Hakimliyə namizədlərlə test imtahanı noyabrın 5-də Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək

Hakimliyə namizədlərlə test imtahanı noyabrın 5-də Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək

Azərbaycan Respublikası Prezidentinin «Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında» 03.04.2019-cu il tarixli Fərmanı ilə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə zəruri tapşırıqlar verilib. Hakimlərin yüksək iş yükünün azaldılması, işlərə daha tez və keyfiyyətlə baxılması məqsədilə hakim ştatlarının sayı 200 vahid artırılıb.


Bununla əlaqədar hakimliyə namizədlərin seçimi prosesi fasiləsiz aparılmaqla sənədlərin qəbulu davamlı xarakter alıb, 700-dək namizədlə müsabiqələr keçirilib, 44 nəfər dövlət başçısının sərəncamı ilə cari ildə müxtəlif hakim vəzifələrinə təyin edilib, hazırda 125 nəfər müsabiqənin müxtəlif mərhələsindədir.


Eyni zamanda 200-dən çox hüquqşünas test imtahanında iştirak etmək üçün sənədlərini təqdim ediblər.


Hakimlərin Seçki Komitəsi bildirir ki, həmin namizədlərlə test imtahanı cari ilin noyabr ayının 5-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən pandemiya rejiminin tələblərinə əməl olunmaqla keçiriləcəkdir (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28). Növbəti müsabiqə üçün sənədlərin qəbulu isə fasiləsiz davam etdiriləcəkdir.


Həmçinin, namizədlərə xatırladılır ki, test imtahanı DİM tərəfindən qanunvericiliyə uyğun olaraq ödənişli keçirilir. Namizədlərin rahatlığı üçün imtahana görə ödənişin aparılması və “İmtahana buraxılış vərəqəsi”nin əldə olunması DİM tərəfindən oktyabr ayının 25-dən etibarən dim.gov.az saytı vasitəsilə həyata keçiriləcəkdir. Müsabiqə ilə bağlı “Yaddaş Kitabçası” isə Məhkəmə-Hüquq Şurasının jlc.gov.az saytından əldə edilə bilər.
 

Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]