VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı keçirildi - FOTO

VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı keçirildi - FOTO

Paytaxtımız növbəti beynəlxalq kitab bayramına ev sahibliyi edir. Oktyabrın 6-da Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı keçirildi.
 

Açılış mərasimində Baş nazirin müavini Əli Əhmədov, mədəniyyət naziri Anar Kərimov, təhsil naziri Emin Əmrullayev, Türkiyə mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan, bir neçə ölkənin Azərbaycandakı səfirləri, millət vəkilləri, elm və mədəniyyət xadimləri iştirak edirdilər.
 

Tədbiri giriş sözü ilə açan Baş nazirin müavini Əli Əhmədov qeyd etdi ki, bəşər sivilizasiyasını kitabsız və yazısız təsəvvür etmək mümkün deyil: “Azərbaycan tarixinin qədim ənənələri də kitab və yazı ilə birbaşa bağlıdır. Bildiyimiz kimi, bu il ölkə başçısı tərəfindən ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinin günümüzə gəlib çatması məhz yazı və kitabın sayəsində mümkün olub. Kitab sərgisinin keçirilməsi burada iştirak edən qonaqlara ölkəmizin mədəniyyət tarixini nümayiş etdirmək üçün gözəl zəmin yaradacaq”.
 

44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğalda qalan torpaqlarımızın azad edilməsindən söz açan Əli Əhmədov qeyd etdi ki, hazırda bu ərazilərdə geniş yenidənqurma işləri aparılır: “İşğaldan azad edilmiş torpaqlarda həyata keçirilən böyük quruculuq işləri kitablara köçürülməlidir. Azərbaycan xalqı tarixinin ən şərəfli günlərini yaşayır. Bu tarixi yazanların gələcək nəsillərə çatdırılması üçün tarixçilərimizin, yazıçılarımızın, şairlərimizin üzərinə böyük məsuliyyət düşür. İnanıram ki, Azərbaycanın bugünkü tarixinin canlı şahidi olan yazıçılarımız, elm adamlarımız bu şərəfli tariximizin salnaməsini yaradaraq gələcək nəsillərimizə çatdıracaqlar. Bu zəfər dolu illərimizin tarixi çoxlu sayda kitablarda, əsərlərdə əksini tapacaq”.
 

Mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirdi ki, kitab bəşəriyyətin ən vacib bilik almaq vasitələrindən biridir: “Azərbaycan mədəniyyətinin inkişafına, milli-mənəvi dəyərlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşan dövlətimiz kitaba və mütaliəyə də hər zaman böyük dəyər verir. Təsadüfi deyil ki, 14 illik tarixə malik Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası ölkəmizdə keçirilən müxtəlif sahələr üzrə beynəlxalq tədbirlər sırasında cəmiyyət tərəfindən böyük maraqla qarşılanan və iştirakçı baxımından kütləviliyi ilə seçilən, öncül festivallardan hesab olunur. Builki kitab sərgisi dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə ithaf olunub. Sərgi “Nizami Gəncəvi İli” çərçivəsində bu günə qədər keçirilən tədbirlər arasında iştirakçı sayı və əhatə miqyasına görə ən böyük tədbirdir”.
 

Nazir bildirdi ki, sərgidə 12 ölkədən 43 xarici təşkilat, 120-dən çox yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edir. Sərgi müddətində müxtəlif formatda 200-dən çox tədbir təşkil olunacaq. “Sərgi çərçivəsində Nizami əsərləri ilə bağlı ayrıca guşə yaradılacaq. Uşaqlar üçün Nizaminin əsərləri əsasında kukla tamaşaları göstəriləcək. Azərbaycanın Xalq yazıçı və şairləri, tanınmış gənc yazarlar və məşhur xarici yazıçılar və aktyorlar da sərgidə iştirak edəcəklər. Bundan başqa, Bakı Ekspo Mərkəzinə ziyarətçilərin daşınması üçün ödənişsiz avtobuslar təşkil edilib”, - deyə Anar Kərimov vurğuladı.
 

Builki kitab sərgisinin əsas özəlliklərindən birinin də qalib xalqın, Zəfər çalmış Azərbaycan dövlətinin təşkil etdiyi ilk beynəlxalq kitab bayramı olduğunu söyləyən Anar Kərimov sərgidə Vətən müharibəsində möhtəşəm Qələbəmizə həsr olunan, Qarabağın tarix və mədəniyyətini əks etdirən kitablar, dərgilər və digər çap məhsullarının da yer aldığını dedi: “Bildiyiniz kimi, 2021-ci ilin 15 yanvar tarixində Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə “Qarabağa kitabla gedək” aksiyası həyata keçirilir. Hazırda bu aksiya çərçivəsində 55482 kitab toplanılıb. Bu kompaniyada bizə dəstək olan tərəfdaşlara, xüsusilə qardaş Türkiyə dövlətinə təşəkkürümü bildirirəm”.
 

Nazir çıxışının sonunda kitab bayramı münasibətilə bütün kitabsevərləri təbrik etdi, sərgi iştirakçılarına uğurlar arzuladı.
 

Təhsil naziri Emin Əmrullayev kitabın cəmiyyət həyatındakı rolundan danışdı. Söylədi ki, kitab təhsilin mərkəzində duran əsas anlayışlardan biridir, kitab mədəniyyətdir: “Kiçik yaşlarından uşaqlarda kitaba sevgi yaratmaq çox önəmlidir. Tədqiqatlar göstərir ki, balaca yaşlarından daha çox kitab oxuyanlar, həmçinin valideynləri daha çox kitab oxuyan uşaqlar gələcəkdə daha yüksək akademik nailiyyətlər əldə edirlər. Bu da bir daha kitabların mütaliə vasitəsi kimi həyatımızda nə qədər önəmli yer tutduğunu göstərir”.
 

Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan Prezident Rəcəb Tayyib Ərdoğan və nazir Mehmet Nuri Ersoyun salamlarını tədbir iştirakçılarına çatdırdı. Qeyd etdi ki, 2020-ci ildə Türkiyədə 80 minə yaxın başlıqda 400 mindən çox kitab işıq üzü görüb. Kitab sərgilərinin keçmişlə bu günü, yazarla oxucuları eyni məkanda birləşdirdiyini vurğulayan nazir müavini sərginin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirdi.
 

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar sərgi-yarmarkanın əhəmiyyətdən danışdı, kitabın mütaliə vasitəsi kimi hələ də öz dəyərini qoruduğunu vurğuladı.
 

Sonda sərginin açılışını bildirən rəmzi lent kəsildi. Tədbir iştirakçıları kitab stendləri ilə yaxından tanış oldular.
 

Qeyd edək ki, oktyabrın 10-dək davam edəcək VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının sponsoru “BP” şirkəti, baş TV tərəfdaşı Azərbaycan İctimai Televiziyasıdır. Festivala təşkilati dəstəyi “Caspian Event Organisers” şirkəti həyata keçirir.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]