Sumqayıt Dövlət Dram Teatrı mövsümünün açılışını edib +FOTO=17

Sumqayıt Dövlət Dram Teatrı mövsümünün açılışını edib +FOTO=17

Sumqayıt Dövlət Dram Teatrı mövsümünün açılışını edib  +FOTO=17

 

Sumqayıt Dövlət Dram Teatrı 53-cü mövsümünün açılışını 16 oktyabr tarixində monotamaşa ilə reallaşdırdı. Gənc yazar, cəmiyyətin mənəvi-sosial problemlərini ustalıqla bədii yazıya köçürə bilən Ülviyyə Heydərovanın “Uşaqlıq” əsəri teatrın baş rejissoru Xalq artisti Firudin Məhərrəmovun traktovkasında canlı teatr üçün darıxmış sumqayıtlılara və paytaxtdan gəlmiş teatrsevərlərə təqdim olundu.

 

Öncə teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov çıxış edərək hər kəsi teatrların fəaliyyətinin bərpa olunması, həmçinin 53-cu teatr mövsümünün açılışı münasibətilə təbrik etdi. Direktor növbəti mövsümdə daha maraqlı, aktual mövzuların yer aldığı layihələrin olacağını bildirdi.
Tamaşanın quruluşçu rejissoru, Xalq artisti Firudin Məhərrəmov səhnə əsərinin ərsəyə gəlməsi prosesindən məqamları xatırlatdı.

 

“Uşaqlıq” monotamaşası hər kəsi əyləndirən, güldürən bir sirk artistinin, klounun problemlər içində çabalayan faciəvi yaşantılarına həsr olunub. Uşaq evində min bir əziyyət və təzyiq altında böyümüş, indi də bətnindəki körpənin ona yaradacağı çarəsiz durumun dəhşətindən vahimələnən gənc qadının iztirabları, psixoloji acıları istedadlı aktrisa İlahə Səfərova tərəfindən məharətlə çatdırılır. Tamaşa ərzində müxtəlif hislər klounun ağlayan və gülən simasında real rənglərlə verilir.

 

Quruluşçu rejissor tamaşanın başlanğıcı ilə finalını sanki bir fəlsəfi yozumda birləşdirib. . Doğuluş-ölüm məsafəsi əslində zaman-məkan təsnifatını arxa plana keçirməklə əsas ideyanı bəyan edir. Hadisələr dövr edir və başlanğıca qayıdır. Kloun rəmzi olaraq ölmüş valideynlərinin arasında xəyalən çəkdiyi şəklə dönür... Və oradan yenidən həyata gəlmək istəyir, amma öncə insanlara mesaj ötürür, qlobusu birbaşa tamaşaçılara atır, “alın bu dünyamızı dəyişin” söyləyir.

 

Tamaşa alqışlarla qarşılandı. Qeyd edək ki, bədii tərtibat və musiqi seçimi də çox uğurludur. Səhnə əsərinin quruluşçu rəssamı Elşən Sərxanoğludur.

 

Yazıçı Almaz Bəyazid tamaşada qoyulan bəşəri problemin mükəmməl rejissor yozumundan danışdı, əməyi olan hər kəsi təbrik etdi.

 

Maraqlı səhnə əsərindən sonra müəllif onun düşüncələrinin, yazı üslubunun dürüst səhnə həllini tapmış quruluşçu rejissora, qəhrəmanın dramatik-psixoloji vəziyyətini ustalıqla canlandıran gənc aktrisa İlahə Səfərovaya, tamaşaçılara minnətdarlığını bildirdi və Sumqayıt Dövlət Dram Teatrının yaradıcı heyəti ilə əməkdaşlıqdan məmnun olduğunu bildirdi.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]