş və Füzuli rayonunun azad olunması uğrunda gedən döyüşlərdə son damla qanına qədər vuruşaraq qəhrəmancasına şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən Masallı rayonunun Sığdaş kəndindən olan Vətən müharibəsinin şəhid əsgəri Amid Salayev ölümündən sonra «Vətən uğrunda» və və «Füzulinin azad olunmasına görə» medalları ilə təltif edilmişdir.

Şəhidin nəşi 4 oktyabr 2020-ci il tarixdə Sığdaş kənd qəbiristanında torpağa tapşırılıb.

Şəhidin böyük izdihamla keçirilən dəfn mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov və rayon rəsmiləri iştirak etmişdir.

İcra başçısı qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti və tapşırığı sayəsində şəhid ailələri dövlət qayğısı ilə əhatə olunublar. Şəhidlərimiz hər zaman bizim qəlbimizdə əbədi yaşayacaqlar...
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin əməkdaşı xəbər verir ki, anım mərasimində 44 günlük Vətən müharibəsində və Birinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhuna dualar oxunub, onlara Allahdan rəhmət dilənib.

Şəhidin məzarı ziyarət olunub, üzərinə tər çiçəklər düzülüb. Bildirilib ki, Azərbaycanın müzəffər ordusu 44 gün ərzində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında misilsiz hərbi zəfər qazandı, erməni ordusunu darmadağın etdi. Vətən müharibəsində şəhid olan hərbçilərimizin ailələrinin sosial problemlərinin hər zaman dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanıldığı vurğulanan anım mərasimində o da qeyd edilib ki, Azərbaycan xalqı Qarabağın azadlığı uğrunda tarix yazan qəhrəmanlarımızı daim fəxr və iftixarla anacaq.

Şəhidin valideynləri göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

İl mərasimində, gün ərzində Sığdaş kənd qəbiristanında uyuyan şəhid əsgər Amid Yadulla oğlu Salayevin məzarı ziyarət olunur, «Yasin» surəsi oxunur.

Qeyd edək ki, il mərasimi günlərində rayon ərazisində olan bütün məscidlərdə də, səsgücləndiricilər vasitəsilə şəhidlərin ruhuna «Yasin» surələri oxunur.
Növbəti il mərasimi 6 oktyabr 2021-ci il tarixdə Mahmudavar kəndindən olan şəhid MAXE baş çavuş, Cəbrayıl döyüşləri zamanı həlak olan qəhrəmanımız Qasımov Nayib Akif oğlunun şərəfinə keçiriləcəkdir.
Allah rəhmət eləsin.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
ƏLİHÜSEYN ŞÜKÜROV.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]