Bakıda Nizami Gəncəvinin 880 illiyinə həsr olunan işıq festifalı keçirilir - FOTO

Bakıda Nizami Gəncəvinin 880 illiyinə həsr olunan işıq festifalı keçirilir - FOTO

2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyinin tamam olması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2021-ci il tarixli 2408 nömrəli Sərəncamına əsasən cari il “Nizami Gəncəvi İli” elan edilib.
 

Bu çərçivədə respublikamızda və ölkə xaricində keçirilən mədəni tədbirlər sırasında bu gün baş tutan “İşıq festivalı. Nizami Gəncəvi” adlı audiovizual layihə xüsusi önəm daşıyır. Festival cəmiyyətdə Nizami Gəncəvinin zəngin poetik, fəlsəfi-ictimai irsinin öyrənilməsi, qorunması və gələcək nəsillərə çatdırılması üçün daha böyük ictimai marağın cəlb edilməsi məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və bir sıra dövlət qurumlarının dəstəyi ilə ərsəyə gəlib.
 

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərən ölməz əsərlərinin yer aldığı “Xəmsə”sinin motivləri üzrə çəkilmiş miniatürlərin Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin fasadında xüsusi formatda canlandırılması ilə Bakı şəhərində möhtəşəm bir mənzərəyə şahidlik edildi.
 

Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov, Mədəniyyət Nazirliyinin əməkdaşları, bir sıra dövlət qurumlarının və Azərbaycandakı diplomatik korpusun nümayəndələri iştirak etdi.
 

Festivalın əsas məqsədlərindən biri xarici ölkələrin məşhur kitabxana, muzey və arxivlərində, o cümlədən Rusiya Milli Kitabxanası, Topqapı Saray Muzeyi Kitabxanası, Kembric Universiteti Fitzuilyam Muzeyi, Harvard İncəsənət Muzeyində qorunub saxlanılan “Xəmsə” motivli  miniatürlər vasitəsilə öz zənginliyi, fəlsəfi məna dərinliyi ilə dünya ədəbiyyatında əhəmiyyətli yerə malik, ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik Nizami yaradıcılığını vizual təsvirlərdə əks etdirərək dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.
 

3D audiovizual proyeksiya formatında baş tutan bu festival növbəti 2 gün boyunca - 15 və 16 oktyabr tarixində axşam saatlarında 20:00-dan 00:00-dək davam edəcəkdir.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]