GÜNÜN KRİMİNAL XƏBƏRLƏRİ

GÜNÜN KRİMİNAL XƏBƏRLƏRİ

GÜNÜN KRİMİNAL XƏBƏRLƏRİ 

 

#oğru Mühafizəçi çalışdığı şirkətdən oğurluq etdi

 

“GM Construction” şirkətinə məxsus 14 000 manat dəyərində 665 ədəd dəmir dirəyi oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının oktyabrın 8-də keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən oranın mühafizəçisi L.Yaqubov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

========================================

 

#qayçı Həmkəndlisini qayçı ilə qətlə yetirən şəxs məhkəməyə çıxarıldı

 

Bərdədə həmkəndlisini qətlə yetirməkdə təqsirləndirilən Rəşad Musayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib.

Qeyd edək ki, hadisə iyunun 28-i saat 01:00 radələrində Bərdə rayon, İmirli kəndində qeydə alınıb. Kənd sakini Toğrul Abdullayevə xəsarət yetirilməsi və almış olduğu xəsarətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin həmkəndlisi Rəşad Musayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı məişət təyinatlı qayçı ilə Toğrul Abdullayevin döş qəfəsinin sol nahiyəsinə xəsarət yetirməsi nəticəsində sonuncu almış olduğu xəsarətdən xəstəxanada ölüb.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rəşad Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.APA

 

=========================================

 

 #avtomobil Avtomobillə toqquşan motosiklet sürücüsü öldü

 

İmişlidə bir neçə gün əvvəl avtomobillə toqquşan motosiklet sürücüsü ölüb.

Hadisə oktyabrın 5-də İmişli rayonunda qeydə alınıb.

Bakı şəhər sakini Saleh Hümbətovun idarə etdiyi “Kia Sorento” markalı avtomobillə rayon sakini Mirbala Zeynalovun idarə etdiyi “İj” markalı motosiklet toqquşub.

Ağır xəsarət alan motosiklet sürücüsü İmişli Rayon Xəstəxanasına yerləşdirilib. O daha sonra Bakıya aparılaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, M.Zeynalov ötən gün dünyasını dəyişib.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanılıb.

 

==========================================

 

#usta Usta ev sahibinin oğluna əxlaqsız hərəkətlər etdi

 

Azərbaycanda usta işlədiyi evlərdən birində 14 yaşına çatmayan uşağa qarşı seksual xarakterli hərəkətlər edib.

Hadisə Bakının Xəzər rayonunun Şimal Dresi adlanan ərazisindəki evlərdən birində olub.

Elektrik və santexnik işləyən 1976-cı il təvəllüdlü Saşa (şərti addır) qonşusu Bəybalanın (şərti) evində işləyərkən sonuncunun azyaşlı övladına qarşı əxlaqsız hərəkətlərə yol verib.

Məhkəmə istintaqı əsasında hadisəni qısa şəkildə təsvir etməyə çalışaq.

Belə ki, Bəybala ləvazimat almağa gedərkən, onun evində qalan iki övladı həyətdə oynayırmış.

Bu zaman hamamda işləyən usta uşaqlardan birini çağırır. Usta heç kimin evdə olmamasından istifadə edərək yeddi yaşlı uşağa qarşı əxlaqsız hərəkətlər edir. O, bunu bir neçə dəfə təkrarlayır. (detallara varmırıq).

Bəybala evə qayıtdıqdan sonra isə Saşa həmin uşağın onu çox istədiyini bildirir, öz evinə aparmasını təklif edir. Lakin Bəybala razı olmur.

Uşaq bir neçə gün sonra ustanın başının xarab olduğunu ailə üzvlərinə bildirir, ondan bunun səbəbini soruşduqda isə, o, baş verənləri danışır.

Saşa haqqında polisə şikayət edilir və onun haqqında cinayət işi açılır.

Saşa ibtidai istintaqa verdiyi ifadədə özünü təqsirli bilməsə də, sonradan bunu etiraf edir.

Saşa məhkəmədən bir azyaşlı övladının olmasını əsas gətirərək onun haqqında yüngül cəza kəsilməsini xahiş edib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə (14 yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər etmə) təqsirli bilinərək iki il müddətinə azadlıqdan məhrum edilib.

 

=========================================

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]