DALĞINA TOR QURAN DÜNYA ADLI ŞEİRLƏR TOPLUSU NƏŞR OLUNUB

“DALĞINA TOR QURAN DÜNYA” ADLI ŞEİRLƏR TOPLUSU NƏŞR OLUNUB

“DALĞINA TOR QURAN DÜNYA” ADLI ŞEİRLƏR TOPLUSU NƏŞR OLUNUB

 

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidentinin xidmətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zümrüd Mənsimovanın tərtib və toplama materialları əsasında aşıq Cahangir Dalğının “Dalğına tor quran dünya” adlı şeirlər toplusu nəşr olunub.

 

Azərbaycan Aşıqlar Birliyinin qərarı ilə işıq üzü görən kitabın elmi məsləhətçisi Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı, redaktoru filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədovdur.

 

Dəyərli toplama əsəri olan “Dalğına tor quran dünya” Zaqatala aşıq mühitinin tanınmış simalarından olan Cahangir Dalğının yaradıcılığının əvəzsiz nümunələrini özündə əks etdirir.

 

Qeyd edək ki, Bəhmənli kəndinin Zaqatala aşıq mühitində özünəməxsus yer tutur. Belə ki, adıçəkilən aşıq mühitinin önəmli simaları – Aşıq Məhəmməd, Aşıq Cuma, Aşıq Mədət, Aşıq Səaddəddin Bəhmənli kəndində anadan olub, yaşayıb-yaradıblar.

 

Dosent Zümrüd Mənsimovanın kitabın ön sözündə vurğuladığı kimi, klassik xalq dastanlarımızı dərindən bilən aşıq Cahangir şeirlərini “Şəms”, “Dalğın”, “Coşğun”, “Qəmgin”, “Tənhalı”, “Cahangir” kimi təxəllüslərlə “Zaqatala” və “Şəlalə” qəzetlərində dərc etdirib.

 

Kitabda aşığın gəraylıları, qoşmaları, təcnisləri, qəzəlləri, divaniləri, müxəmməsləri, həmçinin müxtəlif yarımçıq şeirləri toplanıb.

 

Əsrarəngiz vətən təbiətinin təsviri aşıq Dalğın yaradıcılığını daha da zənginləşdirib, ona füsunkar çalarlar bəxş edib. Aşıq təbiət gözəlliklərini insan ruhu ilə sıx əlaqədə tərənnüm edir.
Z.Mənsimovanın fikrincə, Cahangir Dalğının təcnisləri ideya, bədii təsvir vasitələrinin, eləcə də məcazlar sisteminin zənginliyi ilə xüsusi diqqət çəkir.

 

Qeyd edək ki, aşıq Cahangir Dalğının həyat yolu, acı taleyi, yaradıcılığının bəzi qiymətli inciləri daha əvvəl dosent Z.Mənsimovanın “Zaqatala aşıqları”, “Zaqatala folklor örnəkləri”, həmçinin “Zaqatala aşıq mühiti” monoqrafiyalarında da yer alıb.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]