"Azərbaycan 500 ASAN Startap Proqramı"nın iştirakçılarına sertifikatlar verilib - FOTO

"Azərbaycan 500 ASAN Startap Proqramı"nın iştirakçılarına sertifikatlar verilib - FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin  təşkilatçılığı və “PAŞA Holdinq”in baş sponsorluğu ilə həyata keçirilən “Azərbaycan 500 ASAN Startap Proqramı”nın yekun mərhələsinə keçmiş 10 startap komandasının üzvlərinə sertifikatların təqdim olunması mərasimi keçirilib.
 

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev, “PAŞA Holdinq”in baş icraçı direktoru Cəlal Qasımov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov, digər ekosistem nümayəndələri, həmçinin “Tinyworks”, “Uniquality”, “Medicall”, “Skaut”, “Taskilled”, “ReTripStore”, “Rihand”, “Talant.az”, “E-Book platform” və “QMS” startaplarının komanda üzvləri iştirak ediblər.
 

Tədbir zamanı “Azərbaycan 500 ASAN Startap Proqramı”nın gedişatı ilə bağlı məlumat verilərək bu proqramın reallaşması ilə ölkəmizdə 10 prototip mərhələsində olan startap layihəsinin yaradılması və onların qlobal şəbəkə ilə əlaqələndirilməsinin təmin olunduğu qeyd olunub. Həmçinin ölkəmizdə startap və innovasiya ekosisteminin inkişafının əhəmiyyəti və bu istiqamətdə Dövlət Agentliyinin rolu barədə danışılıb.
 

Görüşdə  iştirakçıların öz startaplarının bundan sonrakı fəaliyyəti ilə bağlı fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.
 

Sonra “Azərbaycan 500 ASAN Startap Proqramı”nın yekun mərhələsinə keçmiş 10 startap komandasının üzvlərinə sertifikatlar təqdim olunub.
 

Xatırladaq ki, 24 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə “500 Startups” şirkəti arasında əməkdaşlığa dair memorandum və Azərbaycanda startapların inkişafı üzrə proqramların həyata keçirilməsi ilə bağlı müqavilə imzalanıb.
 

5 fevral 2021-ci il tarixindən start verilmiş “Azərbaycan 500 ASAN Startap Proqramı”ına qoşulmaq üçün qeydiyyatdan keçən 1268 iştirakçı arasından tələb olunan bütün meyarlara uyğun 367 iştirakçı seçilib. İlkin mərhələni uğurla başa vuran 53 iştirakçıdan ibarət 18 komanda yaradılıb. Sonrakı mərhələdə 10 komanda (27 iştirakçı) seçilərək proqramın qalan mərhələlərində iştirak edib. Proqramın icrası "500 Startups" şirkəti tərəfindən həyata keçirilib və təlimlər şirkətin beynəlxalq mentorları tərəfindən aparılıb.
 

9 sentyabr 2021-ci il tarixində keçirilən yekun təqdimat tədbirində (Final Showcase)  proqramı müvəffəqiyyətlə başa vuran 10 startap komandası layihələrini geniş ictimaiyyətə və potensial investorlara təqdim edib.
 

“Azərbaycan 500 ASAN Startap Proqramı”nın məqsədi ölkəmizdə potensial startap qurucuları arasında innovativ sahibkarlığa həvəs və implus yaratmağa kömək etmək, yeni startapların qurulmasını sürətləndirmək idi

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]